Modern.az

Ağsaqqal ziyalımız Qənbər Şəmşiroğlu 80 yaşına çatdı

Ağsaqqal ziyalımız Qənbər Şəmşiroğlu 80 yaşına çatdı

16 Noyabr 2013, 12:09

Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, vətəni, xalqı üçün yaşayan və yaradan ağsaqqal ziyalılarımızdan biri də Dədə Şəmşir ruhunun daşıyıcısı olan Qurbanov Qənbər Şəmşir oğludur. Modern.az saytı adından Qənbər müəllimi  80 illik yübleyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Tanırıdan can sağlığı və yaradıcılıq uğurları arzulayırıq. Növbəti ad günündə Qənbər müəllimə  doğma torpağında, dədə Şəmşir yurdunda öz ad gününü  qeyd etməyi arzulayırıq.

Qurbanov Qənbər Şəmşir oğlu 1933-cü il noyabr ayının 16-da Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya gəlib.  Qənbər müəllim bu gün ömrünün 80-ci ilini yaşayır. Ötən bu 80 il Qənbər müəllim üçün həm gözəl, həm keşməkeşli, həm şirin, həm də acı və əzablı olmuşdur. Belə ki, Qənbər müəllim 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsil aldıqdan sonar bir il kəndli-gənclər kursunda işləyib, 1951-ci ildə iki illik Ağdam dövlət müəllimlər institutunda Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcar Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcar Hakimiyyətinin başçısı işləyib. Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Əmək veteranı” medalları ilə təltif edilib.

Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi Müstəqil Azərbaycan dövləti tərəfindən 18 oktyabr 2011-ci ildə “Tərəqqi” medalı ilə dəyərləndirilib.

 

GƏTİRİB GƏLMİŞƏM

“Biz tərəfə bir də gəlmə!” – demişdin,

Yarpaq olub, yel gətirib gəlmişəm.

Bizdən sizə gələn yollar enişdi,

Yağış yağıb, sel gətirib gəlmişəm.

Yaranmışam səndən ötrü ölməyə,

Ala gözlüm, nə var bunu bilməyə.

Barışmağa, danışmağa, gülməyə

Şirin-şirin dil gətirib gəlmişəm.

Bu gün çıxdın bir məramsız səfərə,

Hara baxdım – görmədiyim mənzərə.

Səmti çaşıb düşdüm çöldən-çöllərə,

Bənövşəli çöl gətirib gəlmişəm.

Mən Qənbərəm, a şöhrətli dilbərim,

Sevdasında ağır şərtli dilbərim.

İnsafa gəl, mərhəmətli dilbərim,

Qapınıza gül gətirib gəlmişəm.

QALDI

Məndən bənövşəni soraqlayanlar,

Bənövşə kolların dibində qaldı.

Turşsu dərəsində, Sarı güneydə,

Elə öz kefində, dibində qaldı.

Heyg ki, bu gülün ömrü çox gödək,

Niyə çox sevilir söyləsin görək?

Mənim gəncliyimin nişanəsi tək,

Pencəyimin qoltuq cibində qaldı.

Gəlin sözümüzü doğru söyləyək.

Belə gözəl olmaz göylərdə mələk.

Onu mədh eləmək, tərif eləmək,

Qənbərin ləfzində, təbində qaldı!

MƏHƏBBƏT

İlahinin töhvəsidir, payıdır,

Əgər olsa bir mənalı məhəbbət!

İnsanlığa qanad verər, ruh verər,

Dəyərlənər çox bahlı məhəbbət!

“Sevgilər sözünü gözüylə deyər”.

Atalar misalı bu deyil məgər?

Özünü göstərər, aşikar eylər,

Hər istəyi, hər amalı, məhəbbət!

Hökmün olsa sevgi sənə çox olar,

Fərəhdən, qürurdan gözlərin dolar.

Büdrəyərsən, hamısı birdən yox olar,

Fəlakətdir təmannalı məhəbbət!

YOXDU

Görürsən ki, axı mən taleyi kəm

Dərdliyəm, dərdimi çəkən də yoxdu.

Sənsiz xəstə, hicran abidəsiyəm,

Mərhəmət göstərib sökən də yoxdu.

Fələk istəyimin yazdı tərsini,

Min fəryad çağırır könlün hər simi,

Dərdimin güc çatan bir zərrəsini

Şəllənə biləcək örkən də yoxdu.

Qanlara qərq etdi çox məhəbbəti,

Kimin cəhaləti, kimin şöhrəti?!

Mən nə çarə qılım, onun sərvəti-

Dağılıb dünyası, dikən də yoxdu.

Vədin yox, vədinə söykənə Qənbər,

Vətən zəlilidi, bil, yenə Qənbər,

Sığınmaq istədi kölgənə Qənbər,

Billursan ay zalım, kölgən də yoxdu.

DAĞLARIN

Xeyli uzaqdadı, yaman kövrəlib,

Girən yoxdu qılığına dağların.

Əsirlikdə sızıldayır, göynəyir,

Ünüm yetmir qulağına dağların.

Dumanını yorğan kimi örtərəm,

Çat-çat olan dodağından öpərəm,

Diz çökərəm, üz-gözümü sürtərəm,

Təbib-loğman torpağına dağların.

Ta yoxuşlar dizlərimi bax, bükür,

Bu ağrılar ürəyimi lar sökür,

Əlim yetsə deyərdim ki, çox şükür,

Ağzım çatsa bulağına dağların.

Şirin olur Vətən dadı, yer dadı,

Bəslədiyi hər nemətin var dadı,

Yola çıxdım, dedim görüm hardadı,

Belə çıxam sorağına dağların.

Yurdun eşqi heç Qənbərdən sovuşmur,

Ürəyimiz bir-birinə qovuşmur,

Nə zamandır dağlar məni soruşmur,

Gedib düşəm ayağına dağların.

GƏZDİRİRƏM

Oba-oba, oymaq-oymaq,

Mən canımı gəzdirirəm.

Bir dərman tapılar deyə,

Gümanımı gəzdirirəm.

Kişi olan deməz yalan,

Canım tabsız, könlüm talan,

Ürəyimin sirri olan

Pünhanımı gəzdirirəm.

Utandırar ayı, günü,

Tutubdu yerin üzünü,

Dinim Məhəmmədin dini,

İmanımı gəzdirirəm.

Ulu babam Miskin Abdal,

Qurban böyük dərya-kamal,

“Şəmşiroğlu” – deyib hər hal:

Ünvanımı gəzdirirəm!

Ünvanımı gəzdirirəm

ŞAİRDİ

Bizə şair deməsinlər,

Kəlbəcər özü şairdi.

Sərt qayası, uca dağı,

Dərəsi, düzü şairdi.

Küləklərin gurultusu,

Çaylarının şırıltısı,

Çiçəklərin pıçıltısı,

Bulağın gözü şairdi.

Xoş sədalı kəklik səsi,

Torağayın zümzüməsi,

Gözəllərin qəh-qəhəsi,

Kəlməsi, sözü şairdi.

Sayı bilinmir güllərin,

Sevdiyi çoxdu Qənbərin,

Cəh-cəh vuran bülbüllərin,

Əllisi-yüzü şairdi.

ƏZBƏRDƏDİR

Əqlimi aldı bütün, günah yenə gözlərdədir,

Qüdrətdən həkk olunub, adı-sanda əzbərdədir.

Qorxudan bülbül biçarə cəsarət etmir səs edə,

Onun da əsas səbəbi dilindəki sözlərdədi.

Dedilər: baxda gedib, bir tərəfdə sakit durur,

Axı şirinlik büsbütün dodaqdakı şərbətdədi.

Ceyranı yüz tərif et, axı sənə nə faydası,

Təbiət belə xəlq edib, o əbədi çöllərdədir.

Deyillər: sonalar da çox baxanda göz oxşayır,

Onun isə məskəni var, su üstündə - göllərdədir.

İlahi təbiətdə daşa da gözəllik verib,

Cilalı sığallılıq amma yenə mərmərdədir.

Çoxu yetdi istəyinə, görüm hamı xoşbəxt olsun,

Arzuya çatmaq üçün həsrət hələ Qənbərdədir.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi