Modern.az

Deputadan Mir Şahin Ağayevə təbrik: “Allah ona bir də müharibədən yazmaq qismət eləsin”

Deputadan Mir Şahin Ağayevə təbrik: “Allah ona bir də müharibədən yazmaq qismət eləsin”

Media

12 Noyabr 2013, 11:50

Bu gün jurnalistikada öz dəsti-xətti ilə seçilən Mir Şahin Ağayevin doğum günüdür, onun 50 yaşı tamam olub. Millət vəkili Zahid Oruc məşhur jurnalistlə bağlı öz fikirlərini Modern.az-la bölüşdü:

- Ənənəvi jurnalistikanın qəlibləri öz-özünə sına bilməzdi. Müstəqilliyin qazanılması, yeni dövrün mənzərəsinin formalaşması, həmçinin Azərbaycanın məruz qaldığı müharibə məhz yeni jurnalistikanın qələmi və kamerası ilə yazıldı. Burada mühüm yeri və kifayət qədər böyük siması və ciddi obrazı olan şəxslərdən biridir Mir Şahin Ağayev. Belə hesab edirəm ki, o təkcə müasir jurnalistikanın simalarından deyil, eyni zamanda özünün dəsti-xətti, üslubu, məktəbi olan bir insandır. Və bütün parametrləri üzrə onu xarakterizə edən elementləri sadalamalı olsaq, onlar təxminən sözdən mənzərə yaratmaq qabiliyyəti, yüzillərdir qoyulan fiqurlar üzərində hər dəfə yeni gedişlər etməyi bacarmaq və s.-dir.

Azərbaycanın müstəqillik dövründə Qarabağ müharibəsi, problemi ANS epopeyası iki şəxsin – Vahid Mustafayev və Mir Şahin Ağayevin adı ilə bağlıdır. Şübhəsiz, bu gün tariximizə müraciət edəndə, onun qiymətləndirilməsi ilə məşğul olanda biz, mütləq olaraq həmin insanların zəhmətindən, yaradıcılığından faydalanırıq. Bu o deməkdir ki, Mir Şahin tarix yaradıcılığı prosesində də iştirak edib. Bunlar sadəcə onun yubileyinə yönəlik sözlər deyil, obyektiv qiymətləndirmə ilə məşğul olsaq, belə söyləməliyik.
Mir Şahin Ağayev eyni zamanda mənim üçün sözün həqiqi mənasında fərqli və orijinal bir insandır. Onun hər dəfə təəccübləndirmək bacarığı kifayət qədər yüksəkdir. Bu gün regional və beynəlxalq miqyasda çıxara biləcəyimiz ən yüksək etalonlu işin sahibidir. Dövlətin quruculuğu dövlət xadimlərinin əli ilə yazılırsa, formalaşırsa, jurnalistika, fikir istehsalı, cəmiyyətin rəyinin formalaşması, gündəlik yaşanan hadisələrin ekrana gətirilməsi və müxtəlif mürəkkəb proseslərin  araşdırılması bu insanların çiynindədir.

Tam əminliklə söyləməliyik ki, bu gün həqiqətən Mir Şahin 50 yaşına gəlib çatarkən onun həyatı, şəxsi ömrü xeyli dərəcədə millətin həyatına qarışıbdır. Bu mənada mən Azərbaycan müstəqil jurnalistikasında Mir Şahinin yerini xüsusi vurğulamaq istəyirəm. Elə gətirib ki, onun ad günü Bayraq günü və Konstitusiya gününün ortasında yerləşib. Belə hesab edirəm ki, Mir Şahin jurnalistikasının Konstitusiyasının yazılmasında iştirak edən bir simadır. Ona görə də onu təbrik edirəm və bundan sonrakı ömründə can sağlığı, uğurlar diləyirəm. Bir də Allah ona yenidən müharibə jurnalistikasından yazmaq qismət eləsin . Bu dəfə qələbə epopeyasından, Qarabağ savaşı, ərazi bütövlüyümüzün təminatı salnaməsindən yazsın, reportaj və süjetlər hazırlasın...


Misranə Həsənzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar