Modern.az

Aqil Camal: «Vergidən yayınmaq üçün köşklərin üzərinə “Press” yazıblar”

Aqil Camal: «Vergidən yayınmaq üçün  köşklərin üzərinə “Press” yazıblar”

Media

3 Dekabr 2013, 11:03

“Hazırda çap mediasının qarşısındakı ən ciddi problem oxucu ilə təmas nöqtələrinin getdikcə azalmasıdır. Bu isə siyasi yönündən, ideoloji baxışından asılı olmayaraq, bütün ciddi qəzetlərin problemidir. Bu mənada yayımın vəziyyətini araşdırmaq üçün Mətbuat Şurasında xüsusi komissiya yaradılmasını alqışlamalıyıq. Yayımdakı problemlərin gündəmdə saxlanılması hamının vəzifəsi, borcudur”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal  Modern.az saytına açıqlamasında bildirib ki, sözügedən komissiyanın paytaxtda quraşdırılan yeni köşklərdə reydlərə başlaması zəruridir:  

“Bu günlərdə dövlət başçısı ilə media təmsilçilərinin görüşündə prezident özü bildirdi ki, bu köşklər onun təşəbbüsü ilə gətirilib, quraşdırılıb. Məqsəd də, quruculuq işləri aparılan paytaxtda köhnə qəzet köşklərinin yeniləri ilə əvəzlənməsi, həm də mətbuatın oxuculara daha effektiv çatdırılmasını təmin etmək olub. Ancaq, prezidentin də vurğuladığı kimi, bu məsələdə qarşıya qoyulan məqsədə nail olunmayıb, "köşk-press"lər bazara çevrilib. Həqiqətən də, mətbuat satışı üçün nəzərdə tutulan köşklərdə bu gün satılan məhsullar içərisində mətbuat bəlkə 10 faiz təşkil edir. Bu qəzetlər də hər gün dəyişdirilmir. Sadəcə, köşkün bir tərəfində qəzetlər "xala xətrin qalmasın" deyə  rəfə yığılır. Belədə, ticarət köşkü kimi deyil, qəzet köşkü statusu ilə vergidən də yayınmaq mümkün olur.  Bu köşklərdə işləyənlərin qırımından görünür ki, onlar qəzet yox, xırdavat satmaqda maraqlıdırlar”. 

Metro ərazisində mətbuatın satışına qadağa qoyulmasına gəlincə, A.Camal bildirib ki, metro stansiyalarında heç nə satılmasa da, məhz mətbuatın və kitabların satılması gərəklidir:

“İnsanların perronlarda, vaqonlarda qəzet, jurnal, kitab oxuması Bakı Metropoliteninə bir mədəni-intellektual məkan şəkli verə bilər”. 
 
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir