Modern.az

Mir Şahin!

Mir Şahin!

12 Noyabr 2013, 14:40

Məhsəti Şərif

Bəlkə də mən bu yazını yazmamalıyam. Çünki onun haqqında yazmaq üçün ən azı onun qədər böyümək lazımdı. Amma bu gün onun haqqında yazılanları oxudum və sadəcə ürəyimdən keçənləri qələmə almaq istədim.

Mir Şahini hələ uşaq idim tanıyırdım. Təbii ki televiziyadan. Onun çevik və cəsarətli danışığı, olaylara münasibəti hər kəsi ekran qarşısına kilidləyirdi. Kim tanımırdı və onu qəbul etmirdi? Məncə belə biri yox idi. Hətta onun dediklərindən və cəsarətindən narahat olanlar belə, diqqət kəsilirdi. Çünki o, ölkədəki xəbəri müəyyənləşdirən telejurnalist idi. Sonralar Mir Şahinlə işləmək şansı qazandım. 5 il çox uzun zaman olmasa da, birini tanımaq üçün məncə yetərlidir. O vəzifə deyil, qələm adamıdır. Hətta ANS-də tutduğu yüksək postda da sadəcə qara fəhlə olub. Hər zaman iş yerinin dəhlizlərində həyəcanla qaçıb, baş verən hadisəni dəqiqləşdirib, jurnalistlərə yardım edib. O “müdir” sözündən çox, “həmkar” kəlməsini qəbul edib.

İndi çoxları deyir ki, Mir Şahin əvvəlki adam deyil, çox dəyişib. Elə deyl, Mir Şahin dəyişməyib. Ən azı mən, bunun dəfələrlə şahidi olmuşam. Bir də jurnalist olmaq, yazmaq asan məsələdi. İndiki zamanda bu, çox adiləşib. Elə hər yerindən duran yazır və nəsə deməyə çalışır. Amma indi kimsə Mir Şahin ola bilmir.

Onun qələm sahibi olmağından yazırıq. Mir Şahin öz möhürün vurub. Bu haqda yazmaq sonradan vurulmuş naxışa bənzəyir. Amma mən ANS-də işlədiyim zaman onun yaxşı insan olduğunu anladım. Təəssüf ki, bu zamanda yaxşı insan olmaq çox çətindir. Orda işləyən hər kəs, bunu deməyə cürəti çatan və ədalətli olan hər kəs deyə bilər ki, başları dərdə girəndə hər zaman onun qapısını döyüblər. Hərçənd ki onun qapısı hər zaman açıq olurdu və sevmədiyi bir şey qapısının döyülməsi idi. Deyirdi ki, “mənim qapım hamıya açıqdı girin!”. Xəstəmiz olanda, özümüz xəstələnəndə, o başımızın üstündə idi.

ANS-də təzə işə başlamışdım. Pulum yox idi. Dəhlizdə var-gəl edirdim. Yeni olduğum üçün dərdimi də kimsəyə deyə bilmirdim. Amma o hardan anladı, bilmirəm. Məni çağırdı və pul verdi, dedi “canını sıxma, hər kəs bu problemləri yaşayır, elə mən də”.
Utandım, amma o dedi ki, “utanma, borc verirəm, iş yoldaşıyıq”. İlk dəfə çalışdığım bir yerdə rəhbər özünü mənimlə sıravi iş yoldaşı kimi aparırdı.

ANS-də reportyorlara heç bir məmur yazdığı yazıya görə təzyiq edə bilməzdi. Çünki Mir Şahin o məmura qarşı işçisini müdafiə edir. Mən bunları rahat yazıram, çünki artıq ANS-də işləmirəm və bəziləri öz amplualarına sığınaraq bu yazıda başqa məqsəd araya bilməzlər.

Mən Ustadın 50 yaşına sadəcə bunu hədiyyə edə bildim. Yazım ondan çox aşağıdı, amma ürəyimdən gələndi. 50 yaş bir ömrün yarısıdı. Mir Şahin müəllim! siz yenidən saymağa başlayın! 50-dən yuxarı saymayın! Kim nə deyir desin, siz məktəbsiz və bu məktəbdə oxumalı hələ çox insan var!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi