Modern.az

“Hazırkı jurnalistikamiz miskin, sıxılmış görkəmdədir” - MÜSAHİBƏ KLUBU

 “Hazırkı jurnalistikamiz miskin, sıxılmış görkəmdədir” - MÜSAHİBƏ KLUBU

Media

14 Yanvar 2014, 12:16

Femida.az portalının yaratdığı Müsahibə Klubu facebook qrupunun növbəti qonağı “Media forum” saytının parlament müxbiri İmdad Əlizadə olub. Həmkarlarının jurnalistə verdiyi sualları və İmdad Əlizadənin maraqlı cavablarını təqdim edirik.

TƏRCÜMEYİ-HAL:

İmdad Əli oğlu Əlizadə 1980-ci ilin mayın 2-də Laçının Oğuldərə kəndində anadan olub. 1992-ci ildə ermənilərin Laçını işğal etməsi nəticəsində məcburi köçkün düşüb. 1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisası üzrə bakalavr pilləsində oxuyub. 2002-2004-cü illərdə hüquq psixologiyası üzrə magistraturada təhsil alıb. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Hazırda BDU-nun doktorantıdır. 1998-ci ildən mediada çalışır. “İntibah”, “Persona”, “Həftə içi”qəzetlərində, “525-ci qəzet”də və “Trend” İnformasiya Agentliyində işləyib.2009-cu ildən “Media forum” saytının əməkdaşıdır. Saytın parlament müxbiridir. “Lider” Qadınlar İctimai Birliyinin “Salatın Əsgərova” mükafatını alıb. Bu mükafatı Azərbaycan mətbuatında qadın problemlərinin işıqlandırılmasında və cəmiyyətdə qadının müsbət obrazının təbliğindəki fəaliyyətinə görə alıb. “Qaradağ Sement” ASC ilə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının mükafatına layiq görülüb. “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının və Gənclər Təşkilatları Milli Şurasının mükafatına layiq görülüb.

Anar Məmmədov (Milli.az): -  İmdad, deyirlər ki, hər kəs qocalanda öz peşəsinin görkəmini alır. Səncə, biz jurnalistlər qocalanda hansı görkəmi alacağıq?

- Əgər doğurdan da belədirsə, jurnalist heç zaman qocalmaqdan qorxmamlıdır. Çünki jurnalistika döyüşkən, bağlı qapıları döyməyə, ört-basdır edilməyə çalışılan işlərin üstünü açmağa, maskaları yırtmağa qadir peşədir. Bu baxımdan jurnalisti qocalıqda da yaxşı görkəmdə təsəvvür etmək mümkündür. Söz heç vaxt ölmür, o daim cavan və gumrah olur, öz mövqeyini qoruyub saxlayır.  Bütün bunlarla yanaşı Azərbaycan jurnalistlərinin bir az gec qocalmalarını, qocalsalar da mətbuatımızın indiki durumuna deyil, ya yaxşı günlərinə, ya da mətbuatın klassik formasının görkəmini almalarını arzulayıram. Çünki hazırkı jurnalistikamiz miskin, sıxılmış görkəmdədir.

Jalə Məmmədli (APA TV): – İmdad, sən peşəkar jurnalistsən, təvazökarsan. Öz imkanlarından daha çox istifadə edə bilərsən. Amma nəyə görə illərdir “Media forum”da işləyirsən? Heç dəyişiklik etmək fikrin yoxdurmu?

- Jalə, fikirlərinə və suala görə çox sağ ol. Əksər hallarda insanlar iş yerləri haqda razılıqla danışırlar, yeni işə keçdikdən sonra isə köhnə iş yeri, kollektiv haqda fikirlərini də dəyişirlər, mənfi sözlər deyirlər.  Amma sizi əmin edirəm ki, “Media forum” haqda nəinki indi, hər zaman yalnız yaxşı formada danışa biləcəyim bir iş yeridir. Düzdür, hər zaman hər şeydən razı qalmaq mümkün deyil. Bu baxımdan zaman-zaman mənim də narazı qaldığım məsələlər olub. Məsələn, digər aparıcı saytlar, agentliklərdə çalışan həmkarlarımla müqayisədə az maaş alıram. Amma müsbətlərlə mənfiləri tərəzinin gözünə qoyanda birincilər ağır gəlir. Ona görə hələ “Media forum”dayam və yəqin ki, uzun müddət də burada olacam.

Azər Sarıyev (MSK Katibliyinin Media və İctimai əlaqələr şöbəsinin müdiri): – Həddindən artıq abırlılıq repartyor üçün maneə deyilmi? Bəzən olubmu ki, müsahibinin çox abırsız adam olduğunu görüb sən də adekvat hərəkət edəsən?

 - Böyük maneədir. Məsələn, mən indiyədək heç zaman yas yerindən yazı hazırlamamışam. Hansısa bir tanınmış şəxs dünyasını dəyişəndə, ya kiminsə ailəsində faciə baş verəndə, əsgər meyiti gətirilən zaman yas yerinə getsəm, ora gələnləri, mərhumun yaxınlarını danışdıram, bunu edə bilmirəm. Hətta yas yerindən ümumi görüntü çəkməyi də bacarmıram. Bunu edən həmkarlarımın işini yüksək qiymətləndirirəm, amma özüm bacarmıram. Əvvəlləri xatırlamıram, amma son zamanlar belə hallar çox olub. Xüsusən də söhbəti başa çatdırmadan, sağollaşmadan telefonu bağlamaq formasında həddini aşan hərəkətlərlə üzləşmişəm. Amma cavablarını da alıblar. Elələri də olub ki, təkrar zəngə cavab verməyəndə ya başqa nömrəli telefondan zəng etmişəm, ya da mesaj yazmışam. Təkrar zəng edəndə də deyirlər ki, suallarınla adamı dolaşdırırsan, bizi qarışmaq istəmədiyimiz qalmaqallı məsələlərə qoşursan və sair. Onda da deyirəm ki, telefona danışığını yarıda kəsmək əvəzinə bir kəlmə deyə bilərsən ki, bu haqda danışmaq istəmirəm, heç nə yazma. Onda mən də deyərəm ki, heç bir problem yoxdur. Yaxud da sual verirsən, onu cavablandırmaq, məsələyə aydınlıq gətirmək əvəzinə yaxşı məsləhət verirlər. Bunu bir neçə dəfə dinləyirsən. Sonra görürsən ki, bu, adət halını alır. Onda dözə bilmirsən. Açıqlama verib, sonradan fikirini dəyişənlərdən isə heç danışamağa dəyməz. Onlarla bir qədər yumuşaq danışsan, adamı yüz məsələdə ittiham edərlər.

Günel Əbilova (Qafqazinfo): –  2014-cü ildə evlənəcəksənmi?

- Dəqiq deyə bilmərəm. Amma inşallah bu il subaylığın son ili olar. Bilirəm ki, dostlarım bunu gözləyir. Mən də onları sevindirərəm.

Elgün Mənsimov (“Azərbaycan” qəzeti): – Hansı rüzigar atdı səni mətbuata?

- Maraq, həvəs və ehtiyac. 1992-ci ildən “Azadlıq”, dövlət radiosunun, bir neçə il ondan sonra isə BBC, “Amerikanın səsi” radiolarının daimi dinləyicisi olmuşam. Harada olsam xəbərlər başlayanadək özümü evə çatdırırdım. BBC radiosunun qaynar nötqələrdəki müxbirərinin adlarını əzbər bildirdim. Xüsusən də Tomas de Valın rus-çeçen müharibəsindən hazırladığı reportajları sakit dinləmək olmurdu. O, Çeçenistanda ən ağır döyüşlərin getdiyi nöqtələrdən xəbər veridi. Həmişə xəyal edirdim ki, nə vaxtsa mən də belə edə bilərəmmi?

Təxminən 15 yaşım olandan hər gün qəzet almışam. Bəzən qəzet üçün yaşadığımız Köhnə Günəşlidən şəhərin mərkəzinədək gəlmişəm. Universitetə yeni daxil olmuşdum, hər gün dərsə gedəndə mənə indiki rəqəmlərlə desəm 60 qəpik xərc verirdilər. Mən də dayanacağa çıxan kimi onun 20 qəpikini verib qəzet alırdım, 40 dəpik isə gedib-qayıtmağa bəs edirdi. Bir ara mənim hobbim dünyanın prezidentlərinin, baş nazirlərinin, xüsusən də xarici işlər nazirlərinin siyahısını tutmaq, onu əzbərləmək idi. Avropa ölkələrinin, müsəlman dövlətlərinin, MDB-nin xarici işlər nazirlərinin əskəriyyətinin ad, soyadını əzbər bilirdim. Bunları mətbuatı izləməklə edirdim. Bütün bunlar mətbuata gəlməyimdə rol oynayıb. Həmişə hadisə yerində olmağa, prossləri yerində izləməyə, baş verənlərin şahidi olmağa can atmışam. Bu gün də belədir. Məncə reportyorluq jurnalistikanın ən maraqlı sahəsidir. Hə, bu maraq və həvəs hissəsi…

Məni mətbuata gətirən həm də ehtiyac rüzgarı idi. Məcburi köçkün olan doqquz nəfərlik böyük ailəmiz çətinliklə dolanırdı. Ailəmizin qazancı yalnız atamın müəllim maaşı idi, vəssalam. Bir də qardaşlarım meyvə-tərəvəz satırdı. Tələbəlikdən əvvəl bunu birlikdə edirdik, artıq universitetə dərsə getdiyimə görə onlara kömək edə bilmirdim. Birinci kursun sonunda həm təhsilimi davam etdirmək, həm də ailəmə kömək etmək üçün işləmək qərarına gəldim. Başqa yol yox idi, buna məcbur idim. Qəzet almışdım, yeni bir qəzetin tezliklə nəşrə başlayacağı haqda elan oxudum. Dərsdən çıxandan sonra elanda yazılan ünvanı axtarmağa başladım. Birinci gün ünvanı tapa bilmədim. Sabahı gün yenidən axtarıb tapdım. Baş redaktor Alya Yaqublu ilə görüşdüm, iş axtardığımı söylədim. Dedi ki, bir yazı yaz gətir baxım, xoşuma gəlsə götürərəm. Getdim və ABŞ-ın o zamankı dövlət katibi Madlen Olbraytın Moskvaya səfəri haqda yazı yazdım. Baş redaktor bəyəndi. Beləliklə, “İntibah” qəzetində işə başladım. Alya Yaqublu isə mənim ilk baş resaktorum olub. O gündən mətbuat mənim həvəslə çalşıdığım və yaşayışımı təmin edən sahədir.

Azər Mustafayev (“Ülfət” qəzeti): – Təhsil aldığın ixtisas üzrə işləmək fikrin var? Hüquq psixologiyası maraqlı sahələrdəndir.

- Həqiqətən də hüquq psixologiyası çox maraqlıdır. Bir elm ki, iki mühüm və insanı özünə cəlb edən elmin-hüquq və psixologiyanın qovşağında yerləşə, o necə maraqsız olar?! Bundan başqa, Azərbaycanda psixoloqlara, psixoloji xidmətə böyük ehtiyac var. Biz psixoloji xidməti yaxşılaşdırmaqla bir sıra problemləri aradan qaldıra bilərik. Hazırda doktoram. Hüquq psixologiyası sahəsində çalışmağa böyük həvəsim var. Amma jurnalistikaya olan maraq da az deyil. Dostlar deyirlər ki, ikisini də etmək olar. Yəni həm jurnalist kimi çalışmaq, həm də hüquq psixologiyası ilə məşğul olmq mümkündür. Mən də belə etmək istəyirəm.

Seymur Qasımbəyli (ictnews.az): – BDU-da oxuyan bir çox tələbənin Akademiya bağı ilə bağlı xatirələri vardır. Sən də ara-sıra Akademiya bağını təmir edəni, o ağacları, kolları budayanı qınayırsan, nədir bunun səbəbi? O budaqlarda çoxlu imzaların vardı? Budandı, getdi hamısı o budaqlarla bərabər? O nisgildirmi səni bu vaxta qədər subay saxlayan?

 - Məndə də xatirələr var. Təbii ki, onları bölüşməyəcəm. Çünki bəzi xatirələr bölüşülmədiyinə görə gözəldir. O ağacları, kolları budayanları qınamaqla gənclərin hüquqlarını qoruyuram. İmzaların az-çox olduğunu deyə bilmərəm. Amma hər halda vardı. Budaqları kəsmək olar, xatirələr isə qalır. Subaylığın o məsələlərlə bağlılığı yoxdur. Akademiya bağı ilə belə geniş sual verməyin özü çoxlu suallar doğurur (gülür).

Məhərrəm İbrahimov (“AzərTAc”): – Yadda qalan ən yaxşı müsahibəni kimdən almısan?

 - Ən yadda qalan müsahibə bir necə keyfiyyətinə görə fərqlənməlidir. Bura müsahibin kimliyi, müsahibənin ictimai əhəmiyyəti, toxunulan mövzu, onun aktullığı kimi məsələlər daxildir. 2013-cü ilin yanvar ayında əsgər ölümləri ölkədə ciddi rezonans doğurmuşdu, xüsusən də əsgər Ceyhun Qubadovun ölümü. Buna etiraz olaraq gənclər aksiya təyin etmişdilər. Həmin dövrdə Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandiri, Milli Qəhrəman, general Rövşən Əkbərovdan aldığım müsahibəni ən yaxşı müsahibəm sayıram. Bundan başqa, keçmiş deputat Gülər Əhmədova həbs olunandan sonra ondan ilk müsabəni “Media forum” saytı almışdı və çox yaxşı müsahibə idi. Keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini olan İsmət Abasovdan, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdan, kinorejisor  Rüstəm İbrahimbəyovdan aldığım müsahibələri də ən yaxşılardan sayıram.  Bunları fərqləndirməklə digər müsahiblərimə də haqsızlıq etməyim. Bütün müsabiblərimin fikirlərini maraqla dinləyib yazıram.

Bəxtiyar Məmmədli (müstəqil jurnalist): – İmdad, Laçın işğal edilməsəydi yenə jurnalist olardın? Yoxsa başqa sahəyə üz tutardın? Ümumiyyətlə bu barədə fikirləşmisənmi?

 - Bəxtiyar, gözəl bilirsən ki, bu işğal bizim taleyimizi tamamilə dəyişib. Torpağımız, canımız, evimiz, malımız, mülkümüz gedib. Bunu özün də yaşamısan. Jurnalistikaya gəlməyimdə ailəmizin yaşayışının ağır olması da rol oynayıb. Ailəmizin çətin dolanması da erməni işğalının nəticəsi idi. Əgər Laçın işğal olmasaydı, çox şey fərqli olacaqdı. Təhsil almağına mütləq alacaqdım. Amma hansı peşə ilə məğul olacağımı deməkdə çətinlik çəkirəm. Yəqin ki, yenə də jurnalist olardım. Çünki jurnalistikaya çox böyük marağım vardı və bu gün də var. Görünür, filoloq ailəsində böyüməyimin də buna təsiri olub. Burada bir məsələyə toxunmaq istəyirəm. Bəzi adamlar düşünürlər ki, əgər Ermənistan bizim 20 faiz torpaqlarımızı işğal etməsəydi, orada yaşayanlar heç vaxt şəhərə gəlməzdi, təhsil almazdı, ev, maşın sahibi olmazdı elə oralarda mal-qoyun saxlayardı. Bu, tamamilə yalnış təsəvvürdür. Əksinə, qaçqınlıq, məcburi köçkünlük kimi bu ağır dərd olmasaydı, işğal olunmuş rayonlarda yaşayan insanların sosial durumu indikindən daha yüksək olardı, orada böyüyən uşaqlar təhsildə daha yüksək nəticələr göstərərdilər. Allah heç kəsi didərgin etməsin.

Amid İsgəndərov (“İnterAz” TV): -  Kifayət qədər yerli KİV-lərdə çalışmısız. Hansı xarici KİV-dən sizə təklif gəlsə çalışmağa razılıq verərsiz?

- Maraqlı olar. Bir neçə dəfə belə imkan yaranıb. Amma xarici dil bilməməyim problem yaradıb. Əgər uyğun şərtlər olsa qəbul edərəm. Bu da maraqlı bir təcrübə olar. Xüsusəndə böyük media korparasiyalarının münaqişə bölgələri üzrə reportiyoru olmaq istəyərdim.

Nizam Rzayev (Lent.az): – İmdad, bildiyimə görə son illərdə xeyli saytlardan iş təklifi almısan. Amma “Mediaforum”u başqasına dəyişməmisən. Elə bir təklif olubmu ki, sonradan onu qəbul etmədiyinə görə peşman olasan. Səncə müxbirin öz peşəsi ilə bağlı maksimumu nə olmalıdır?

-Təkliflər aldığımı təsdiqləyirəm və məni işə çağıranlara, haradasa işçi axtaranda mənim namizədliyimi irəli sürənlərə ayrı-ayrılıqda təşəkkür edirəm. İş təkliflərinə “yox” demək mənəvi baxımdan mənə çox çətin olur. Belə edəndə özümü sanki o insanlara hörmətsizlik eləmiş kimi hiss edirəm. Hər dəfə də “yox” cavabımın belə qəbul edilməyəcəyinə ümid edirəm. “Media forum” saytındakı mühit mənim ruhuma daha yaxın olduğuna görə heç hara getmək istəmirəm. Təklifləri qəbul etmədiyimə görə peşmançılıq keçirməmişəm və keçirmirəm.

Pərvanə İbrahimova (BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri): – Bakı Dövlət Universitetini bu qədər sevməyinizin səbəbi nədir? Bakalavr, magistr, indi doktorant, bəs sonra?

- Mən bu suala nəyinki geniş cavab verə bilərəm, bununla bağlı kitab yazmağa belə özünü hazır sayıram. Çünki Bakı Dövlət Universiteti mənim arzularımın universitetidir. BDU Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təcəssümüdür. Bu universitet sanki adamı özünə çəkir. Ali məktəblər arasında ilk dəfə Bakı Dövlət Universitetinin adını eşitmişəm. Mənim atam bu universiteti bitirib. Mərhum əmim Ağa Laçınlı uzun illər BDU-da dərs deyib. Əmimin övladları da bu universiteti bitirib. Ona görə də Bakı Dövlət Universiteti bizim ailəyə çox doğmadır. Universitetdə ilk dəfə 1994-cü ildə, on dörd yaşım olanda olmuşam. Universitetin qarşısında dayananda, oranın tələbələrini görəndə fikirləşirdim ki, görəsən mənə də burada oxumaq qismət olacaqmı. Bu arzuma dörd il sonra çatdım. BDU mənim üçün yalnız təhsil ocağı deyil, həm də həyat məktəbidir. Özü də yaxşı həyat məktəbi.

Orxan Əli (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi): – İmdad, jurnalistika sahəsini, bu peşəni sevdiyini bilirəm. Amma son zamanlar bu sahədən soyumuş kimi görürəm. Yaxşı şans düşsə bu sahədən gedəcəksənmi?

- Bir necə dəfə belə şans olub getməmişəm. Yəqin ki, yenə də getmərəm. Amma “hər dəqiqənin bir hökmü var” deyimini də unutmuram. Jurnalistikdan isə soymamışam, indi də həvəslə işləyirəm. Təbii ki, bəzən məhsuldar, bəzən zəif günlər olur. Bu da gündəmdən asılıdır.

Elməddin Muradlı (“Üç nöqtə” qəzeti, APA TV): -  BDU-da müəllim işləməklə jurnalistikada qalmaq arasında seçim etməli olsan hansını seçərsən?

- Bu mənim üçün ən çətin seçim olardı. BDU-da müəllim işləməyi seçərəm. Amma mətbuatla da əlaqəmi kəsmərəm, daimi yazaram. Çünki jurnalistikaya olan marağım və həvəsim qətiyyən azalmayıb.

Ümidə Həsənli (“Baku Post” qəzeti): – Xahiş edirəm, sualımı da qeyri-ciddi qəbul etməyin: İmdad, ikinci dəfə həyata gəlmək fürsətin olsa yenə də jurnalistikanı seçərsən? Sual ritorikdir, ona görə də cavab da ritorik ola bilər.

- Bu mənim ən çox xoşladığım sualdır. Həmişə bütün müsahiblərimə bu sualı verirəm. Televiziyada, saytlarda, qəzetlərdə müsahibələrə baxanda, oxuyanda “yenidən həyata gəlsəydiniz filan peşəni seçərdinizmi” sualına rast gələn kimi, diqqətim bu suala verilən cavaba yönəlir, onu həvəslə oxuyuram. Hətta, özüm də bütün müsahiblərimə bu sualı verirəm. Hansısa qurumun mətbuat xidmətinin rəhbərindən açıqlama alıram və sonda mütləq soruşuram. Siz yenidən həyata gəlsəydiniz mətbuat xidmətinin rəhbəri olardınız? Sualın məsələyə aidiyyatı oldu-olmadı soruşuram. Cavabını da yazmıram. Hətta bir dəfə yaşayış binasında güclü yanığını çətinliklə söndürmüş, qan tərin içində olan, üz-gözünü hiss basmış, nəfəsi kəsilə-kəsilə danışan yanğınsöndürən birqadanın komandirindən soruşmuşdum ki, yenidən həyata gəlsəydiniz yanğınsöndürən peşəsini seçərdiniz?  Həmişə özümə də sual verirəm ki, yenidən həyata gəlsəydin jurnalist olardın. Onda mənə belə bir vəhy gəlir: Sən yenidən həyata gəl baxarıq. Amma nədənsə Azərbaycanda müğənnilər heç vaxt yenidən həyata gələndə bu sənəti seçmək istəmirlər. Bax, belə…

Jurnalist olmağımdam peşman deyiləm. Baxmayaraq ki, jurnalistika maddi mənada mənə heç nə qazandırmayıb, ev, avtomobil, var-dövlət sahibi etməyib. Mən bu peşəni sevirəm. Sevdiyim işlə məşğul olmağım isə mənə zövq verir, ruhum dincəlir. Fikirləşirəm ki, bu peşəni seçməklə düz etmişəm.

Elmar Hüseynov (simsar.az): – İmdad, hökumətdən ev gözləyirsən?

- Jurnalistlər üçün tikilən binadan ev almaq istərdim. Xırdalıqlarına toxunmayacam, amma dostlar buna ehtiyacım olduğunu bilirlər. Yeni tikilən binadan mənzil alacağıma ümid edirəm. Qismət olsa alarıq.

Sevinc İltifatqızı (Azvision.az): – 2015-də ev paylanılan zaman ev almaq üçün müraciət etməyi düşünürsən?

- Belə bir niyyətim var və müraciət edəcəm.

İlkin İzzət Bağırov (“Trend” İA): – Parlamentdə ən çox xoşladığın və xoşlamadığın şey nədir?

- Qanunların yekdilliklə qəbul olunması, parlamentə gələn nazirlərin jurnalistlərdən yayınmaq üçün arxa qapıdan gəlib getmələri.

P. S. Həmkarları İmdad Əlizadəyə suallar ünvanlamaqla yanaşı, onun haqqında yüksək fikirdə olduqlarını bildirib, xoş sözlər işlədiblər. Sualların həmin hissələri geniş olduğundan ixtisar edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI