Modern.az

Rəsul Quliyev Müsavat funksionerini “cırtdan” adlandırdı

Rəsul Quliyev Müsavat funksionerini “cırtdan” adlandırdı

Təhsil

21 Oktyabr 2013, 17:52

“Heç bir partiya yaratmaq fikrində deyiləm”. Bunu Modern.az-a açıqlamasında hazırda mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev deyib. Milli Məclisin keçmiş sədri bildirib ki, siyasi fəaliyyətini əsla dayandırmayacaq.

“Siyasi fəaliyyətimin ilk günündən Azərbaycanda demokratiyanın bərpası və insanların konstitusion hüquqlarının bərpası uğrunda mübarizə aparıram. Uğrunda mübarizə aparılan problem öz həllini tapmayana qədər bu işim davam etdiriləcək”.

R.Quliyev həmişəki kimi müxalifət düşərgəsini ittiham edib: “Sadəcə olaraq heç bir perspektivi olmayan, zorla siyasətdə ilişib qalmaq istəyən 20 illik liderlərlə hər hansı iş birliyi qurmaq fikrim yoxdur. Bu adamlar iki il idi ki, İctimai Palatanın adından danışırdılar, indi də Milli Şura  adından çıxışlar edirlər. Vaxtilə İctimai Palata deyiləndə AXCP və Müsavat nəzərdə tutulurdu. İndi həmin partiyalar Milli Şura adından qərar verirlər. İş o yerə gəlib çatıb ki, Müsavatın bəzi dəyərsiz funksionerləri iclassız, qərarsız kimlərisə Milli Şuradan çıxaracağını deyirlər”.

Bu sözləri ilə R.Quliyev Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının bostanına daş atıb. Belə ki, A. Hacılı mediaya açıqlamasında “Son illər Rəsul Quliyevin açıqlamaları, bundan başqa onun ölkənin ictimai-siyasi mühitinə təsir etmək imkanının olmaması mənə əsas verir ki, bu barədə o qədər də çox danışmayam”, – deyib.

“Özlərini seçki vaxtı yaxşı aparmayıblar, ona görə də Mili Şuradan getməlidirlər. Nə qədər ki, bu “cırtdanlar özlərini div sayacaqlar, Azərbaycanın vəziyyəti bir o qədər fəna olacaq. Müəyyən yazılara rast gəlirəm. Ümumiyyətlə, kiminsə hər hansı fikrinə münasibət bildirmək üçün ilk növbədə onun kim olduğu və indiyə qədər hansı həyat yolu keçdiyini bilməliyəm. 50 yaşa çatan və bir gün belə faydalı heç bir işlə məşğul olmayan bir şəxsin fikrinə münasibət bildirməyi isə düzgün hesab etmirəm”, – deyə eks-spiker A.Hacılını nəzərdə tutaraq bildirib.

Qeyd edək ki, R. Quliyevin Açıq Cəmiyyət Partiyası liderliyindən istefa verməsini onun siyasətdən çəkilməsi kimi dəyərləndirənlər vardı. “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şura üzvü Eldəniz Quliyev isə R. Quliyevin qurumdan istefasını onun yeni partiya yaratmaq cəhdi ilə əlaqələndirdi.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat