“Milli Şura prioritet qurum olduğuna görə hesab edirəm ki, İctimai Palatanın paralel struktur kimi saxlanılmasına zərurət yoxdur. Çünki ictimai palatanın bir vaxtlar başladığı missiyanı indiki halda Milli Şura həyata keçirir”. Bunu Modern.az AXCP sədrinin müavini, İctimai Palata üzvü Fuad Qəhrəmanlı deyib. F. Qəhrəmanlının sözlərinə görə, Milli Şura müxalifətin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının daha geniş əməkdaşlıq formatı kimi fəaliyyət göstərir. “Üstəlik, Milli Şura daha geniş təmsilçilik formatına malikdir. İctimai Palatada təmsil olunan istər siyasi qurumlar, istərsə də vətəndaş cəmiyyəti institutları Milli Şurada da təmsil olunurlar. Amma Milli Şuranın formatı daha genişdir. Milli Şura prezident seçkiləri kampaniyasında özünü uğurlu bir format kimi sınaqdan çıxardı. Seçkidə səslərin böyük əksəriyyəti Milli Şuranın namizədi Cəmil Həsənliyə verildi. Milli Şura seçki prosesini faktiki olaraq uddu. Sadəcə seçki saxtalaşdırıldığından hüquqi qələbəyə çevirmək olmadı. Bununla belə, indiki halda prioritet məsələ Milli Şuranın gücləndirilməsi və əldə olunmuş nəticələrin uğrunda mübarizənin davam etdirilməsidir”.
Qeyd edək ki, ilk olaraq Azərbaycan Xalq Partiyasının sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn İctimai Palatanın buraxılmasını təklif edib.
Namidə BİNGÖL