Modern.az

Ekspert rəyi: ““Uşaq kanalı” açılsa, “Mədəniyyət” kanalının gününə düşəcək”

 Ekspert rəyi: ““Uşaq kanalı” açılsa, “Mədəniyyət” kanalının gününə düşəcək”

Media

21 Dekabr 2013, 10:56


“Əslində hər birimizin evində uşaq telekanalının açılmasına ehtiyac duyulur“. Bunu Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib. “Əlbəttə, Azərbaycan cəmiyyətində uşaqlar üçün kanalın olması məqsədəuyğundur. Çünki uşaqların tərbiyəsi, inkişafı xüsusi bir istiqamətdir, vacib bir sahədir. Reallıq budur ki, xüsusi uşaq telekanalının açılması üçün hazırlıq lazımdır. Cəmiyyət də buna hazır olmalıdır. Aidiyyəti istiqamətlərdə müəyyən işlər görülməlidir. Yeni kanal açmaq üçün kadr potensialı, maliyyə resursları olmalıdır. Bu istiqamətdə düşünür, araşdırma aparırıq. Belə bir kanal açılana qədər istərdik ki, bütün kanallar bu sahəyə diqqəti artırsınlar. Doğrudur, bütün kanallarda, xüsusilə, AzTV və İTV-də uşaq verilişləri gedir. Həm Şura rəsmisi olaraq, həm də ziyalı olaraq hesab edirəm ki, bunlar uşaq kanalının yaradılması üçün azdır. Bu verilişlərin sayı da, keyfiyyəti də artırılmalıdır”.

Q. Cəbiyev bildirib ki, kifayət qədər ənənələri olan ölkələrdə, o cümlədən Türkiyədə ayrıca uşaq kanalı var.
“Azərbaycan müstəqillik yolunda yeni inkişaf edir. Bütün vəzifələri eyni anda icra etmək mümkün deyil. Baxmayaraq ki, buna ehtiyac həddindən artıq çoxdur. İş kanal açmaqla bitmir. Tutaq ki, kanalı açdıq, orada nə nümayiş olunacaq?! Bizim nə qədər cizgi filmlərimiz var? Axı kifayət qədər milli cizgi filmlərimiz yoxdur. Başqa dillərdən dublyaj etməklə iş bitmir! Azərbaycan cizgi filmləri Azərbaycan mühitini, mədəniyyətini, psixologiyasını, Azərbaycan reallığını əks etdirməlidir. Uşaqlar o ruhda tərbiyə olunmalıdır. Bu yaxınlarda milli cizgi filmlərinin çəkilməsi üçün bir çox araşdırma apardıq və çoxsaylı problemlərlə qarşılaşdıq. Məlum oldu ki, lazım olan texniki baza , kadrlar yoxdur. Yenə deyirəm bünövrə, baza olmalıdır. Uşaq kanalı açıb onu lazımi səviyyədə işlədə bilməmək əlavə problemlər yaradar. Arzu edərdim ki, həm telekanallarda, həm də radiolarda müasir tələblərə cavab verən uşaq verilişləri redaksiyaları formalaşsın. Bura sorğularını cavablandıra bilən peşəkarlar, mütəxəssislər cəlb edilsin. Əgər bunlar mümkün olarsa, o baza əsasında uşaq kanalı açmaq daha real olacaq. Bir daha təkrar edirəm ki, bu gün uşaq kanalının açılması məqsədəuyğundur, vacibdir, amma buna hazır deyilik”.

Televiziya sahəsi üzrə ekspert Zeynal Məmmədli belə kanalın yaradılmasının real olmadığı məqamlara toxundu.
“Düşünürəm ki, indiki şərtlər daxilində uşaq telekanalının yaradılmasına ehtiyac yoxdur. Azərbaycanın reklam bazarı, media bazarı haqqında məlumatımız yoxdur, müstəqil medianın idarə olunmasında çoxlu qaranlıq məqamlar var, medianın özünün müstəqillik baxımdan problemləri var. Uşaq kanalının yaradılması üçün kadrlar və ilk növbədə media psixologiyasını öyrənən, media auditoriyasını yaşına görə özəlliklərinə bələd olan kadrlar lazımdır. Bir telekanal yaratmamışdan öncə ortalıqda aktual bir veriliş olmalıdır. Necə gerçəkləşəcək, bunun üçün qüvvə varmı və cəmiyyətin buna ehtiyacı nə qədərdir”.

Z. Məmmədli bildirib ki, hətta maliyyə tapılsa belə, bütün bu işlər görülmədən uşaq televiziyasının yaradılması, “Mədəniyyət” kanalının gününə düşməsi ilə nəticələnəcək. “Özünüz düşünün “Mədəniyyət” kanalı yaranandan sonra Azərbaycan mədəniyyətində nə dəyişiklik oldu?! Deyə bilərsinizmi, hansı ciddi diskusiyalar getdi?! İnsanların mədəni potensialında artım müşahidə olundu?! Bütün bunların pərdəarxası ciddi məqamları araşdırılmalıdr. Əgər İTV-nin, AzTV-nin uşaq redaksiyaları varsa, dövlət büdcəsindən onlara böyük maliyyə vəsaiti ayrılırsa, ortaya nə çıxarırlar?! Uşaqlarla bağlı sənədli filmlərmi çəkirlər?! Uşaqlara valideynlərlə, yaşlılarla münasibətlərimi aşılayırlar?! Dünyanın bir hissəsi kimi dünya ilə ünsiyyətəmi hazırlayırlar?! Bütün bunlar olmayandan sonra bu mövzu ətrafında danışmaq “Saman çöpündən yapışmaq” təsiri bağışlayır”.

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!