Azərbaycanda keçiriləcək Beynəlxalq “Səhiyyə” (“BIHE”) sərgisinin tarixi dəyişdirilib. Belə ki, daha əvvəl sentyabr ayına planlaşdırılan “BIHE 2013” sərgisi 31 oktyabr - 2 noyabr aralığında baş tutacaq.
Modern.az xəbər verir ki, tibb və səhiyyə sahəsində regionun yeganə ixtisaslaşdırılmış tədbiri olan “BIHE” sərgisi hökumət təşkilatlarının nümayəndələri, tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, təcrübə keçən həkimlər və tibb sənayesi mütəxəssislərinin mühüm görüş meydançasına çevrilib. “BIHE” sərgisinin əhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“AZPROMO”), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənməsi sərginin yüksək statusunu sübut edir. Sərgiyə həm xarici, həm də yerli şirkət və təşkilatların göstərdikləri maraq artıq hazırkı mərhələdə sərgi ekspozisiyasının ötən il ilə müqayisədə 20% artacağını proqnozlaşdırmağa imkan verir. “BIHE” sərgisi ənənəvi olaraq tibbi məhsul və xidmətlərin geniş spektrini təqdim edir: tibb və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istifadə (sərfiyyat) materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnologiyalı diaqnostika və müalicə metodları, səmərəli texnologiya və xidmətlər, tibbi texnika və s. “BIHE” sərgisinə paralel olaraq, həmin tarixlərdə daha iki tədbir - 8-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” sərgisi və “Beauty Azerbaijan 2013” 7-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” sərgisi keçiriləcək. Builki sərgidə Azərbaycan, Belarus, Almaniya, Türkiyə, ABŞ, İtaliya, Rusiya, Ukrayna və digər ölkələrdən olan şirkətlər iştirak edirlər. Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin təşəbbüsü ilə sərgiyə qoşulan Çexiya ilk dəfə olaraq öz milli ekspozisiyası ilə çıxış edəcək. Türkiyənin klinikaları bu il növbəti dəfə sərgidə iştirak edirlər. “BIHE” sərgisində ilk dəfə olaraq, dünyanın hər bir yerindən klinika və müalicə-profilaktika müəssisələrini özündə birləşdirən “Tibbi turizm” sektoru fəaliyyətə başlayır. Sərgi çərçivəsində “Tibbi turizm” sektoru Ümumdünya Tibbi Turizm Assosiasiyası (“Global Healthcare Travel Council”, GHTC) və Türkiyə Tibbi Turizm Assosiasiyasının (“Turkish Healthcare Travel Council”, THTC) dəstəyi ilə təşkil olunub. Dünyanın 17 ölkəsindən (Avstriya, Azərbaycan, Belarus, Macarıstan, İran, İtaliya, İordaniya, Qazaxıstan, Türkiyə, BƏƏ və s.) 100 şirkət, sərginin iştirakçıları arasında Azərbaycanın “Alba Group”, “Keşəli, “Labservis”, “Medeks”, “Nabucco”, “Caspident”, “Saf-Med” kimi aparıcı şirkətləri var. Sərgi çərçivəsində bu şirkətlər ultrasəs müayinəsi və kompyuter tomoqrafiyası aparatları, rentgen aparatları, respirasiya avadanlıqları, lazer terapiyası aparatları, cərrahiyə alətləri və laboratoriya texnologiyalarını / avadanlıqlarını, habelə stomatoloji materiallar, avadanlıqlar, implantlar və digər məhsulları təqdim edəcəklər.Gültəkin ƏLƏSGƏR