Modern.az

Telekanalların çevrəsi niyə daralır?

Telekanalların çevrəsi niyə daralır?

Media

3 Dekabr 2013, 12:20

Son zamanlar insanlar şikayətlənirlər ki,  telekanallarda  baxmağa veriliş tapa bilmirik. Əslində bu fikirlərdə həqiqət var. Ancaq onu da etiraf etmək lazımdır  tv-lər hələki populyarlığını qoruyub saxlayırlar.  Lakin bu  imkanları getdikcə daralır. Bəs, bunun səbəbi nədir?

 Heç  şübhəsiz internet resurslarının belə sürətlə inkişafı, bu müstəvidə  xəbərləşmə və  əyləncə imkanlarının ağıla gəlməyən tərzdə genişlənməsi səbəblərdən biri ola bilər. Ancaq bu əsas səbəb deyil. Burada problemi  TV-lərdə,  teleticarət işində, televiziyanın idarəedilməsində, reklam bazarının mövcud durumunda  və s. axtarmaq lazımdır.

 Bu gün televiziyaların gündəmini ailə məişət məsələlərinin müzakirəsi, xörək bişirmə yarışmaları,  bayağı musiqilər  və  başqa mənasız  mövzular zəbt edib.  İctimai mahiyyət kəsb etməyən  ailə məişət məsələlərinin müzakirəsi ilə efiri doldurmaq çıxış yolu deyil.  Belə xarakterli mövzular normal tamaşaçının çətinki zövqünü qaldırsın.   

Başa düşmək olar  cəmiyyətdəki  problemlər  ailələrdə müəyyən gərginliklər yaradır.

Əslində  bu məsələlərlə  müəyyən dövlət qurumları,  QHT-lər məşğul ola bilər.  Bu  QHT  layihəsi çərçivəsində araşdırlmalı  və həll  olunası işlərdir. Təəssüf ki,  belə mövzular TV-lər vasitəsilə Azərbaycanın sanki  ən vacib  məsələsi kimi gündəmdən düşmür.


Azərbaycanda ailə institutu  hər zaman möhkəm olub. Hətta  bir sıra sosial-iqtisadi problemlərə baxmayaraq  Avropa ilə müqayisəyə  gəlməz dərəcədə Azərbaycanda ailə möhkəm olub.

Bu   gün isə Azərbaycan ailələrinin bütün  məsələləri  çılpaqlığı ilə  televiziyalarda  müzakirə olunur. Bu verilişlər ictimai mahiyyət kəsb etsəydi  bunun zəruriliyini qəbul etmək olardı. Ancaq  kiminsə  ailə məişət məsələləri  hər gün çox mənasız şəkildə  ictimaiyyətə təqdim olunursa  o zaman  hansı ictimai əxlaqdan, məsuliyyətdən danışmaq olar.

Müstəqil  medianın, telekanalların  öz  biznez maraqlarını düşünməsi  normal haldır. Ancaq bu kanalların  bütün fəaliyyətlərini kommersiya maraqlarına uyğun qurması düzgün deyil.  TV-lər təkcə kommersiya qurumu deyil, eyni zamanda ictimaiyyət qarşısında məsuliyyəti olan bir media yayım təşkilatıdır.

Anlamaq olar ki, bu şou proqramlar və  belə verilişlər içərisində yayımlanan reklamlar  kommersiya tv-lərinin əsas gəlir mənbələrindən biridir. Çağdaş dünyanın televiziyalarında ciddi proqramların böyük əksəriyyətində əyləncə elementinin olması artıq müsbət ənənəyə çevrilib. Verilişdə  tamaşaçını əyləndirərək hər hansı ciddi sosial və başqa bir problemin müzakirəsi, cəmiyyətin maarıflənməsinə  yönələn addımların atılması normal hal kimi qəbul olunur.

Azərbaycan teleməkanında belə müsbət tendensiyalar əvvəllər var idi. Mən deyərdim bir azda dərinləşmişdi. Təəssüf ki, həmin şou proqramlardakı  müsbət gözləntilər  bu gün  yoxa çıxıb.

Hazırda  ANS TV-də İlqar Mikayıloğlunun təqdimatında  yayımlanan  “Günəbaxan” da, digər kanallardakı bəzi verilişlərdə  ciddi müzakirələrə rast gəlinmir. Hətta müxtəlif sahələr üzrə ora dəvət olunan  ekspertləri indi müğənnilər, şou əhli əvəz edib. Bütün  bunlarda həmin verilişlərin  dəyərinin itməsinə səbəb olur. O dövrdə  şou proqramlar əyləncə xarakteri daşısada   bir çox hallarda ciddi məsələlərin müzakirəsinə həsr olunurdu. Çox normal şəkildə maarifçilik  missiyası yerinə yetirilirdi.  Bugünkü mənzərə isə fərqlidir.

Narahatlıq doğuran odur ki, tamaşaçılar və bəzi aparıcılar şou  proqramı lağ-lağı məkanı kimi təsəvvür edirlər. Bunun isə səbəbləri çoxdur. Ən əsası  qeyri peşəkar veriliş aparıcılarının Azərbaycanın teleməkanında ortaya qoyduğu keyfiyyətsiz məhsullardır.

Dəfələrlə bu fikir səslənir. Tamaşaçnın zövqü müxtəlifdir. Telekanal öz işini tamaşaçının zövqünə, istəyinə uyğun qurarsa, bu  səhv olmaqla bərabər həm də ciddi fəsadlar verər. Ancaq media,  tv-lər ictimai rəylə hesablaşmalıdır

Telekanallardakı reklam məsələsinə nəzər salmaq istərdim.  Bəzən elə düşünmək olar ki,  Azərbaycanın reklam bazarı yalnız  özəl klinikalardan və  müxtəlif dərman preparatlarının  satışından ibarətdir. Hansı kanala baxırsan  bir özəl klinikanın reklamı yayımlanır.  Bütün bunlardan o qənaətə gəlmək olar ki,  Azərbaycanda reklam bazarı mövcud iqtisadi inkişafa adekvat deyil.

 Məhz buna görə də  tv-lərin,  ümumilikdə,  medianın normal biznes sahəsinə çevrilməsi çətinlik yaradır. Bu da hər zaman deyildiyi kimi, peşəkarlığın aşağı düşməsinə gətirib çıxarır.
Deməli, burada teleticarət işinin tənzimlənməsindən başlamaq lazımdır. TV-lərdə şou proqramların yayımı ilə bağlı qanunlar iqtisadi reallığa və mövcud mənəvi dəyərlərə uyğun təkmilləşməlidir. Ən əsası reklam bazarının çevrəsinin genişlənməsinə diqqət artmalıdır.

Telekanallardakı  digər  bir boşluq filmlərlə bağlıdır. Azərbaycan dövləti tərəfindən televiziyalara filmlərin çəkilişi  ilə bağlı kifayət qədər maliyyə dəstəyi hər il  göstərilir.  Təəssüf ki, milli kino iqtisadiyyatımız  formalaşa bilmir. Nəticədə isə çox zəif filmlər  ekranlara çıxır. Bütün bunlar ayrıca bir söhbətin mövzusudur.

Əlqərəz  telekanallar çox saylı tamaşaçını  itirməmək üçün  cəmiyyəti düşündürən, cəmiyyətə fayda verə biləcək  məqamlara, müxtəlif  problemli sahələr üzrə  tədqiqatlara önəm verməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı