Modern.az

Telejurnalist Ayaz Mirzəyev: “Mir Şahinlə tanış olandan sonra başa düşdüm ki, səhv edirəm…” - MÜSAHİBƏ

Telejurnalist Ayaz Mirzəyev: “Mir Şahinlə tanış olandan sonra başa düşdüm ki, səhv edirəm…” - MÜSAHİBƏ

Media

14 Dekabr 2013, 10:21


Modern.az
saytının budəfəki müsahibi telejurnalist Ayaz Mirzəyevdir (Nizamioğlu). Onunla yeni təsis etdiyi Azərbaycan Jurnalistlər Şəbəkəsi və hazırki jurnalist fəalliyyəti ilə bağlı danışdıq. Əvvəlcə ANS-dən uzaqlaşmağı  və ictimai sektora gəlişi barədə sualımıza cavab verdi:

- Uzun müddət tamaşaçılar məni ANS televiziyasından tanıyıblar. Mən on ilə yaxın müddətdə orada müxtəlif vəzifələrdə çalışmışam. İlk gəldiyim iş yeri ANS televiziyası olub. Sual verənlər çox idi ki, niyə mən bu televiziyadan  ayrıldım. Mən də bu cür konkret cavab verirəm: -ANS həqiqətən də böyük bir məktəbdi. Mən o məktəbə birinci sinifdə stajçı müxbir kimi daxil oldum və axırıncı sinifidə təhlil redaksiyasının baş redaktoru olaraq bitirdim. Oradan öz attestatımı aldım. Bu da bir həqiqətdir ki, ANS sinifdə qalanları xoşlamır . İndi də mənim orda dostlarım var, rəhbərliklə də xoş əlaqələrimi saxlamışam.

Öz həyat prinsipim  kiməsə yük olmaq deyil,  öz çiynimə yük götürməkdi. ANS-də olanda da hər dəfə yeni bir məhsulla,  yeni bir ideya ilə fəaliyyət göstərməyə çalışırdım. Gürcüstan-Rusiya müharibəsi  haqqında üç seriyalı beynəlxalq film hazırlamışdım, daha sonra “Hesabat” proqramında müxtəlif araşdırmalarımız olub. Xarici ölkələrin rəhbər şəxsləri ilə müsahibələrə imza atmışam. Son illər  “Düzbucaq” verilişini ərsəyə gətirdik. İndinin özündə  də bu veriliş  yayımlandığı vaxta görə  ən baxımlı proqramdır.

- Əsasını qoyduğunuz Azərbaycan Jurnalistlər Şəbəkəsi barədə danışaq.

- ANS TV-dən  ayrılandan sonra ictimai fəaliyyətlə məşğul olmaq istədim. Özümdə o potensialı hiss etdim . Bir neçə yaxın dostumla jurnalist şəbəkəsi yaratmaq ideyası ətrafında birləşdik. Bizim jurnalistlərimiz adətən vaxt məhdudiyyəti problemi ilə  çox üzləşirlər.  Bizim məqsədimiz o idi ki , jurnalistlər eyni zamanda özlərinə investisiya qoymaq barədə düşünsünlər.  Onlara bəzi imkanlara sahib olmaq məramını düşündük . Söhbət sırf jurnalistikayla bağlı təlim, jurnalistika ilə  bağlı imkanlar, tədris və təqdimatlardan gedir. Biz bu yolla gənclərə  nəsə kömək edə bilərik. Jurnalistlərə bu imkanları verək ki, onlar da özləri- özlərinə kapital qoysunlar. Biz indi  jurnalistlərin peşə etikası , peşə davranışı , xarici dil bilikləri ilə bağlı  nüanslara toxunuruq. Bill Qeytsin yaxşı bir sözü var: insanlara yalnız problemi demək yox, o problemdən çıxış yollarını da göstərmək lazımdı. Biz də istədik ki, bu nüansların həlli yollarını göstərək. Fəaliyyətimiz bu istiqamətdə olacaq. İllər ərzində mən və həmkarlarım bir uğur əldə ediblərsə , onu gənc jurnalistlərlə bölüşməyə də hazır olmalıdırlar .

- Şəbəkənizin nə qədər üzvü var?

- Üzv məsələsinə bizim tam ayrı bir yanaşmamız var. Adətən  üzv olmaq  hər hansı məsuliyyət, öhdəlik kimi insanların üzərinə qoyulur. Təşkilatı yaradanda üzvlük məsələsini toxunulmaz fakt kimi saxladıq. Bizim jurnalist cameəsində çoxlu sayda həmkarlarımız,  dostlarımız var.  Biz də qərara gəldik ki,  şəbəkədə hər bir dostumuz,  həmkarımız iştirak edə , təmsil oluna bilər. Kim üzvdür,  kim üzv deyil,  bu heç bir önəm daşımır.

 - Bu vaxta qədər təşkilatınız hansı işləri görüb?

- Biz şəbəkə olaraq artıq iki böyük  tədbir keçirmişik. Yay ayında Gəncədə jurnalistlərin peşə etikası ilə bağlı tədbirimiz baş tutdu . Bakıdan bir neçə tanınmış media orqanının təmsilçilərini tədbirə dəvət etmişdik . Orada biz yerli gənc jurnalistlərlə görüşdük. Bu yaxınlarda isə Mingəçevirdə gənclər üçün “Onlayn Media Məktəbi” adlı  təlim sessiyası təşkil etdik. İki günlük bir  sessiya oldu.  İndi də o proses onlayn şəklində davam edir. Bundan başqa digər layihələrə də bizi tərəfdaş kimi dəvət edirlər. Daha sonra “Socar Türkiyə”nin dəstəyilə Azərbaycanın bir qrup iqtisadi mövzuda yazan jurnalistinin Türkiyəyə səfərinin baş tutmasında tərəfdaş kimi iştirak etdik.

Ali məktəblərin jurnalistika fakültələrində jurnalistika tədrisindən razısızmı? Narazı olduğunuz detalları aradan qaldırmaq üçün sizin  şəbəkə hər hansı layihələr hazırlayacaqmı?

- Mən sualınıza sırf  televiziya  jurnalistikası  prizmasından yanaşıram. Bu fikir dəfələrlə səslənib ki,  televiziya jurnalistlərinin yetişməsi üçün əlavə bir tədris müəssisəsinə ehtiyac var. Jurnalistika fakültələrində indinin özündə də gənc kadrlar yetişir. Amma onların maraq dairələri bir az fərqlidir. Etiraf edək ki, əvvəlki jurnalistlər qədər peşəkar kadrlar  bu gün artıq az yetişir. Bu mövzuda danışanda təbii ki,  əsas  diqqət Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi və oradakı tədrisə yönəlir.  Düşüncə olaraq nəyisə tənqid etmək, nəticəyə gəlmək olar. Amma əsas şərt çıxış yollarını  göstərməkdi. Hər kəs bu sahədə necə kömək edə bilərsə,  o cür də kömək etsin. Tutalım ki,  biz jurnalistlər şəbəkəsi olaraq gənc jurnalistləri  təmənnasız təlimlərə,  sessiyalara , layihələrə dəvət edirik. Təlimlərimizdə əsasən günün reallığı olan onlayn  medianın xüsusiyyətləri,  sosial şəbəkələrdən istifadənin qaydaları, ondan  istifadə edərkən milli mənəvi dəyərlərin qorunması  və s. tədris olunur . Bu da bir yardım və xidmətin növüdür.

- Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsinin adını çəkdiniz. Ora ilə hər hansı bir ortaq layihə həyata keçirmək fikriniz varmı?

- Bizim əsas niyyətlərimizdən biri də jurnalistlərin peşəkarlıqlarını artması üçün layihələri icra etməkdir. Əlbəttə biz buna da hazırıq.


- Etika sırf insandan irəli gələn bir məfhumdur. Jurnalist etikası adlanan anlayış olsa da, jurnalist  öz peşə etikasından əlavə insan olaraq etik davranışlarına diqqət etməlidi. İnsan olaraq bunu bacarmayan jurnalistə peşə etik davranışlarını öyrətmək olarmı?

- Beş barmağın beşi də bir ola bilməz. Biz indi düşünək ki, bütün gənc jurnalistləri  etik davranışlara cəlb edək və biz bunu mütləq bacaracağıq. Bu çox qeyri –səmimi bəyanat  ola bilər. Əslində  biz etikanı yox,  televiziya jurnalistinə öz fəaliyyətini düzgün qurmağın yollarını öyrədirik. Etika da bunun içərisində var. Əgər o,bütün beynəlxalq səviyyədə qəbul edilmiş qaydaları təlimçilərimiz  tərəfindən göstərilən şəkildə düzgün qəbul edərsə , qaydaları yaxşı mənimsəyərsə etik prinsiplər baxımından səhv etməsi  mümkün olmayacaq . Siz deyən insanlar bu gün var və onlar bundan sonra da var olacaqlar.  Bir alim  60 il əvvəl demişdi ki, bir qəzetlə dünyaya açılan pəncərəni qapamaq olar. Amma bu 60 il əvvəl idi. İndi hər kəs sosial şəbəkədə, internetdə aktiv jurnalistdi. Onun Bakı Dövlət Universiteti  və başqa bir yerdən diplom almasına ehtiyac yoxdu. Onun Facebook hesabı var, onun bloqu var. Əlində smartfonu var  və o  gördüyünü yazır , çəkdiyini internetə yerləşdirir. Hər şey çox asanlaşıb. Artıq hər kəs jurnalist ola bilər. Amma hər kəs peşəkar jurnalist ola bilməz.  Yəni,  jurnalistikanın qaydaları var. Jurnalistikada  balans  olmalıdı. Onun öz yazı qaydası, yazı dili var, burada küçə sözləri , jarqonlar olmamalıdı. Əgər hansısa jarqondan istifadə olunursa ,o xüsusi işarə ilə göstərilməlidi. Əsaslandırılmalıdı ki,  niyə bundan istifadə edilib.  Məlumatın dəqiqliyi obyektivliyi yoxlanılmalıdı. Auditoriyanı bilməlisən.  Ona görə bilməlisən ki, yazın növbəti dəfə oxunsun. Yoxsa bir dəfə yazdın,  sonra o yazınla özünə elə bir ad qazana bilərsən ki,  növbəti yazın ümumiyyətlə oxunmaz .

- Jurnalistin dünya görüşü məsələsinə də toxunaq.  Fərqli baxış, analitik təhlil hamısı dünyagörüşdən yaranır. Bu gün sizin şəbəkə qarşı tərəfin dünyagörüşündən razı qalırmı?

- Bizim bir əsas problemimiz var. Bizim jurnalistlər bu gün çox az kitab oxuyur. Mən jurnalistikaya ilk qədəm basdığım illərdə kitablar oxuyurdum.  Amma ANS-ə gələndə Mir Şahin müəllimlə tanış oldum. Onda başa düşdüm ki,  indiyə qədər oxuduqlarım sayı  çox az imiş. Mən elə bil ki,  özümdə o boşluğu hiss etdim və hər gün öz üzərimdə işlədim , kitablar oxudum. Hər həftə,  hər gün kitab oxumağa başladım.  Bizim jurnalistlərin indi ən böyük  problemlərindən biri də xarici dil məsələsidir. Hesab edirəm ki,  jurnalist öz doğma dilindən başqa  azı iki dil də bilməlidir. Jurnalist bacarıqlıdırsa dil bilgisi onun istedadını ikiqat artırır. Bizim bu şəbəkə də   hər həftənin altıncı günü ingilis dilində müzakirələr təşkil edir.  Bu dəqiqə ən böyük çatışmazlığımız ingilis dilində bilən jurnalistlərin azlığıdır. İstəyimiz odur ki , bizim jurnalistlər də Avropa mətbuatına çıxa biləcək səviyyədə  ingilis dilində yazı  yaza bilsinlər.

- Fikrimizcə, bizim jurnalistlərin birinci problemi xarici dil bilgisizliyi deyil. Bizim birinci problemimiz öz dilimizi  bilməməyimizdi. Bəs bu cür kəsimlə hansı istiqamətdə işlər aparılmalıdı?

- Öz dilini yaxşı bilməyən jurnalist ola bilərmi ?!  O ilk növbədə doğma dilində yaxşı məqalə yaza bilməlidir . Öz ölkəsinin daxili auditoriyasını  düşünməlidir. Xarici dil bilib xarici mətbuata çıxmaq artıq sonrakı mərhələdi.

 - Hazırda ictimai fəaliyyətlə bərabər televiziya sahəsində də işinizi davam etdirirsiz. Bir az da bu barədə məlumat verərdiz.?

- ANS TV-dən uzaqlaşandan bir müddət sonra müstəqil olaraq fəaliyyət göstərməyə başladım. O ərəfədə maraqlı bir kitabla rastlaşdım. Den Braunun son əsəri olan “İnferno” əlimə keçdi. Müasir yazıçının  o əsərində Dantenin “İlahi Komediyası”ndan geniş söz açılır . O əsəri  oxuduqca başa düşdüm ki,  dünyaya gələn hər bir dahi insan hansısa bir mesajı bizə ötürür. Dantenin qəhrəmanı əvvəlcə cəhənnəmdən keçir,  orada  günahlar və cəzalarla  tanış olur, daha sonra Araf  mərhələsində təmizlənir. Mesaj odur ki, insan şəxsiyyət kimi formalaşmaq istəyirsə o hansısa çətinliklərdən,  problemlərdən keçməlidir, ən azı onları görməlidir.  Bu məntiq özü-özlüyündə mənə bir impuls verdi. Elə o ərəfədə də “Space” rəhbərliyi tərəfindən mənə bir  kriminal veriliş hazırlamaq təklif olundu. Əvvəlcə tərəddüd etdim. Çünki bu mövzuda heç vaxt veriliş hazırlamamışdım və proqramın spesifikasını da bilmirdim. Bunu etiraf etsəm də rəhbərlik tərəfindən dəstək gördüm.

Bundan başqa REC MEDİA QRUP prodakş şirkəti də bizə yardım etməyə başladı . Mən də bu dəstəyə arxalanaraq bu istiqamətdə çalışmağa başladım. Prinsip etibarilə düşüncəm o idi ki, ən ağrılı cinayəti müzakirəyə çıxararaq , o problemin sanki içindən keçərək işıqlı tərəfə addımlayaq. Burada  mahiyyət odur. Biz bir cinayət hadisəsini tam təfərrüatı ilə müzakirəyə çıxarırıq. Verilişin qonaqları arasında ictimai xadim, psixoloq da olur. Onlar bu cinayətin təfərrüatını müzakirə edirlər. Bu müzakirələr zamanı   çoxlu məqamlar  ortaya çıxır. Bizim də məqsədimiz bu idi . Fərqli bir kriminal verilişi  ərsəyə gətirməklə insanlarımızı maarifləndirməkdir.  Biz istəmədik ki, tamaşaçılar orada ancaq bıçaq, silah , qan görsünlər. İstədik , insanlar cinayət hadisəsindən nəticə çıxarsınlar , əsas işimiz maarifləndirmək olsun . Çünki hər kəs hər  an cinayət törədə bilər. Rastlaşdığımız psixoloji situasiyalar bəzən bizi buna məcbur edə bilir . Bunu alimlər, psixoloqlar da sübüt ediblər. Hər kəsin beynində, psixikasında bir cinayət nöqtəsi var. Sadəcə insan öz iradəsi, möhkəmliyi hesabına həmin nöqtəni qəfəsdən çıxmağa , hərəkətə keçməyə qoymamalıdır .

- Deməli burada əsas məqsəd sensassiya yox maarifçilikdir…

 Proqram artıq bir aydan çoxdur ki,  efirdədir . Biz burada cinayəti şou kimi təqdim  etmirik. Biz sadəcə cinayət məqamını göstəririk. Cinayət necə baş verdi , cinayətkar və onun qurbanı hansı hissləri  keçirib.  İnsanı bu cinayətə  hansı yollar aparıb çıxardı. Bu işlərin hamısı əlbəttə, sırf tamaşaçını maarifləndirmək üçün aparılır.  





Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü