Modern.az

Sağ ol, ANS!

Sağ ol, ANS!

Media

12 Dekabr 2013, 14:02

91-lər ziyalı hərəkatının üzvü

2003-cü il, may-dekabr. Heydər Əliyevin sağlıq durumu haqqında dəqiq və ardıcıl məlumatlar verilmir. Ölkənin rəsmi və qeyri-rəsmi, müstəqil və qeyri-müstəqil, partiyalı və bitərəf media orqanlarının demək olar, hamısı susur. Azərbaycanın Prezidenti, seçki ilində YAP-ın prezidentliyə namizədi Heydər Əliyevin səhhəti necədir, xarici ölkədə müalicəsi necə aparılır, özünü necə hissi edir? Əhalini anbaan narahat edən, düşündürən, qayğılandıran bu suallar barədə dəqiq məlumat, dəqiq cavab verən isə yoxdur. Elə bil hamı nəyisə, kimisə gözləyir, elə bil danışmalı olan kəslərin Heydər Əliyev də, Heydər Əliyevdən danışmaq da yadlarından çıxıb. Seçki ilində Heydər Əliyevin yeganə və layiqli siyasi varisi  İlham Əliyev haqqında da gözlənilməz gözləmə mövqeləri əməllərə, amallara, məqsədlərə hakim kəsilib.

Hamı nəyisə, kimisə gösləyir.

Gözləyir ki, məlumat vermək haqqında rəsmi icazə verilsin, gösləyir ki, görək məlumatları kim və necə verəcək...

Susqunluq və sükut.

Bu qəribə sükut və gözləmə mövqeyi isə hansısa qrupların seçki ilində hakimiyyəti ələ keçirmək cəhdlərinə, ölkədə qarşıdurma və təxribat yaratmaq niyyətlərinə imkan yaradır. Nə yaxşı ki, belələrilə gücü çatdığı qədər mübarizə aparanlar, xalqda çaşqınlıq yaradanlara qarşı ideya savaşı aparanlar yenə də var...     

Bu qəribə sükut içində xalqın qətiyyətli və inamlı səsi yenə də eşidilir:   “mənim prezidentim yaşayır”, “var olsun Heydər Əliyev”, “yeganə bir prezidentimiz var, o da Heydər Əliyevdir”, “İnşallah, hər şey yaxşı olacaq”, “O kişi ölməzdir”, “Allah prezidentimizi qorusun”, “Azərbaycanın yeganə siyasi varisi İlham Əlyevdir”.    

2003-cü ilin ikinci yarısı.

Heydər Əlyevin sağlıq durumu haqqında dezinformasiyalar, şayiələr baş alıb gedir: Bilərəkdənmi, qərəzdənmi, seçkini udmaq istəyindənmi, yaranmış boşluqdan qərəzli siyasi məqsədlər naminə yararlanmaq üçünmü, təxribat yoxsa sabitliyi pozmaq üçünmü? Hər halda, Heydər Əliyevin sağlıq durumunu bəzi mətbu orqanlarında siyasi-radikal mövqelərdən yozanlar, əhalini çaşdıran yazarlar, hətta Prezidentin sağlıq durumundan onun özünə qarşı qeyri-etik davranan qəzetlər də var.

Bunlar 2003-cü ilin siyasi həqiqətləridir.

Amma seçki ilinin bir həqiqəti də var: elə bu yazarların bəziləri sonradan hakimiyyətin oliqarxları tərəfindən himayəyə götürüldülər, onlara mənzil, vəzifə, deputatlıq, avtomobil, hazır marketlər, firmalar hədiyyə edildi. Başa düşmək olmur ki niyə? Axı onlar Heydər Əliyev haqqında yalan, qeyri-etik, mənəviyyatsız yazılar yazırdılar, ataları yaşında olan bu ixtiyar insanın - ölkə başçısının xəstəliyi ilə qeyri-etik siyasi manipulyasiyalar edib, onu təhqir eləməkdən belə çəkinmirdilər. Bəs necə oldu ki, belə çətin, mürəkkəb bir şəraitdə,  hətta Heydər Əliyevə ideya və siyasi sədaqəti ilə seçilənlərin, onun sayəsində kişi-oliqarx, tanınmış siyasi-ictimai xadim, məşhur sənətkar olanların, əli çörəyə çatıb bahalı kişi şalvarı geyinənlərin də susduğu, dezinformasiyaları və yalanları cavabsız qoyduqları, hətta artıq müxalifətlə danışıqlara getdikəri o sirli-müəmmalı dövrdə az da olsa susmayan, dezinformasiyara qarşı çıxıb həqiqəti yazan bəzi jurnalist-yazarlar sonra adi diqqətdən də kənarda qaldılar...

Bunları elə-belə, sözgəlişi dedim...

Amma bütün bu mürəkkəb, görünən-görünməyən dolayları, olayları, informasiyasızlığı, susqunluğu ilə davam edən gedişatda bir müstəqil telekanal tamamilə fərqlənirdi. ANS telekanalı bu aylarda  mütəmadi olaraq, Heydər Əliyevin səhhəti, sağlıq durumu haqqında məlumatlar verirdi. İnsanlar hər saat, hər gün ANS-i izləyirdi ki, görək prezidentimizdən nə xəbər var. Telekanalın öz informasiya missiyasına bu qədər məsuliyyətlə yanaşması, Heydər Əliyev haqqında yayılan dezinformasiyaların da siyasi məqsədlərini əngəlləyir, cəmiyyətdə süni yaradılmış şayiə, inamsızlıq və şübhə durumuna hər dəfə son qoyurdu.

Heydər Əliyevin ömrünün sonlarındakı səhhətini anbaan izləyən və vəziyyəti əhaliyə olduğu kimi çatdıran, susmayan, Ulu Öndərin vəfat etməsi barədə ilk dəfə xalqı məlumatlandıran, bu itki haqqında ictimaiyyətin fikirlərini ilk eşitdirən ANS oldu. 

Dünyanın ən böyük dövlət xadimlərindən, siyasət dahilərindən olan, müasir və müstəqil Azərbaycanı quran Ulu Öndərimiz Heydər Əliyevin vəfatı xəbərindən insanlar dərindən kədərləndilər. Bu xəbər Azərbaycana millətin böyük bir itkisi kimi təsir elədi. Xalq matəm yaşadı, ölkə başdan-başa yasa, kədərə, qüssəyə büründü. Riyakar siyasi susqunluğu bu dəfə xalqın sevgisinə qarışmış ümummilli matəmdən doğan kədərli və şərəfli matəm sükutu əvəz elədi.

Xəbərin elə səhərisi günü bütün ölkə yenə çaşqınlıq içində qaldı. Bu dəfə Heydər Əliyevin ölüm xəbəri ölkəyə başqa bir qeyri-müəyyənlik yaşatdı.

Heydər Əliyevin cənazəsi hələ Bakıya gətirilməyib...

Yenə də cavabsız suallar yarandı: Hara gedək, bu ümumxalq matəmini, bu böyük itkimizi, dərdimizi, kədərimizi, öndərimizə sönməz sevgimizi və ehtiramımızı kimə, harada, necə bildirək?

Dünyanın da gözü bizdədir...

Nə edək, necə edək?

Qabağa kim düşsün, xalqın matəmini kim təşkil eləsin?  

Yenə suallar... Yenə də gözlənilən, amma verilməyən cavablar...

İnsanlar öz istəklərinə cavab axtarırlar, cavab isə bu dəfə də ANS-dən gəldi.

ANS-in prezidenti Vahid Naxış əhalini Heydər Əliyevi anmaq üçün Prezident Aparatının – ölkənin baş siyasət evinin, Heydər Əliyevin millətə illərlə xidmət etdiyi, dövləti idarə etdiyi bu yerin qarşısına dəvət elədi. ANS bu məqsədlə Prezident Aparatının qarşısına Heydər Əliyevin böyük bir şəklini qoydu, şəklin ətrafında şamlar yandırdı, şəkli əklillərə, gül dəstələrinə bürüdü. Bundan sonra ANS-in səsi eşidildi: Heydər Əliyevi anmaq, ruhuna ehtiran bildirmək istəyənlər Prezident Aparatı qarşısına gəlsinlər.

Beləliklə, bütün xalqın matəm ehtişamı başladı, ölkənin hər yerindən Bakıya insan seli axdı. Bir ucu bulvarın sonuna çatan insan axını növbə ilə gəlib Prezident sarayı qarşısında gül dəstələri düzdü, baş əydi. Ulu Öndərin vəfatına ümümxalq kədərini və Ulu Öndərə milli ehtiramı ifadə eləyən bu insan axınının nə sonu var idi, nə də fasiləsi.

Xarici telekanal jurnalistləri də informasiya imkanı əldə etmişdilər...

Bununla da ANS Heydər Əliyevin cənazəsi gətirilənə qədər matəm mərasiminin, qeyri-rəsmi də olsa, ilk təəssübkeşi, təşkilatçısı kimi özünü xalqa tanıtdı, sevdirdi...

Mən bir vətəndaş kimi, Heydər Əliyevin siyasi, dövlətçilik, milli ideyalarının sadiq daşıyıcısı və təbliğatçısı olan milyonlardan biri kimi ANS-in xalq, öndər qarşısındakı bu xidmətini bir daha xatırlayıb, ona ürəkdən SAĞ OL deyirəm. Bilirəm ki, o hadisələri, o seçki ilinin olaylarını təfərrüatı ilə bilənlər, unutmayanlar hələ yaşayırlar. Amma onlar da vaxt keçdikcə bu dünyadan köçəcək, azalacaq və bir gün yox olacaqlar. Ona görə də bu olayları mediada yazıb xatılamağı, “sağ ol”a layiq olanlara “sağ ol” deməyi özümə borc bildim.

SAĞ OL, ANS!                    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir