Cari ilin 9 ayında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə 6 min 500 nəfər müraciət edib.
Modern.az-ın məlumatına görə, bu barədə Mərkəzdən bildirilib.
Qeyd olunub ki, iilk dəfə mərkəzə müraciət edənlərin sayı isə 3 min 355-dir. Bunlardan 850 nəfəri uşaqlar və yeniyetmələrdir. Son aylar mərkəzə bir gündə 20-30 müraciət daxil olur.
"Ümumiyyətlə, mərkəzə ən çox müraciət Vətən müharibəsindən sonrakı illərdə müşahidə olunub. Buna səbəb isə veteranlara da psixoloji yardım göstərilməsi ilə bağlıdır. Yaxşı xəbər odur ki, onlardan böyük bir qismi psixoloji cəhətdən artıq tam sağlamdır", - mərkəzdən "Azərtac"a verilən məlumatda deyilir.
Mərkəzə müraciət edənlər arasında azyaşlı pasiyentlər də var. Psixi Sağlamlıq Mərkəzində müalicə alan ən azyaşlı pasiyentin yaşı 4-dür. Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov uşaqlar arasında son dövrlər daha çox müşahidə olunan psixoloji problemlər haqqında da danışıb: “Diqqət çatışmazlığı, hiperaktivlik, autizm sindromu, adaptasiya problemi, inkişafdan geri qalma, təşviş kimi çatışmazlıqların rastlaşma tezliyində bir qədər artım var. Bu halları uşaqlarda müşahidə edən valideynlər və ya uşaq evinin mütəxəssisləri mərkəzə müraciət edir. Ötən il mərkəzdə müalicə alan uşaqların sayı 2 min 221 nəfər idisə, bu ilin 9 ayı ərzində 2 min 478-dir”.