Modern.az

Qəzetlərin bazarı ölüb

Qəzetlərin bazarı ölüb

Media

13 Dekabr 2013, 14:33

Azərbaycan mətbuatı ağır günlərini yaşayır. Qəzet, jurnal ictimaiyyət üçün heç bir önəm daşımır. Onların 95 faizdən çoxu biabırçı tirajla çıxır. Yəni 1000 tirajdan o tərəfə keçmir. Belə cüzi tirajın da 90 faizi satılmır, köşklərdə yığılıb qalır. Çəkilən əziyyətin müqabilində redaksiyaya qəpik-quruş qayıdırsa, bu o deməkdir ki, qəzetlər qəzet buraxmaq xatirinə nəşr olunur. Mətbuatın bazarı ölübsə, deməli, jurnalistlərə maaş verilməsindən söhbət gedə bilməz. Maaş verilmirsə, əsl jurnalistika yerini reket jurnalistikasına, istedadlı qələm sahibləri isə öz yerini istedadsız təsadüfi adamlara verməlidir. O adamlara ki, yazmaqdan çox əlləm-qallamlığı, dələduzluğu, şantaj etməyi daha yaxşı bacarırlar. İş o yerə çatıb ki, təhsili, təcrübəsi olmayan, cümləni baş-ayaq yazan, hər sözdə belə qrammatik səhv buraxan insanlar jurnalist vəsiqəsi ilə qapı-qapı düşüb qəpik-quruş dilənirlər. Əlbəttə, əsl qələm əhli ehtiyac ucbatından qələmi sındırıb başqa pullu sənət dalınca gedəndə nəticəsi belə olmalıdır.
İndi hamı baş sındırıb vəziyyətdən çıxış yolu axtarır. Bir çoxları vaxtilə deyirdi ki, mətbuatı diriltmək üçün dövlət qəzetlərə yardım ayırmalıdır. Yardım ayrıldı. Hazırda dövlətdən ayda on-on beş min manat yardım alan qəzetlər var. Az pul deyil. Ancaq yenə də bizim qəzetlər başqa ölkələrdə olduğu kimi oxunmur və oxunmadığına görə də satılmır. Necə deyərlər, quyuya su tökməklə quyu sulu ola bilmir. Qayıdış yenə 90 faiz civarındadır və deməli, verilən pullar göyə sovrulur. Qısası, bu eksperiment də özünü döğrultmur. Bəlkə qəzetlər maraqlı bir şey yazmırlar? Qətiyyən belə deyil. Az-çox səviyyəli qəzetlərdə istənilən qədər maraqlı materiallara rast gəlmək mümkündür.Di gəl, mətbuat bazarında mal yerimir ki, yerimir.
Son vaxtlar qəzet köşklərinin azlığından şikayət edilirdi. Olanlar da təyinatını dəyişib xırdavat malları satırdı.Prezident İlham Əliyevlə jurnalistlərin görüşündən belə nəticə hasil oldu ki, yaxın günlərdə bu məsələyə də əncam çəkiləcək. Paytaxtımızın müxtəlif guşələrində xaricdən gətirilib qoyulan yaraşıqlı köşklərin sayı artırılacaq. Dərhal işə başlanıldı və indi onlar paytaxtımızın müxtəlif yerlərində gözə dəyməyə başlayıb və sayı durmadan artmaqdadır. Lakin yüngülvari apardığımız araşdırmalar və statistik məlumatlar hələlik sevinməyə əsas vermir. Satış səviyyəsi yenə əvvəlki kimidir. Belə görünür ki, köşklərin yaraşıqlı olması da satışın yüksəlməsində önəmli rol oynamayacaq.
 Vəziyyətdən çıxış yolu kimi Mətbuata Dəstək Fondu növbəti cəhdə əl ataraq müsabiqələrin sayını artırmağa qərar verib. Həm də müddət 6 aydan 3 aya endirilib. Həmişə ildə 2 müsabiqə keçirilirdisə, indi yəqin 4 müsabiqə keçirmək nəzərdə tutulur. İlk baxışdan cəlbedici görünür. Ancaq reallıq budur ki, bu müsabiqələrdən beş-on jurnalist növbə ilə müvəqqəti yararlanacaq, yerdə qalan yüzlərlə jurnalist isə yenə ac qalacaq. Bu cəhdin də müsbət nəticə verəcəyini proqnozlaşdırmaq olmur.Əksinə, azad mətbuatın inkişafına ziyan vuracağı daha çox ehtimal olunur. Çünki təqdim olunan mövzular köklü problemləri qaldırmağa deyil, inkişafımızın təntənəsinin tərənnümünə yönəlib. Yəni pulu kim buraxırsa, musiqini də o sifariş edir. Hər bir sifarişdə isə çərçivə var, düşüncəni məhdudlaşdırma var. İcazə veriləndən artığını yazmaq olmaz. Əks halda qarşıda qırmızı işıq yanacaq.
 Zənnшmcə, hələ mövcud olmayan yazılara pul buraxmaqla yanaşı köklü problemləri qaldırıb ciddi nəticələr ortaya qoyan hazır jurnalist araşdırmaları – məhsulları barədə də düşünməyə dəyər. Başqa cəlbedici təkliflər də ola bilər. Lakin xəstəliyin səbəbini aydınlaşdırmadan xəstəni müalicə etmək qeyri-mümkündür. Fikrimicə, baş qatan bu oyunlarla mətbuatımızın dərdinə əlac olmayacaq. Ona görə ki, ortada iş görənlər qanunların ətəyindən yapışmaq əvəzinə məmurların ətəyindən yapışırlar. Yazıqlar olsun ki, cəmiyyətimiz qanunu özü üçün şah etməyə hələ hazır deyil. Halbuki qanunlar normal işləsə, böhtanyazan, şantajla məşğul olan jurnalist də layiqli cəzasını alar, korrupsioner, talançı əməlləri faş olunan cinayətkarlar da. Və yavaş-yavaş mətbuat da, cəmiyyət də zir-zibildən təmizlənər. Di gəl, nə həqiqətə, nə də şər-böhtana fikir verən var. Guya söz azadlığıdır, kim nə istəyir yaza bilər.Yazılır da. Ancaq nə faydası? Mətbuatda ilboyu məmurların saysız-hesabsız cinayət əməllərindən bəhs edən tük ürpərdici materiallar çıxır. Kimsə tərəfindən reaksiya verilmir. Oxucu artıq belə “şok” xəbərlərə öyrəncəlidir. Bilir ki, yazılanlar elə kağız üzərində qalacaq. Sözə dəyər verilmirsə, onun azadlığının heç bir mənası yoxdur. Mətbuatın maraqsız olmağının başlıca səbəbi budur. Avropanın istənilən ölkəsində jurnalist dəlil-sübutlarla cinayət faktlarını ortaya qoyduqda tənqidə tuş gələn məmur dərhal istefa ərizəsini yazır və məhkəmə qarşısında cavab verməli olur. Bizdə belə bir hadisəni görən varmı? Əlbəttə yox. Hüquq-mühafizə orqanları səlahiyyətli kreslo sahiblərinin üstünə getmək iqtidarında deyil. Yüksək ranqlı məmurlar istədikləri vaxt Femida tərəzisinin balansını poza bilirlər. Nəticədə bütün balanslar pozulur. Söz dəyərdən, jurnalist nüfuzdan düşür. Reket jurnalistikası çiçəklənməyə başlayır.
     Mətbu sözə dəyər verilən yerdə qəzetin kimsəyə əl açmasına ehtiyac olmaz. Qəzetlərin ətrafında reklam bazarı formalaşar. Bütün reklam bazarını əlində cəmləşdirən 7 telekanal bu bazarı qəzetlərlə paylaşmaq məcburiyyətində qalar. Sirr deyil ki, müştərilər daha çox satılan, yayılan qəzetə reklam verməkdə maraqlıdır. Bu həm də üzdəniraq qəzetlərin bazarını bağlayar və onların aradan çıxmasını şərtləndirər.
     Əziz həmkarlar, belə görünür ki, qəzet jurnalistindən dilənçi obrazı yaratmaq istəyirlər. Biz qeyri-rəsmi də olsa, dördüncü hakimiyyət statusu daşıyırıq. Bu status hara, dilənçi obrazı hara. Gəlin öz halal statusumuza sahib duraq.  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır