Modern.az

BDU-nun 1034-cü qrupunda oxumuş jurnalistlər 20 illiyi qeyd etdilər

BDU-nun 1034-cü qrupunda oxumuş jurnalistlər 20 illiyi qeyd etdilər

9 Dekabr 2013, 09:28


Ötən cümə “Limon” restoranında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə 1993-cü ildə qəbul olunmuş məzunlar ilk dərs gününün 20 illiyini qeyd etdi. Fakültənin sabiq dekanı Akif Rüstəmovla yanaşı, müəllimlərdən Nəsir Əhmədli, Əli Hacıyev və Zeynal Məmmədlinin də qatıldığı gecənin hansısa ssenarisi-filan yox idi. Sadəcə, fakültənin tarixinə ən böyük potensiala malik qruplardan biri kimi düşmüş, təhsil aldıqları dövrdə bir çox maraqlı təşəbbüslərə
imza atmış – təkcə elə həftədə üç dəfə, dərslərarası fasilədə efirə çıxan “MaNAf-1034” radiosu nəyə desən, dəyər! – 1034-cülər gec saatlara qədər yeyib-içib şənləndilər.  Xatirələr yada düşdü, hər kəs xəyallarda 20 il əvvələ qayıtdı və sonda ortaq fikir belə oldu ki, daha tez-tez görüşməyə, tələbəlikdə əsası qoyulan əziz duyğuları və insani bağları yaşatmağa dəyər.

Təəssüf ki, uzunmüddətli həsrətdən doğan hiss-həyəcan “Feysbuk”un yaradıcısı Mark
Zukerberqi yad etməyi təşkilatçılara unutdurdu. Axı “Limon”dakı görüş sabiq ANS-çi Esmira Xəlilovanın oktyabrın 25-də dünyadakı ən populyar sosial şəbəkədə yaratdığı “1034” qrupundakı davamlı yazışmaların nəticəsi idi. Jurnalistika fakültəsinin dəhlizinə ilk qədəmlərini 20 il əvvəl basmış gənclər müxtəlif sahələrə səpələsə də, bu gün də peşəsinə sadiq qalan, praktiki
jurnalistika ilə məşğul olanlar var.

Mənzərənin tamlığı üçün bir neçəsinin adını çəkirik: Afət Telmanqızı (ANS TV), Kəmalə Quliyeva (APA agentliyi), Cavad İsmayılbəyli (GünAz TV), Natiq Zeynalov (“Azadlıq” radiosu), Mahir Rüstəmli (“Futbol+” qəzeti). Afət Yaqubova, Könül Bilalova, Sevda Mikayılova, Ülviyyə Şabanova, Könül Yusifova və Aygün Seyidova isə vaxtilə "Lider" TV-də çalışıb.


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub