Modern.az

Rauf Arifoğlu İlham Əliyevlə görüşdən yazdı: "Prezidentlə görüşdən sonra"

Rauf Arifoğlu İlham Əliyevlə görüşdən yazdı: "Prezidentlə görüşdən sonra"

Media

24 Noyabr 2013, 19:13

Noyabrın 24-də prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub. Görüşdə iştirak etmiş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu təəssüratlarını "Prezidentlə görüşdən sonra" yazısı ilə bildirib.

"Hakimiyyət yeni kursa, açılıma başlayır?"

Konspektsiz danışırdı. Aramla, sakit səslə, pafossuz, ancaq təsirli. Əslində prezident Azərbaycan mediasının rəhbərlərinə brifinq verdi. Mənim üçün ilk idi. Ölkə prezidentini yaxından görüb, dinləmək, ona sual vermək, danışmaq, əl sıxmaq imkanım olmamışdı... 

Dedikləri bizim demokratik düşərgənin hər hansı bir təmsilçisinin söylədiklərindən heç nə ilə fərqlənmirdi. Vizyonu, media ilə bağlı baxışları, verdiyi mesajlar dünya standartları səviyyəsində sayıla bilər. “Bəs, biz niyə əziyyət çəkirik, deyə düşündüm, prezidenti dinlərkən...” Bu cümlə də prezident danışa-danışa Facebook profilimə yazdığım fikirlərdəndir. Doğrudan da, nə baş verir? Azərbaycan respublikasının prezidenti sürətlə dəyişən dünyada və Azərbaycanda, informasiya əsrində medianın önəmini, rolunu, dövlət və millət üçün əhəmiyyətini hətta bəzi demokratlardan da yaxşı deyir: “Müstəqil mətbuatın səviyyəsi həmin ölkənin inkişaf səviyyəsini göstərir”, – sitat İlham Əliyevdəndir; lakin ölkənin önəmli media quruluşları problem içərisindədir. Biz dövlətdən ciddi dəstək alırıq. Yazılı mətbuatın yaşaması üçün cəmi iki qaynaq var: KİV DF və satışdan gələn vəsait. İndi onun birini -  satışı demək olar ki, qapadıblar. Bu da qəzetlərin dayanması gerçəkliyini ortaya çıxarıb, bizi şikayətçi duruma salıb. Və belə bir məqamda prezidentin yanında görüş olur, önəmli mesajlar verilir... (Ümid edək ki, bu görüş üzərindən verilən mesajlar, deyilən fikirlər yaxın gələcəkdə vəziyyətin dəyişməsinə gətirib çıxaracaq).

Oxucularımız bilir ki, neçə gündür dövlətin zirvəsindən görüş istəməkdəyəm. Administrasiyanın rəhbəri Ramiz Mehdiyevə, onun müavini Əli Əsədova, PA-nın məsul əməkdaşı Əli Həsənova, daxili işlər naziri Ramil Usubova görüş üçün dəfələrlə müraciət etdim. Nəhayətdə, bir neçə gün öncə  ölkənin prezidenti İlham Əliyevə məktub yazdım. Yayımda yaranan son problemi onun diqqətinə çatdırdım. Şənbə günü qəfildən “Prezidentin yanında görüş olacaq, Sizi də dəvət edirik”, çağırışını aldım və hesab etdim ki, bu, mənim müraciətlərimə, müstəqil media və demokratik düşərgə ilə birgə apardığımız sistemli işə reaksiyadır.  Buna etiraz edənlərlə, “yox” deyənlərlə də mübahisə etmək niyyətim yoxdur: mənim düşüncəm budur. “Jurnalistlərin dostu” nominasiyası üzrə təqdimat adətən ilin sonlarında olurdu; bunun bu qədər önə çəkilməsi, qəfildən baş verməsi olduqca maraqlı, həm də ümidverici hadisədir; xoş məramın göstəricisidir. 

Bu görüşdən iki gün əvvəl AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə sərəncamın verilməsi, ardınca bu görüş və orada ölkə müxalifətinin ünvanına yumşaq göndərmələrin səsləndirilməsi, etiraf edək ki, düşündürücü hadisələrdir.  Az qala iddia edəsən ki, hakimiyyət yeni kursa, açılıma başlayır; güman ki, belədir... Lakin bu dəfə bir qədər səbr edək və davamını gözləyək...

Prezident müxalifətə münasibətdə dedi ki, fikirlərdə, düşərgələrdə  fərqlilik mümkündür, lakin biz hamımız bir vətənin övladlarıyıq. Bütün məsələləri, problemləri öz aramızda danışıb, həll etməliyik. O dedi ki, Azərbaycanın bütün siyasi qüvvələri ümumi inkişaf istiqamətləri üzrə demək olar ki, eyni fikirdədirlər. Ölkə prezidentinin seçki prosesinə münasibəti də maraqlı oldu -  dedi ki, seçki prosesi göstərdi ki, Azərbaycanda siyasi mədəniyyət xeyli inkişaf edib... Həmin məqamla bağlı gözlənilən aqressivlikdən əsər belə olmadı... Prezident siyasətindəki prioritetləri də sadaladı: müstəqil, kimsəyə  boyun əyməyən, güclü, çağdaş, inkişaf etmiş demokratiyaya malik, ərazi bütövlüyünü təmin etmiş  bir ölkə... ”İqtisadi islahatlarla bərabər, ictimai-siyasi sahədə də islahatlara ehtiyac var, biz bunu edirik və edəcəyik”, mesajı da səsləndirilən fikirlər arasındaydı.    

****

Hər bir halda, problemli bir qəzetin redaktoru olaraq  mən istəyimə yetişdim və dövlətin bir nömrəli şəxsinə mətbuatın dərdlərinin bir qismini  -  yayımla bağlı olanları çatdırdım. Bir bazar günü mətbuatın önünə çıxıb, vacib hesab etdiyi mesajları vermək, bizləri də dinləmək, görünür, prezident üçün də mühüm olub.  

Qaldırdığım məsələlərə münasibəti normal oldu. Yeni köşklərlə bağlı tənqid söyləyəndə isə gülümsədi  -  bunun səbəbini sonradan, yekun çıxışında  bildim: “Onları mən gətizdirdim, amma sonra gördüm orada bazar açıblar”, dedi...

Ümumilikdə isə “ kim qəzet satışını məhdudlaşdırırsa, buna yol vermək və dözmək olmaz”, söylədi. Göstərişini verdi. Bundan sonrasını izləyək -  göstəriş nə zaman həyata keçəcək...

****

Görüşdə “Azadlıq” qəzetinin olmaması, əlbəttə üzücü və bu görüşün əhəmiyyətini təsirləndirən hadisə idi. Bunu kimlərin nədən etdiyini anlamıram -  lakin heç doğru saymıram.

Lakin ümid edirəm ki, fürsət tapıb, qaldırdığım və prezident səviyyəsində dəstək aldığım məsələ “Azadlıq” qəzetinin də problemlərinə faydalı olacaq.

****

Düz 12 il əvvəl qəzet redaktorları olaraq mərhum prezident Heydər Əliyevin yanında toplaşdıq. O zaman da medianın ölüm-qalım məsələsi gündəmdəydi. Görüşdən sonra vəziyyət dəyişdi və indi məlum olur ki, bugünə qədər var olma, dözüb gələ bilmə səbəblərimizdən biri də məhz həmin görüşdür. 

Ümid edək ki, qəzetlər daha bir 12 il də yaşayacaq və sonradan belə məlum olacaq ki, 2013-cü ildə bir bazar günü prezident İlham Əliyevlə onun dənizkənarı rezidensiyasında toplanıb, danışmasaydıq, Azərbaycanın yazılı mətbuatının davam gətirməsi, oralara (2025) qədər yaşaması çətin olardı...  

P.S. Görüş zamanı həm də reportyor kimi işlədim. Facebook-a status yazdım, sayta şəkil və xəbər yolladım. İlk xəbəri və şəkilləri də musavat.com yaydı. Üstündən 7-8 saat keçsə də, tədbirdən hələ də bircə dənə rəsmi foto yayılmamışdı...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir