Modern.az

Telejurnalist Mir Şahin Ağayevin 50 yaşı tamam olub

Telejurnalist Mir Şahin Ağayevin 50 yaşı tamam olub

Media

12 Noyabr 2013, 09:47

Modern.az xəbər verir ki, noyabrın 12-də ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayevin 50 yaşı tamam olub.
Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Pirembel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Tanınmış müharibə reportyorudur. Azərbaycanın ən məlumatlı jurnalisti və publisistlərindən biri kimi tanınır.

1992-2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) baş redaktoru olub.
Hazırda ANS Şirkətlər Qrupunun vitse-prezidenti

2 dəfə evlənmiş Mir Şahin iki oğul bir qız atasıdır . Sonuncu dəfə 2011-ci ilin avqustunda ANS-in "İç Xəbər" proqramının aparıcısı Səbinə Heydərova ilə ailə həyatı qurub. Bu evliliyindən Aysan adlı qızı var.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yaxın dostu və mübarizə yoldaşı Mir Şahin Ağayevi təbrik edib:

Mirşahinin 50 yaşı tamam olur! Bu günün sevinci və hissləri onun Anası və Atasına məxsusdur. Fürsətdən istifadə edib onları təbrik edirəm və onlara can sağlığı arzulayıram - dünyada ən sevdiyim adamlardandır onlar!!!

Mənim üçün Mirşahinin 23 yaşı var! Mən onunla 1990-ci ildə 20 yanvar hadisəsindən sonra tanış olmuşam. Mənim üçün o hələ gənc və dinamik oğlandır! Cavandır, Əfqandır! Və Əfqan olaraq bütün ömrünü qələmlə (son vaxtlar kompüterlə) silahlanıb müxtəlif döyüşlərdə keçirən Cəngavərdir.

Bu cür yazılarda əsasən nəyisə xatırlamaq lazımdır, amma mən bunu etməyəcəm… Birincisi, bu çox şəxsi və əzizdir, ikincisi xatırlama sözündə mənim xoşuma gəlməyən bir nostalgiya var - o da Mirşahinə yaraşmır.

Çox maraqlıdır, həmişə onun adını - Mirşahin sözünü mən birlikdə və böyük hərflə yazmişam… Lakin dünən hansısa sənədi hazırlayanda niyəsə özündən soruşdum: “Qardaş, adın bir sözlə yazılır yoxsa iki sözlə?” Nə iləsə məşğul idi, dodağının altından dedi: “İki söz”. Birdən anladım ki, bütün bu müddət, 23 il ərzində nə boyda yanlışın sahibi olmuşam!

Düz deyir! Mir - onun Qədim və Mübarək köklərindən, Şahin isə onun zamandan aslı olmayan Azadlığı və Ucalığından bəhs edir.

Düzdür! Mir Şahin - iki sözdür, ikisi də böyük hərflə! Belə yazmaq lazımdır!


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi