Modern.az

ANS-in aparıcısı: “Mənim verilişimdə heç kim cin çıxarda bilməz”

ANS-in aparıcısı: “Mənim verilişimdə heç kim cin çıxarda bilməz”

13 Yanvar 2014, 14:26

“Qafqaz Müsəlmanları İdarəsinin açıqlamasında ümumiyyətlə “Adam içində” verilişindən söhbət getməyib“. Bunu Modern.az-a sözügedən verilişin aparıcısı Elgiz Əkbər dedi.

“İdarənin fətva şöbəsinin rəhbəri Mirəziz Seyidzadəyə yanlış informasiya verilib. Guya, “Adam içində” verilişində qızın ürəyindən cin çıxarmışıq. Bu tamamilə yalnış informasiyadır. Veriliş yayımlandı, qızın ora çıxacağını mən bilmirdim. Qardaşı bildirdi ki, qız burdadır. Mən dönə-dönə soruşdum ki, qız müzakirələrimizə mane olmaz ki? Dedilər: “Yox”. Orda mütəxəssis, nevropatoloq, ekstrasenslər var idi. Veriliş zamanı qızda qəribə hallar oldu, bu hamının gözü qabağında baş verdi. Respublikanın baş psixoloqu Nadir İsmayılov “Adam içində”yə zəng etdi ki, “o qızı mənim yanıma gətirin. Onu elmin köməyilə sağaldacağam”. Razılıq verdik və qərara gəlindi ki, birinci günü qız həmin həkimin yanına aparılsın. Verilişdə baş verənlər budur”.

E. Əkbərin sözlərinə görə, həmin qızın 2011-ci ildə çəkildiyi bir kadr verilişin davamı kimi məqsədli şəkildə və qərəzlə saytlara yerləşdirilib.

“Diqqətlə baxanda yuxarıdakı tarix aydın görünür. O məsələnin mənim verilişimlə heç bir əlaqəsi yoxdur. Mən heç vaxt verilişimdə belə bir şeyin olmasına imkan vermərəm. Mənim verilişimdə heç kim cin çıxarda bilməz. Ola bilər ki, verilişdə bu səpkidə müzakirələr olsun, amma belə bir şey mümkün deyil. Cin-şeytan çıxarmaq çox gülüncdür. Mən bunu edənləri qınayıram. Hesab edirəm ki, hər bir xəstənin dərmanı həkimdədir. Yalan informasiya yayanları qınayıram. Ayıbdır!”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi