Modern.az

Milli Məclisin deputatı: "Şərqdə cinsi yetişkənlik Avropaya nisbətən daha tez baş verir”.

Milli Məclisin deputatı: "Şərqdə cinsi yetişkənlik Avropaya nisbətən daha tez baş verir”.

29 Aprel 2010, 15:45

Aprelin 29-da Mili Məclisin Sosial siyasət komitəsinin təşəbbüsü ilə ictimai dinləmələr keçirilib. Modern.az xəbər verir ki, müzakirəyə çıxarılan mövzular birinci istiqamət üzrə ailə, qadın və uşaq problemləri, Ailə Məcəlləsi, nikaha girənlərin tibbi müayinəsinin zəruriliyi, reprodiktiv sağlamlıq və ailə planlaşdırılması, ailə həkimi, hemofiliya və talassemiya, gənc ailələrin sosial müdafiəsi ilə bağlı olub. İkinci istiqamətə aid olan məsələlər isə Qarabağ müharibəsi iştirakçılarının sosial müdafiəsinin daha da gücləndirilməsi, şəhid ailələrinə edilən güzəştlər, sosial müavinətlər, ünvanlı sosial yardımla bağlı idi.

Üçüncü istiqamət üzrə isə müzakirə olunan məsələ sığorta pensiya sistemi, realıqlar və problemlərlə bağlı olub.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, müzakirəyə çıxarılan məsələlər sosial sifarişdir.

Professor Azad Kərimov bildirib ki, Azərbaycanda son illər insanlar nikaha girməmişdən əvvəl müayinə olunmurlar: “Bu son vaxtlar ciddi fəsadlar yaradır. Alimlərin hesablamalarına görə, 45 il belə getsə, onda Azərbaycanda 16 minə yaxın qan çatışmazlığı olan xəstələr olacaq. Hazırda  Azərbaycanda 1000-dən artıq qan xəstəliyi daşıyıcısı var. Biz nikahdan öncə tibbi müayinəni məcburi tətbiq etməsək, ciddi fəsadlar törənəcək. Məsələ ondan ibarətdir ki, bu xəstəliklərin daşıyıcıları ömür boyu sağalmırlar. Ən yaxşı halda onların ömürlərini uzatmaq olur. Bir xəstənin müalicəsi üçün hər il dövlət tərəfindən 10 min manat xərc çəkilir”. A.Kərimov qan daşıyıcısı olan xəstələriin müalicəsi üçün Heydər Əliyev Fondunun böyük əhəmiyyətli işlər gördüyünü deyib. “Fond bu sahədə ciddi işlər görür. Əsas istiqaməti maarifləndirmə məsələsinə yönləndirməliyik. İnsanlar cəmiyyətə sağlam uşaq bəxş etməlidirlər”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva erkən nikahlarla bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, son 5 il ərzində erkən nikaha girənlər 14 faiz artıb. “Hətta belə məlumat var ki, regionlarda 11-13 yaşlı qızlar nikaha valideynlərinin təhriki ilə daxil olurlar. Komitə təkid edir ki, qanunvericilikdə belə valideynlərə qartşı məsuliyyət məsələsi müəyyən olunsun". A.Sofiyeva deyib ki, qızların nikah yaşları 17-dən 18-ə qaldırılmalıdır. “Əfqanıstanda, İranda,  Pakistanda 17 yaş qızlar üçün nikah yaşıdır. Digər ölkələr buna getmir. Nigahdan əvvəl tibbi müayinə də vacibdir. Fransa, Ukrayna, Türkiyədə belə təcrübə var”. YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, yuxarı sinif hədlərində uşaqların tibbi müayinəsinə ehtiyac var. “Bu məsələ ilə bağlı bir çox regionlarda görüşlər keçirmişik. Konkret olaraq Sabirabad, Salyan, İmişli zonasında erkən nikah halları dəhşətli dərəcədə müşahidə olunur. Bunun qarşısını almaq lazımdır”. Tanınmış modelyer Fəxriyyə Xələfova hesab edir ki, sağlamlığımızı da dəbə salmalıyıq: “Biz sağlamlığımızı dəbə salmalıyıq ki, insan “mən sağlamam” deyə bilsin. Bu sahədə ciddi işlər görülməlidir. Ona görə də dəbli davranış forması tətbiq etmək lazımdır. Bu məsələdə deputatların, tanınmış şəxslərin üzərinə böyük işlər düşür”.

”Ömür” Klimikasının baş həkimi Gülnarə Məmmədova deyib ki, erkən nikah halları əsasən sonsuzluğa gətirir. Millət vəkili Hadı Rəcəbli isə təklif edib ki, vətəndaşlar şəxsiyyət vəsiqəsi alanda onlardan qanı bir az çox almaq olar ki, bu da müayinə nəticəsində xəstəlikləri aşkara çıxarmağa imkan yaradar. Ədliyyə Nazirliyinin idarə rəisi  İlqar Məmmədov bildirib ki, şəxsiyyət vəsiqəsi verilərkən müəyyən qan xəstəliklərinin aşkar edilməsi nəzəri cəhətdən mümkün ola bilər, ancaq praktik cəhətdən bu mümükün deyil: “Şəxsiyyət vəsiqəsi alanda qanvermə zamanı xəstəyin aşkarlanması mümkün olmayan bir məsələdir”.

 

Deputat Musa Quliyev qızların nikah yaşının 18 yaşa qaldırılmasına belə münasibət bildirib: “Düzdü biz Avropanın müəyən təcrübəsini öyrənirik, ancaq onu da bilmək lazımdır ki, şərqdə cinsi yetişkənlik Avropaya nisbətən daha tez baş verir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı