Modern.az

Aynur Camalqızı: “Elçin Əlibəyli barədə danışmaq istəmirəm”

Aynur Camalqızı: “Elçin Əlibəyli barədə danışmaq istəmirəm”

12 Dekabr 2013, 12:46

“Elçin Əlibəyli artıq 7 aydır ki “Publika”dakı işindən çıxıb. Onun haqqında nə danışım? Mən bu barədə danışmaq istəmirəm. Xahiş edirəm, məndən bu haqda soruşmayın. Nə sualınız var, özünə, ANS-ə verin. Çünki o, indi ANS-in əməkdaşıdır”. Bunu Modern.az-a açıqlamasında “Publika.az” saytının rəhbəri  Aynur Camalqızı deyib.

Qeyd edək ki, teleaparacı E.Əlibəyli hazırda dələduzluqda ittihamlanır. Binəqədi Rayonu Polis İdarəsinin 7-ci Bölməsində şikayət ərizəsinə əsasən təhqiqat aparılır. Bakıda fəaliyyət göstərən “ElMed” klinikasının rəhbəri Ramil Quliyev iddia edir ki, Elçin Əlibəyli klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, o, qaytarmayıb. “Əlimizdə bununla bağlı sənədlər var. Həmçinin Elçin Əlibəyli ilə internetdə yazışmalarımız da mövcuddur. Bütün bunlarla bağlı polisə məlumat vermişik, onlar bu işlə məşğul olurlar. Bizim indi nə isə deməyimiz polisin işinə qarışmaq olar. Ona görə də bu məsələ ilə bağlı hələlik ətraflı açıqlama vermək niyyətimiz yoxdur. Polis nəyi məsləhət bilsə, onu da açıqlayar”, – deyə R. Quliyev APA-ya açıqlama verib.

Elçin Əlibəyli isə APA-ya açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: “Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm”.

ANS telekanalı da dünən qalmaqala münasibət bildirərək Aznews.az-a açıqlamada E.Əlibəyli ilə bağlı məsələnin onlara aid olmadığını bildirib.

Xatırladaq ki, Elçin Əlibəyli bir müddət əvvəl “Publika.az” saytının baş direktoru və kommersiya direktoru vəzifəsində çalışıb.

Misranə Həsənzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır