Modern.az

Yayım Şurasının sədri İTV-dəki dəyişikliklərdən və qudasının işdən çıxarılmasından xəbərsizdir

Yayım Şurasının sədri İTV-dəki dəyişikliklərdən və qudasının işdən çıxarılmasından xəbərsizdir

Media

3 Dekabr 2013, 15:56

Dünəndən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) “köhnə komanda”dan qalan bütün işçilər kütləvi şəkildə vəzifəsindən azad olunub. İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, İctimaiyyətlə əlaqələr departamentini müdir müavini Pərvanə Süleymanova, Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov, həmçinin bu ilin sentyabrına kimi İTV-nin İnformasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı, “Carçı-film” Yaradıcılıq Birliyi rəhbərinin müavini Qərənfil Xəlilova, İTV sədrinin müavini Çingiz Aslanov son iki gündə İctimai Televiziyadan gedənlərdəndir.

İTV rəhbərliyi əmək müqavilələrinin müddəti başa çatan bu şəxslərlə təzə müqavilə bağalamyıb.

Televiziyada baş verən son kadr islahatları ilə bağlı isə İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli xəbərsizdir. Şura sədri Modern.az saytına bildirib ki, bu barədə dəqiqləşmələr aparmaq üçün İctimai Televiziyada söhbət aparılacaq.

 “Mən orada olmamışam axı. Ona görə də bu barədə məlumatım yoxdur. Dəqiqləşmə aparandan sonra və təhlil edəndən sonra münasibət bildirəcəyəm. Məsələ ilə bağlı dəqiqləşmələr aparmaq üçün İctimai Televiziyada söhbətimiz olacaq”.

Modern.az saytına məlum olub ki, İTV direktorunun müavini vəzifəsindən çıxarılan Çingiz Aslanov İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədlinin qudasıdır. C.Məmmədli onun işdən çıxarılması məsələsinə də münasibət bildirməkdən yayınıb.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?