Modern.az

"Nəsib bəy Yusifbəylinin nəvələri Türkiyə və Almaniyadadır, oğlu və qızı İstanbulda ölüb” - MÜSAHİBƏ

"Nəsib bəy Yusifbəylinin nəvələri Türkiyə və Almaniyadadır, oğlu və qızı İstanbulda ölüb” - MÜSAHİBƏ

17 Dekabr 2013, 17:32

“Kürdəmirdə öldürülən Cümhuriyət banisinin xələfləri  “Kürdəmir“ soyadı daşıyır”

Modern.az saytı Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Nəsib bəy Yusifbəyli haqqında araşdırmaçı-jurnalist Akif Aşırlıdan aldığı müsahibəni sizlərə təqdim edir:

– Nəsib bəy Yusifbəyli Azərbaycan ictimai-siyasi fikir tarixində çox böyük çəkisi olan siyasətçi, ideoloqdur. Azərbaycanda partiyalaşmanın əsasını qoyan insanlardan biri olub. 1905-ci ildə “Difai” partiyası yaradıldı. Erməni terroruna qarşı Azərbaycan ziyalılarının yaratdığı antiterror koalisiyası olan “Difai”nin əsas müəlliflərindən biri Nəsib bəy Yusifbəyli idi. 1905-06-cı illərdə erməni terroruna qarşı mübarizə aparan “Difai” sonrakı mərhələlərdə Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Əhməd bəy Ağaoğlunun vasitəsilə özünün yeni mərhələsinə qədəm qoyaraq 1917-ci ildə Türk Ədəmi Mərkəziyyə Firqəsinə çevrilir. Türk Ədəmi Mərkəziyyə 1917-ci ilin sonlarında Müsavat Partiyasına birləşdi. Müsavat Partiyası o vaxta qədər ümummilli partiya deyildi. 1917-ci ilə qədər əsas sosial bazası Bakı və Bakı ətrafı kəndlər idi. Müsavat Partiyasının üstünlük qazanması və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Kabinetində əsas potensiala çevrilməyinin səbəbi bu idi. Müsavat Nəsib bəy Yusifbəylinin Türk Ədəmi Mərkəziyyəsi ilə birləşəndən sonra ümummilli partiyaya çevrildi. Sonradan da hakimiyyət partiyası oldu. Bunu diqqətə almaq lazımdır ki, Gəncə və Gəncə ətrafı bölgələr, Borçalı və Göyçə ətrafına qədər Türk Ədəmi Mərkəziyyətin çox böyük nüfuzu olub. Rəsulzadə ilə bunların birliyi müstəqil Azərbaycan üçün çox böyük önəm daşıdı.

- Nəsib bəy Yusifbəylinin özü  kim idi?

– O, 1881-ci ildə Gəncədə anadan olub. Ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Gəncədə ruhani məktəbində  alıb. 1902-ci ildə Odessaya gedərək hüquq fakültəsində qəbul olub. Nəriman Nərimanovun tələbə yoldaşı idi. Baxmayaraq ki, Nərimanov tibb Nəsib bəy isə hüquq  üzrə təhsil alırdı, amma onlar çox yaxşı dost olublar. Onlarla birlikdə daha bir azərbaycanlı Xosrov bəy Sultanov da Odessada təhsil alıb. Bu üç tələbə sonradan Azərbaycanın ictimai-siyasi həyatında,  dövlət quruculuğunda çox müstəsna rol oynayıblar. Xosrov bəy Sultanov  Qarabağın general-qubernatoru olub. Azərbaycanın ilk hərbi naziri olsa da,  sonradan nazirlik Qafqaz İslam ordusunun Azərbaycana gəlişi səbəbindən ləğv olundu. Amma mülki qiyafədə ilk dəfə nazir o olmuşdu.

– Bu üç tələbə Odessada Azərbaycan naminə  nə etdilər?

– Onlar, üç nəfər tələbə orda Həmyerlilər Partiyası yaratdılar. Rusiya ərazilərində türklərin yaşadığı yerlərdə türkçülük, milliyyətçilik hərəkatı ki,  baş qaldırdı,  həmin vaxt bu üç nəfərin çox böyük xidmətləri oldu.  Onların da əsas ilham mənbəyi İsmayıl bəy Qaspiralı idi. Qaspiralı həmin vaxt Baxçasarayda “Tərcüman” qəzetini buraxırdı. Nəriman Nərimanovun  İsmayıl bəylə çox yaxşı əlaqələri var idi və sonradan Nəsib bəylə də onu  tanış etdi. Odessada universitet bağlandıqdan sonra o hüququ təhsilini Xarkovda davam etdirdi. Sonradan da Azərbaycana qayıtmadı və tələbə ikən əlaqə yaratdığı İsmayıl bəy Qaspiralının “Tərcüman” qəzetində çalışdı. Bu da onun düşüncəsinin formalaşmasında, ictimai-siyasi fəaliyyətinin artmasında türk-müsəlman aləminin  inkişafına  xidmət göstərməsində böyük rol  oynayıb.

Ailəsi haqqında araşdırmalar aparmısız. Ailəsi ilə bağlı bilinməyən bir-iki  məqamdan danışardız...

– Nəsib bəy İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım Qaspiralı ilə evləndi. İki uşaqları da oldu. Oğlunun adı Niyazi, qızının  da adı Zəhra olub. Nəsib bəy 1909-cu ildə, Şəfiqə xanımdan mədəni şəkildə ayrılıb. Çox mədəni ailə idilər. Lakin bir ailə ixtilafı nəticəsində bunlar bir-birindən ayrıldılar. İndi o ailə ixtilafının nə olduğu dəqiq deyilmir.  Şəfiqə xanım Qaspiralının özünün yazdığı kitabda bu barədə deyilir. Bunlar mədəni şəkildə ayrılsalar da əlaqələri qalırdı. Niyazi də,  Zəhra da Şəfiqə xanımın himayəsi altında böyüyür. Nəsib bəy də  bunlardan öz  atalıq borcunu əsirgəmir. Vaxtı-vaxtında gedir,  görüşür.  Şəfiqə  xanım da Nəsib bəydən ayrılmasına baxmayaraq, özünün məktublarında,  xatirələrində onu çox yaxşı təsvir edir. Onların məhəbbəti sonsuz olur. Şəfiqə xanım axıradək  heç kəslə evlənmir. Nəsib bəy evlənir, lakin həmin xanımdan  övladları  olmur. Əzizə Cəfərzadə həmin məktubları araşdırıb və çap edib.

– Ailəsi Bakıya gəlirmi?

– 1918-ci ildə Xalq Cümhuriyyəti yaranır. Bundan sonra Şəfiqə xanım və övladları Bakıya gəlirlər. Amma sonradan 1920-ci il 28 aprel çevrilişində Şəfiqə xanım da övladlarını götürüb İstanbula gedir. Nəsib bəy isə burda qalır. Həmin vaxt da bolşeviklər Cümhuriyyət liderlərini hədəf götürmüşdülər. 28 apreldən sonra Nəsib bəy Gürcüstana keçmək istəyir. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən çoxu yenidən təşkilatlanmaq və bolşeviklərə qarşı mübarizəni təşkil  etmək üçün Gürcüstanda yerləşmişdi.  Çünki Gürcüstan hələ sovetləşməmişdi. Bolşeviklərin nəzarətində deyildi. Nəsib bəy sürücüsü ilə yola çıxır.  Yevlaxdan Qarxunlu Əşrəf bəy  adlı çox mötəbər bir bəy,  zadəgan vasitəsilə Gürcüstana  keçmək istəyir. Əşrəf bəy çox adlı-sanlı bir adam idi və son dönəmdə parlamentin üzvi də olmuşdu. Lakin Nəsib bəy sürücüsü ilə yolda  gedərkən onları izləyən  bolşevik xəfiyyələri  tərəfindən qarşısı kəsilir. Nəsib bəy Cümhuriyyətin aparıcı şəxsi olduğundan,  böyük nüfuza sahibləndiyindən  onun aradan götürməsinin planını qururlar. Yolda bunların qarşısını kəsib maşını gülləbaran edirlər. Bu hadisə Kürdəmirdə baş verir.

– Nəsib bəyin məzarının olmaması bu gün də sual altındadır. O, hansı şəraitdə öldürülüb.?

– Bunun maşınının qarşısını kəsib gülləyə tuturlar. Nəsib bəy ölür, amma sürücü ağır yaralansa da aradan çıxır. Nəsib bəyin də  cənazəsini maşından çıxarıb bir tərəfə atırlar. Bolşeviklər elə bilirlər ki, Nəsib bəyin çamadanında qızıl, bahalı əşyalar, pul Cümhuriyyətin varidatı ola bilər. Açanda görürlər ki, orda çamadanda bir dəst köynək,  diş fırçası yəni,  gündəlik lazım olan bir iki əşya var.

– Bəs ailəsi onunla maraqlanmır?

– Şəfiqə xanım İstanbuldan onun ölümünü bilmir. Ümumiyyətlə, onun ölümündən çox sonradan xəbər tuturlar. Çünki qətli məxfi şəkildə həyata keçirilib. Onun meyitinin də tapılmamağının səbəbi budur. Şəfiqə xanım Qaspiralı axtarışa çıxır. Nəsib bəyi axtarır,  məktublar yazır,  ancaq onun məktublarına cavab gəlmir. Sonradan təsadüfən İstanbulda Nəsib bəyin sağ qalan sürücüsünü görür. O, Şəfiqə xanımla görüşdə  bütün baş verənləri nəql edir.

– Yenidən ailəsinə qayıdaq. Övladları kim idi? Nə işlə məşğul olublar?

– Nəsib bəyin oğlu Niyazi Yusifbəyli 1908-ci il təvəllüdlü idi. Bu hadisədən sonra Yusifbəyli soyadı yerinə özünə Kürdəmir təxəllüsünü götürür və Niyazi Kürdəmir adıyla da tanınır. Atası Kürdəmirdə qətlə yetirildiyindən bu adı özünə ləqəb götürür. O, Qalatasaray Universitetini bitirib. Türkiyədə onunla bağlı mətbu nümunələrə rast gəldim. Niyazi Yusifbəyli Kürdəmir azərbaycanlı mühacirlər Türkiyəyə yığışdığı vaxt qurultaylarda ən aparıcı  fiqurlardan olur. Kürdəmir ləqəbi ilə də yazılar yazır və bir neçə dili də səlis bilirmiş. Niyazi Kürdəmir 1962-ci ildə rəhmətə gedir və ölümü münasibətilə “Hüruriyyət”, “Milliyyət” qəzetləri başsağlığı verir. Niyazi bəy həm Yusifbəyli həm də Kürdəmir imzası ilə çap olunub. Məsələn,  1952-ci ildə “Türk izi” dərgisində çıxan yazılarda Niyazi Yusifbəyli 1956-cı ildə çıxan yazılarda isə Niyazi Kürdəmir imzalarından istifadə edir.

– Bu gün Niyazi bəyin övladları, yəni Nəsib bəyin nəvələri yaşayırmı? Onlar barəsində nə kimi məlumatınız var?

– Bu gün də Niyazi bəyin Ankarada iki övladı var. Biri Şaiqa Kürdəmir Qaspiralı kimi tanınır. Mənim onunla əlaqəm var. Telefon və e-mail vasitəsilə əlaqəmiz qalır. Özü vəkildi. Onunla bağlı geniş bir araşdırma aparıram. Əlimdə Nəsib bəyinb oğlu Niyazi Kürdəmirin 8 məqaləsi var. 28 aprelə aid yazdığı məqaləsində çox mühüm məsələləri araşdırır. Məqalədən aydın olur ki, 28 aprel günü bunlar Əhməd bəy Ağaoğlunun evində olublar. Nə baş verdiyini heç özləri də dərk etməyiblər.
“Bizim ordumuz hanı, bunlara qarşı niyə müqavimət göstərmir” deyə soruşur. Yazır ki, “axırıncı dəfə təhlükəli vəziyyət yarandığından bizi baş nazirin, yəni atasının maşını ilə Gəncə qatarına apardılar”.
Niyazinin özü Azərbaycanla bağlı yaranan bir neçə cəmiyyətdə fəal iştirak edib. Həsən bəy Zərdabinin oğlu ilə də çox yaxın dost olub. Onların ikisi  də bir jurnalda dərc olunub. Niyazi bəy bir neçə dili mükəmməl bilib. Məhz,  bu səbəbdən Türkiyədə olimpiya komitəsində beynəlxalq əlaqələrə məsul olub.  Türkiyənin beynəlxalq idman aləmində tanınması, idman oyunlarının təşkilində çox böyük fədakarlıq göstərir. O biri övladının adı Nəsib olur. İzmirdə yaşayır indi də sağdı. Övladlarının hər ikisi bu gün də yaşayır. Nəsib bəyin qızı Zəhranın nəvələri hazırda Almaniyada yaşayırlar. Özü isə 1995-ci ilə qədər İstanbulda yaşayıb.

– Hələ də məzarı bilinməyən Nəsib bəyi bu gün kifayət qədər tanıyırıqmı?

– O çox böyük fikir insani idi. Onun abidəsi olmalıdır, publisistikası, siyasi fəaliyyəti araşdırılmalıdır. Baxmayaraq ki o, İsmayıl bəy Qaspiralının qızından ayrılmışdı, İsmayıl bəy öləndə vəsiyyətini qızına yox, ona edib. Məlum hadisə səbəbindən onun məzarı bilinmir. Bu bolşeviklərin bir siyasəti idi.

 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi