Modern.az

Həyatını daşa borclu olanlar (fotolar)

Həyatını daşa borclu olanlar (fotolar)

30 Aprel 2010, 12:53

 

... “Bura mədəniyyətlərin beşiyidir, tarixin qovşağıdır, daşların danışdığı bir yerdir”. Avtobusda mikrofonla danışan gidin sözləri qulağa elə yaxşı yayılır ki. Əhməd bəy bizə Kapadokyanı anladır. Əslində, onun sözlərinə o qədər də diqqətlə qulaq asa bilmirəm. Çünki avtobusun pəncərəsindən görünən mənzərəyə heyranlıqla baxmamaq olmur.  

Kapadokyanı ilk dəfə Türkiyənin məşhur “Gümüş” serialında görmüşdüm. Elə o vaxtdan bu yer məni maraqlandırırdı. Qismət oldu, Türkiyə Qətetçilər Federasiyasının başqanlar koniseyinin toplantısı məhz bu möcüzəli yerdə təşkil olundu.

 

“Pəri bacaları”nı təbiət yaradıb

 

Sən demə, bu ərazini populyarlaşdıran, bütün dünyada tanınmış turizm mərkəzlərindən birinə çevirən elə buranın daşları imiş. Kapadokya özünün qəribə görünüşlü kiçik qayaları ilə tanınır. Türklər onlara “pəri bacaları” deyirlər. Bunlar başına sanki papaq keçirmiş balaca dik qayalardır. Onlar ərazidəki 3 dağın vulkan püskürməsindən formalaşıb. Nəticədə buradakı torpaqda yumşaq kül qatı yaranıb. Onun üstü isə bazalt təbəqəsi ilə örtülüb. Sonradan yağış və külək bazalt təbəqəsində çatlar yaradıb və yeri kiçik qayalara parçalayıb. Havanın gah soyuyub, gah qızması isə bacaların müxtəlif rəngə boyanasına ilə nəticələnib və onların papağını yaradıb. Beləliklə, görünməmiş gözəllikdə bir mənzərə yaranıb. İndi isə bacalar vadisində hər daş, hər qaya sanki öz dilində danışır. İstənilən daşın üstündəki təbii oymalara, onun rəngi və quruluşuna baxıb bacanın neçə əsr yaşı olduğunu, bu ərazidə nələr baş verdiyini bilmək mümkündür.

 

Kapadokya ərazi bölgüsünə görə Nevşehirə aiddir. Burada yaşayan insanlar isə öz yaşamlarını məhz “pəri bacalar”a borcludurlar. Yəni, sözün əsl  mənasında bu bölgədəkilərin əksəriyyətinin pulu daşdan çıxır. 

 

Daş kapadokyalıların həm evi, həm işidir

 

Əvvəla, ona görə ki, məhz bu cür təbii və tarixi gözəllik sayəsində yerli əhalinin əksəriyyəti iş yeri qazanıb. Yay-qış, mövsümdən asılı olmayaraq turistlərlə dolu olan bu məkanda xeyli xidmət mərkəzləri yaradılıb.

 

Digər tərəfdən,  “pəri bacaları” burdakıların həm də evlərinə çevrilib. 19-cu əsrdən etibarən bölgədəki insanlar qayalıqların içində özlərinə yuva qurublar. İçəridəki daş vulkanik ocaqdan çıxdığı üçün çox yumşaq olub və inşaat üçün ideal material sayılıb. Bu daş çöldən hava və su ilə təmasın sayəsində sərtləşib. Bu da evlərin dayanıqlı olmasına gətirib çıxarıb. Demək olar ki,

burdakı insanlar ev tikmək üçün yalnız daşdan istifadə ediblər – qayanı oyub içində yaşayıblar.

 

Yay-qış qayaların içində eyni temperaturdur

 

Bununla yanaşı, nevşehirlilər “pəri bacaları”nın digər xüsusiyyətindən də yararlanırlar. Belə ki, Kapadokyadakı qayalıqların, kiçik dağların və “pəri baca”larının daxilində həmişə sabit temperatur olur: +12 dərəcə. Çöldə hansı ay, hansı hava olursa olsun, daşların içində temperatur dəyişmir. Məhz bu amil də bacalardan ev kimi yararlanmaqda yerli sakinlərə kömək edib. Dəyişməz temperaturu olan evlərdə yaşamaq onlar üçün çox rahat olub. Bundan əlavə, qayalıqlardan həm də təbii anbar, müasir soyuducunu əvəz edən ərzaq saxlama yeri kimi də istifadə olunub.

 

Təbii anbarlarda nə istəsən saxlanılır

 

Elə indi də kapadokyalılar təbiətin onlara bəxş etdiyi bu möcüzədən gen-bol yararlanırlar. Məhz temperatur amilindən istifadə edərək Kapadokyada iri anbarlar yaradılıb. Yaradılıb deyəndə ki, heç nə düzəltməyə ehtiyac yoxdur. Elə qədim zamanlardan içi yonulmuş qayalara ərzaq yığıb saxlayırlar. Deyirlər ki, hazırda Türkiyənin ən böyük limon saxlama deposu Kapadokyadır. Özü də təbii depo.

 

Kapadokyada fəaliyyət göstərən Şərab zavodunun da bu baxımdan işi rahatdır. Orada bizə dedilər ki, istehsal etdikləri şərabları elə yerli qayaların içində saxlayırlar. Bu qayanı insanlar əl ilə 27 il ərzində ehtiyatla oyublar. Sonra da orada şərab saxlamağa başlayıblar. İndi bu anbarda şərabları lazımi qaydada saxlamaq üçün heç bir vasitədən – soyuducu, hansısa elektrik cihazından-filandan istifadə olunmur. Sadəcə, şərab şüşələrini stabil temperaturu olan qaya-deponun içinə yığırlar.

 

Yerin altı da şəhər, üstü də

 

Kapadokya özünün yeraltı şəhərləri ilə də məşhurdur. Belə ki, burdakı qayalardan bir neçəsində ədim sakinlər əsl istehkam yaradıblar. Müharibə olanda, düşmənlər şəhəri mühasirəyə alanda yerli sakinlər hamısı həmin qaynın içində, yerin altında yaşayırlarmış. Bir neçə qayanın içində saysız-hesabsız tunellər, otaqlar, yataq və ibadət yerləri, ərzaq və şərab saxlanma dolabları yaradılıb. Burada o qədər azuqə yığılırmış ki, 3 min nəfər insan rahatlıqla aylarla burda qala bilərmiş. O vaxta qədər də, yerli insanlara kömək gəlib çıxar və onlar yorulub əldən düşmüş, ac qalan düşmən ordularına qarşı birgə vuruşub qələbə çalarlarmış. İndinin özündə yeraltı şəhərdəki  tunellərin yalnız 10 faizi turistlərin üzünə açıqdır. Çünki bir neçə dəfə oyma qayanın içindəki dolanbaclarda turistlər itib yolu azıblarmış.

 

Tarixi abidələrinə çox diqqət və hörmətlə yanaşan kapadokyalılar hətta burada Açıq Hava Muzeyi də düzəldiblər. Daha bölgənin müxtəlif vadilərini bir-bir gəzməyə ehtiyac qalmır. Elə muzey adlanan geniş bir ərazidəki “pəri bacaları”nı, qayaları gəzib içindəki yazılar, kilsələr və məscidlərlə tanış olmaq mümkündür.

 

“Asmalı konak” da burada çəkilib

 

Kapadokya təkcə qəribə görünüşlü daşları ilə məşhur deyil, həm də özünəməxsus arxitekturalı binaları ilə bütün ölkədə tanınır. Təsadüfi deyil ki, yerli filmlərin yaradıcıları tez-tez bu bölgəyə istinad edirlər. Yuxarıda qeyd etdiyim kimi, “Gümüş”lə yanaşı, ən populyar seriallardan biri olan “Asmalı konak” da burada çəkilib. Bütün bunlar daşın insan həyatında necə önəmli rol oynadığının göstərici ola bilər.

 

Dünyanın hər yerindən jurnalistlər gəldiyini nəzərə alaraq, bizim səfərin təşkilatçıları adi yemək yerlərini də xüsusi seçmişdilər. Qonaqları hər dəfə yalnız tarixi əhəmiyyəti olan restoranlar, qədim dövrü tanıdan şəkillərlə zəngin yeməkxanalara aparırdılar. Vida gecəsi isə yenə də Kapadokya qayalarının içində olan restoranlardan birində təşkil olunmuşdu. Bu yer bizim “tanınmış restoran” anlayışımızdan çox-ox fərqlənirdi. Heç bir dəbdəbə, mərmər, bahalı dizayn işlənməyən, yalnız ortaya bir kilim salınan iri qayanın içi. Bir neçə saat burada dincələnlərə türk kültürünü anladan bütün rəqslər- Səmavi rəqslərdən tutmuş oriyentala kimi hər bir şey nümayiş etdirildi.

 

Azərbaycana gələnlərə nəyi göstəririk?

 

Bunları yazmaqda məqsədim yalnız Kapadokyanı tərifləmək, onsuz da turist sayından qıtlıq çəkməyən Türkiyəyə marağı artırmaqdan ibarət deyil. Çox istərdim ki, nə vaxtsa əcnəbi jurnalistlərdən biri Bakıdakı abidələrimiz, Azərbaycanın bölgələrindəki tarixi yerləri haqqında da belə yazı hazırlasın. Təbii, bizə də gələnlər var, Qobustandakı neçə əsrlik yaddaşı saxlayan qayaüstü rəsmləri, İçərişəhərdəki binaları, məscidləri, gözəl memarlıq nümunəsi sayılan binalarımızı rəğbətlə izləyib böyük təəssüratlarla geri qayıdanlar var. Amma...

 

Amması odur ki, bizdə tarixi abidələrimizə yetərincə diqqət və qayğı göstərilmir, onların qorunması üçün, bütün dünyaya təqdim edilməsi, həm də ölkəyə turistlərin cəlb edilməsi üçün lazımi qədər çalışma aparılmır. Bəlkə də belə deyil. Bəlkə də Kapadokyada  gəzdiyimiz kimi Qobustana da oxşar turlar təşkil olunur, bəlkə orda da turistlər hansısa qayaüstü rəsmi görmək üçün növbə gözləməli olur. Bəlkə bizdə də tarixi binaların əsrlər əvvəl olduğu formada qalması üçün çalışıb-vuruşurlar, onları asfalt qaşıyan cihazlarla yox, əllə yonub bərpa edirlər.

 

Hər bir daşımızı sevək!

 

Bəlkə də Azərbaycanda xaricdən bizi görüb-tanımaq üçün gələnlərə yalnız pul mənbəyi kimi baxmır, onlara ölkəmiz haqqında mümkün qədər çox məlumat verir, Azərbaycan haqda təəssüratlarını gücləndirmək üçün dəridən-qabıqdan çıxırlar. Ola bilər bizim bölgələrdə də təbiətin ən gözəl mənzərəli yerlərində, qayaların üstündə yemək-içmək yerləri yox, açıq hava muzeyləri yaradılır, bilmirəm. Heç rayonlarımızı demirəm, güman ki,  Bakının göbəyində yerləşən Qız qalasında da gidlər bu abidənin tarixi haqqında həddən artıq maraqlı məlumatlar verirlər. Yəqin bizdə də turistlər məşhur “Arşın mal alan”ın çəkildiyi Mərdəkandakı Nəbatat bağına gedəndə orda göyə çıxan kabab iyini yox, burdakı tarixi daşların onlara pıçıldadığı sözləri hiss edirlər. 

Bəlkələr və yəqinlər çox ola bilər. Hələliksə mənim daha çox gördüyüm odur ki, Azərbaycana gələn xarici jurnalistləri heç də tarixi önəm daşıyan yerlərə yox, yaxşı yeyib-içmək yerlərinə aparırlar, ən tanınmış və bahalı restoranları gəzdirirlər, bəs deyincə içdirib bununla fəxr edirlər. Məncə onları tək Şəhidlər Xiyabanı və uzağı Qubadakı kütləvi məzarlığa aparmaqla vəzifəmizi bitmiş hesab etməməliyik.

Vətənimizin hər qarış torpağını, hər bir daşını sevib-qoruduğumuzu əvvəlcə özümüzə, sonra da onlara nümayiş etdirməliyik.

 

Fərəh SABİRQIZI

 

Yazı “Azercell Telekom” MMC-nin “Daş - bizi qədimdən bu günə qədər daşıyan vasitədir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər