Modern.az

Azərbaycanda rəqəmli yayımın təşkilini “ATV+” şirkətinə MTRŞ verib - AÇIQLAMA

Azərbaycanda rəqəmli yayımın təşkilini “ATV+” şirkətinə MTRŞ verib - AÇIQLAMA

Media

8 Yanvar 2014, 13:12


“Rabitə və informasiya texnologiyaları nazirinin göstərişinə əsasən, rəqəmli yayım artıq tətbiq olunur. Ölkə əhalisinin 97%-i istənilən an rəqəmli yayıma baxa bilər. Kommersiya rəqəmli yayımının təşkili hələlik Bakı və Gəncə şəhərlərində tətbiq edilib. Bu, “ATV+” şirkəti tərəfindən həyata keçirilir. Həmin şirkətə lisenziyanı Milli Teleradio Şurası verilib”. Bunu Modern.az saytına açıqlamasında RİTN-nin texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva deyib.

Nazirlik rəsmisi əlavə edib ki, rəqəmsal yayımda kommersiya hüquqlarının həyata keçirilməsi məhz MTRŞ-nın səlahiyyətlərinə daxildir.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov isə öz növbəsində bildirib ki, 2007-ci ilin aprel ayında “ATV” şirkətinə “Efir-kabel xidmətlərinin təşkili üçün xüsusi razılıqlı lisenziya verilib.

 “2013-cü ilin sonunda isə lisenziyanın vaxtı 6 il müddətinə uzadılıb. Buna uyğun olaraq da şirkət kodlaşdırılmış yayımı həyata keçirir. İstənilən şəxs bura abunə ola bilər. BBTV, KATV, H telefon, “Ailə” TV və ümumilikdə 13 lisenziya almış qurum var ki, bunlardan biri də “ATV+” şirkətidir. Onlar müstəqil kommersiya şirkəti olduğuna görə, abunə haqqını özləri müəyyən edir. Peşə müstəqilliyi prinsipinə əsasən, Şura məsələlərə qarışmır. Bu “Televiziya haqqında” qanunun 2-ci maddəsi ilə tənzimlənir”.

Qeyd edək ki, ölkədə  rəqəmsal teleyayıma keçidlə əlaqədar yanvarın 1-dən vətəndaşlara iki sosial və kommersiya tipli paketlər təklif olunur. Sosial paketlərdə yerli, yəni dövlət və özəl televiziyaların yayımı pulsuz, kommersiya tipli paketlərdə isə xarici kanalların pullu yayımı nəzərdə tutulur. Bu ilin yanvarın 1-dən rəqəmsal yayıma keçidin tam başa çatması ilə vətəndaşların xarici kanallara açıq paketdə baxması məhdudlaşdırılıb. 
İndi vətəndaşlar rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi qurğulara qoşaraq xarici kanallara baxa bilərlər. Kommodul tipli həmin qurğuları əldə etmək üçün “ATV+” şirkətinin satış mərkəzinə müraciət etmək lazımdır. Modeli köhnə olan televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan istifadə edilməlidir. 
 
Hazırda pulsuz sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.
 
"ATV+" paketinə isə 86 xarici kanal daxildir. Paketin aylıq abunə haqqı 9 manat dəyərindədir. Amma ona qoşulmaq üçün lazım olan avadanlığa görə də 50 manat ödəmək gərkdir.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır