Modern.az

İnternetdə uduzduğumuz Qarabağ - TƏHLİL

İnternetdə uduzduğumuz Qarabağ - TƏHLİL

16 Dekabr 2013, 12:30

Çağdaş zamanımızda rəqib ölkələr arasında informasiya müharibəsi aparılır. Bu müstəvidə hətta yalan olsa belə, öz istəklərini ətrafa inandıra bilən ölkələr qalib hesab olunurlar. Əgər illər öncə belə savaşlarda üstünlüyü telekanallar, qəzetlər təşkil edirdisə, bu gün situasiya tamam dəyişib. Hər kəsin əli çata bilən internet resursu vasitəsilə tərəflər öz mübarizələrini apara bilirlər. Burada əlavə bir şey istənilmir. Yetər ki, mübarizəyə qoşulasan.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizim ölkə də məcburən müharibəyə cəlb olunub. Demək biz də öz fəaliyyət istiqamətimizdə informasiya müharibəsini əsas prioritetlərdən biri götürməliyik. Yuxarıda qeyd etdiyimiz kimi, bunun üçün yalnız çalışmaq lazımdır. İnternet resursu istədiklərimizi bir saniyənin içində dünyanın istənilən yerinə ötürə bilir. Bəs, biz bunun öhdəsindən necə gəlirik?
Heç şühbəsiz ki, Azərbaycan informasiya müharibəsində müəyyən uğurlar əldə edib. Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çıxarılması baxımından ciddi layihələr var və bununla demək olar ki, beynəlxalq ictimaiyyətin Azərbaycana yönəlik baxışında xeyli dəyişiklik müşahidə olunur. Bütün bunlar əsasən dövlətin gördüyü işlərdir. Ancaq Qarabağ problemi ilə yalnız Prezident, dövlətimiz, Heydər Əliyev Fondu məşğul olmamalıdır. Həm cəmiyyətimiz, həm də mediamız bu məsələdə öz yükünü bilməli və onu öz üzərinə götürməlidir. Bu məqamda yalnız bir sualla hər kəsə, xüsusilə internet istifadəçilərinə müraciət edirik:

Qarabağla əlaqəli hər gün izlədiyiniz bir internet resursu varmı? Varsa oradan nə əldə edirsiniz? Təbii ki, biz jurnalist olaraq belə bir istəkdəyik. Çox arzulayarıq ki, bu məsələ ilə bağlı elə bir saytımız olsun ki, hər gün ermənilər bu saytda yazılanlara cavab vermək məcburiyyətində qalsınlar və aciz görünsünlər. Amma varmı belə bir saytımız?

Müşahidələr onu göstərir ki, internet məkanındakı fəaliyyətimiz siyasi müstəvidə irəliləyişlər və diplomatik savaşda əldə edilən uğurlara adekvat deyil. Adekvat olsaydı İrəvan xanlığı ilə, digər işğal olunmuş tarixi Azərbaycan əraziləri ilə bağlı saytlarımız dünyaca məhşur olardı. Təbii ki, burada ikili standart məsələsi var və bunu söyləyənlərlə müəyyən mənada razılaşırıq. Ancaq hakim neyləsə belə, tatamidə öz rəqibini yerə yıxan, onu nakauta salan idmançı şəksiz qalibdir. İnternet resurslarının verdiyi imkanları düzgün dəyərləndirməyən Qarabağla bağlı saytların əksəriyyətinin yaratdığı atmosfer informasiya müharibəsi şəraitində təəssüf ki, arzu olunan səviyyədə deyil. Yalnız “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin bu sahədə çabası bir qədər görünəndir.

Xəbər sindromundan əziyyət çəkən “Qarabağımız”

Araşdırmalar zamanı məlum oldu ki, Qarabağla bağlı hazırlanan saytların əksəriyyəti əsasən xəbər qıtlığından əziyyət çəkir. Məsələn, Dağlıq Qarabağ münaqişəsinin körüklənməsində rol oynayan və ermənilərin təxribatı olan Sumqayıt hadisələrini özündə ehtiva edən saytlarda bu tendensiyanı müşahidə etmək olar. www.sumqait.com Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərsə də, müşahidəmizə  əsasən deyə bilərik ki, sözügedən saytda əməlli-başlı xəbər azlığı mövcuddur. Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlar olsa da, son dövrlər birbaşa və dolayı yolla Azərbaycanın işğal olunmuş rayonlarına aid olan, siyasi proseslərlə bağlı informasiyalar demək olar ki, yox dərəcəsindədir.
Anl.az/xocali saytında da eyni durumu görmək mümkündür. Xocalı soyqırımı ilə bağlı digər saytların eyni problemi var.
Xankendi.az saytında isə vəziyyət nisbətən fərqlidir. Burada xəbər lentlərində müəyyən qədər bir “operativlik” olsa da, bu da tələblərə tam cavab vermir.
Karabakhinfo.com saytı 10 dildə fəaliyyət göstərir. Burada yuxarıda adını çəkdiklərimiz xəbər portallarından fərqli olaraq rəngarənglik daha çoxdur. Ancaq məqalə, müsahibə, araşdırma tipində yazıların burada yer alması xəbər sindromunu arxa plana keçirmir.

Sözügedən saytlarda ən yaxşı halda xəbərlər “copy-paste”dan ibarətdir. Siyahını bu qəbildən olan saytları sadalamaqla artırmaq olar. Amma yazını uzadıb bu məsələ ilə bağlı olan saytların hər biri haqqında ayrı-ayrılıqda eyni fikirləri söyləməyə lüzum görmürük.

“Həmin saytlar səhv məlumat da yaya bilər”

Modern.az saytı məsələ ilə bağlı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərovla əlaqə saxlayıb. O ilk olaraq  təmsil etdiyi qurumun “karabakh.az” adlı rəsmi saytının fəaliyyət göstərməməsi ilə bağlı məsələyə aydınlıq gətirib. O. Əkbərov bildirib ki, sözügedən saytın  serveri bu vaxta qədər ABŞ-da olub.

“Hazırda həmin serveri Azərbaycanda olan serverə köçürdüyümüz üçün bütün məlumatlar da bura “kopya”lanır. Ən geci bir neçə gün ərzində saytımız yenilənmiş formada öz fəaliyyətini bərpa edəcək”-deyə İcma rəsmisi bildirib. O.Əkbərov bu məsələ ilə bağlı ümumi mənzərəyə belə mövqe sərgiləyib ki, hər yerindən duran insan bilmədiyi sahələrlə bağlı sayt və ya internet resursları açmalı deyil:

“Bilirsiniz, mən də tərəfdarıyam ki, Qarabağla bağlı hər gün onlarla sayt açılsın. Ancaq bəzən belə saytların qeyri-dəqiq informasiya yaya biləcəyi istisna edilmir. Məlumatların düzgünlüyü, dolğunluğu çox mühümdür. İnformasiya müharibəsi dövründə yaşadığımız üçün internet resursları xüsusi əhəmiyyətə malikdir. Bizim verəcəyimiz yanlış məlumat daha sonra Azərbaycana qarşı istifadə oluna bilər. Qarabağla bağlı rəsmi dövlət saytları var. Heç olmasa həmin portallar bəzi məsələlərlə bağlı rəsmi saytlara baxıb məlumat yaymalıdırlar. Yenilənməklə bağlı söz açdığınız saytlarda ciddi problemlər olur. Saytın yenilənməsi və gündəm xəbərlərin qoyulması peşəkarlıq tələb edir. Bura xüsusi işçilərin götürülməsi, maaşların verilməsi əsas şərtlərdən biridir. Bunu etməyən saytlar ən azından yerləşdirdikləri statistik məlumatları dəqiq araşdırmalıdırlar”-deyə İcma səlahiyyətlisi söyləyib.

Yekun olaraq deyə bilərik ki, Qarabağla bağlı 100-lərlə saytımız var. Ancaq təəssüfedici məqam odur ki, bu sahədə erməni yalanlarını heçə endirəcək saytlarımız barmaqla sayılacaq dərəcədə azdır. Hər halda sayt açmaq xatirinə mahiyyətində heç bir dəyişiklik olmayan, dünya arenasında heç bir əhəmiyyətli yer tutmayan portalların olmaması yaxşıdır. Qarabağla bağlı qrant alıb sayt yaratmaq, sonra onu sahibsiz buraxmaq da doğru hal deyil.  

Aqşin Kərimov

P.S. Mövzuya qayıdacağıq

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı