Modern.az

Jurnalistlər kimin kitabını oxuyurlar?

Jurnalistlər kimin kitabını oxuyurlar?

Media

14 Yanvar 2014, 14:36


Texnikanın inkişafının insanlara vaxt qazandırmağına baxmayaraq, zaman azlığından şikayət hər dövrdə olduğu kimi, bizim dövrdə də var. Bəs həyatın bu sürətli axarında mənəvi ehtiyaclarımızı ödəyə bilirikmi, məsələn, bədii əsər oxumaq kimi? Modern.az saytı jurnalistlərə müraciət edib. İnformasiya, gündəm, xəbərlə işləyən bu insanlar bir köşəyə çəkilib, bu aləmdən uzaqlaşıb mütaliə ilə nə qədər məşğul olur?

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: “Mən həm işimlə bağlı, həm də özüm bədii əsər oxumağa həmişə maraqlı olmuşam. İndi də bədii əsərlər oxuyuram. Son günlər yeni “Zero” kitab mağazası açılıb. O mağazaya getdim, 70 manatlıq kitab aldım. Orada Cəlil Cavanşir, Aqşin Yenisey kimi gənc yazarların da kitabları var idi, onlardan da aldım. Ondan öncə də Xalid Hüseyninin yeni çıxan romanını almışam. Bu dəqiqə onu oxumaqla məşğulam. Hər günüm oxumaqla keçir. Mənim o qədər sevdiyim yazıçı var. Çağdaş türk yazıçılarından Elif Şafak və Orhan Pamuku çox sevirəm. Azərbaycan ədəbiyyatında da Yusif Səmədoğlunun “Qətl günü” romanı çox sevdiyim əsərdir”.

ANS-in “Açıq söhbət” verilişinin aparıcısı Elçin Əlibəyli: “Ümumiyyətlə, mənə elə gəlir ki, qiraət özü də bir qrafikə söykənməlidir. Düzdür, indi mən elmi işimlə əlaqədar olaraq elmi kitablara daha çox üstünlük verirəm. Amma çalışıram ki, bədii əsərləri də vaxtaşırı, sistemli şəkildə oxuyum. Müasir müəllifləri, dünya ədəbiyyatından elə nümunələr var ki, tutaq ki, onları oxumamışam, oxuyuram.
Bədii ədəbiyyat bir az da əhval söhbətidir, misalçün özünü kökləyirsən ki, mən bunu oxuyum, çoxdandır oxumamışam, haqqında eşitmişəm, və yaxud da təkrar oxuyum.
Mən vaxtaşırı oxuduğum üçün istənilən müəllifin adın çəkə bilərəm ki, axırıncı kimin əsərini oxuyub tamamlamışam. Amma misal üçün deyim ki, “Don kixot” -  məşhur gürcü rejissoru Rezo Çxeidzenin “Don Kixot və Sançonun həyatı” filminə yenidən baxdım. O filmə uşaq vaxtı baxmışdım. Və mən məcbur oldum kitabı təzədən götürüb müqayisəsini aparım, çünki bu barədə yazı yazıram. Yəni sırf işimlə bağlı, axırıncı onu səhifələyirdim. Çünki o filmdə çox maraqlı bir rejissor traktofkası var. Ona görə mən məcbur oldum, təzədən “Don Kixot”u səhifələyim ki, misalçün o məqamlar var idi, yadımdan çıxmışdı. Azərbaycanda çıxan 150 cildlik dünya ədəbiyyatını çox vaxt çox vaxt götürürəm, müqayisəli şəkildə baxıram, görüm tərcümə necə alınıb. Bax, bunlara daha çox meyl eləyirəm. Bu yaxınlarda “Məsumiyyət muzeyi”ni oxuyub tamamladım. Məndə bədii ədəbiyyat bir az əhvalla bağlıdır. Dünya ədəbiyyatından çox sevdiyim yazıçılar Çexov, Bulqakov, Markes, Milan Kunderadır. Azərbaycan ədəbiyyatından İsa Muğanna, Sabir Əhmədlinin adını çəkə bilərəm. Dünya ədəbiyyatından çoxdur. İndi mən hamısını demədim, parlaq yadımda qalanlar, hansısa əsərləri ,xüsusilə, mənim həyatımda hansısa iz buraxıbsa onları qeyd elədim”.

“Ayna-Zarkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: “Mən bədii ədəbiyyatı həmişə oxuyuram. Yəni, oxumasam nəsə çatışmayacaq mənim üçün. Hal-hazırda çox kitab oxuyuram. Bunlardan biri fransız yazışısı Lesajın (Alen Röne Lesaj) “Əlil cin” əsəridir. Sevdiyim yazıçı deyərkən ağlıma ilk gələn Ernest Heminqueydir. Onun əsərlərini çox xoşlayıram. Bizim ədəbiyyatdan yaxşı, maraqlı əsər olanda oxuyuram. Xüsusi sevdiyim yazıçı yoxdur”.

“APA-Holdinq”in rəhbəri Vüsalə Mahırqızı: “Əlbəttə, vaxt tapıram. Hazırda Umberto Ekonun “Qızılgülün adı” əsərini oxuyuram. Bizim gənc yazarların bütün əsərlərini, demək olar oxumuşam. Çünki çoxu həm də mənim iş yoldaşlarımdır. Əsərləri çıxan kimi, hətta çıxmamış gətirib verirlər, oxuyuram. Ekodan əvvəl də gənc yazarlardan Cavid Zeynallının “Leyla” romanını oxumuşam. “Leyla” romanı “Azərbaycan” jurnalında dərc olunub, amma kitab şəklində hələ çıxmayıb. Məncə, çıxandan sonra yaxşı bir səs-küy salacaq.
Dünya ədəbiyyatında, ümumiyyətlə ədəbiyyatda ən sevdiyim yazıçı Heminqueydir. Bundan başqa Cek Londonu sevirəm, Markesi, təbii ki, oxuyuram. Türk ədəbiyyatından son zamanlar Elif Şafak, İsgəndər Palanın əsərlərini oxumağı sevirəm. Açığı Orhan Pamuku da oxuyuram, amma o qədər mənim üçün doğma deyil, dili bir az əziyyət verir.
Azərbaycan ədəbiyyatında da nə çıxırsa, istəyir yaşlı, istəyir gənc nəsil, xüsusilə də gənc nəsil nə yazırlarsa, hətta şeirləri, bəzən kiçik saytlarda hekayələrini bacardıqca oxuyub dəyərləndirməyə çalışıram. Amma gənc yazarlar arasında mənim dilinə görə ən sevdiyim yazıçı Şərif Ağayardır”.

Jurnalist Seymur Verdizadə: “Mən hər gün mütaliə eləyirəm. Həm mətbuatı, həm ədəbiyyat saytlarını, həm də ki kitab oxuyuram. Son vaxtlar Azərbaycanda ədəbiyyat portallarının sayı artdıqca, mən mütaliəni daha çox bu portallar üzərindən həyata keçirirəm. Yəni istər kulis.az saytı, istər axar.az saytı olsun, istər kultura.az saytı, digər saytları da izləməklə həm dünya ədəbiyyatından tərcümələri, həm də Azərbaycan ədəbiyyatından yenilikləri ədəbiyyat portalları vasitəsilə təmin edirəm. Hazırda Dəyanət Osmanlının Osmanlı padşahlarının həyatından bəhs edən kitabını oxuyuram. Dostoyevskinin bir neçə əsərini oxumuşam, çox sevirəm. Knut Hamsunun  “Aclıq” ,“Torpağın bərəkəti” romanlarını oxumuşam, o yazıçını da çox sevirəm.

Bizim yazarlardan siyasi mövqeyindən asılı olmayaraq hesab edirəm ki, Əkrəm Əylisli yaxşı yazıçıdır. Sözlə rəftar eləməyi bacarır. Çox sevdiyim yazıçılara Anar, İsa Hüseynov da daxildir.
Vaxtilə Salam Qədirzadə, Əlibala Hacızadəni də oxumuşam. Hazırda onlar bədii-estetik cəhətdən məni təmin eləmir. Hesab edirəm ki, onlarda əbədi yük zəifdir, yəni, o əsərlər bu gün artıq mənim ədəbi zövqümü oxşamır.
Klassiklərimizdən Cəfər Cabbarlını çox sevirəm. Hesab edirəm ki, Cəfər Cabbarlı heç olmasa yarım əsr yaşasaydı, dünya səviyyəli bir yazıçı olardı. Azərbaycan ədəbiyyatında da Cəfər Cabbarlının özünəməxsus izi var, hətta mən onu dəfələrlə öz dövründə yaşayan rus yazıçıları, digər xalqların yazıçıları ilə müqayisə eləmişəm. Sadəcə, Sovet dövründə Azərbaycanda, kiçik bir ölkədə doğulduğu üçün o, ədəbiyyat tarixində layiq olduğu qiyməti ala bilmədi.
Elə yazıçılar var ki, mən onları hansısa bir əsərinə görə çox sevirəm, yəni, o yazıçı mənim yaddaşıma əbədi həkk olunub. Onlardan biri də Artur Heylidir, sadəcə “Aeroport” romanını oxumuşam. Çox maraqlıdır, bütün gənclərə, ədəbiyyatsevərlərə o əsəri məsləhət görürəm”.

Publika.az-ın baş redaktoru Aynur Camalqızı: “Təbii ki, vaxt ayırıram, amma ürəyimin istədiyi qədər yox. Bizim işimiz, online media işi elədir ki, hətta gecədən səhərə qədər də bəzən gözünü saytdan çəkə bilmirsən. Yəni, işimiz o qədər çox vaxt tələb edir. Ona görə də ürəyim istəyən qədər vaxt ayıra bilmirəm. Mən çox istəyərdim ki, hər gün iki saat mütaliəyə vaxt ayırım. Amma bunu həmişə eləmək olmur. Ancaq boş vaxtım yaranan kimi ,təbii ki, mütaliə eləməyə çalışıram. Kitabxanamda bir xeyli sayda oxunmalı kitab var ki, çalışacam ki, indi də olmasa heç olmasa yayda bir aylıq bir istirahət müddəti götürüm və onları oxumaq imkanı qazanım.
Hazırda Barak Obamanın “Ümidin cəsarəti” kitabını oxuyuram. Açığı, mən bizim tərcüməçilərin işini bəyənmirəm. Amma hələ ki, yeni başlamışam, bu kitabın dili mənim çox xoşuma gəldi. Kifayət qədər oxunaqlıdır, adamı incitmir, yormur və hiss elədim ki, çox yaxşı, ustalıqla tərcümə olunub. Amma elə tərcümə olunmuş əsərlər də var ki, mən onları oxuyub başa çatdırana qədər nə boyda əsəb keçirirəm. Çünki ana dilimizi çox bərbad hala qoyurlar, çox başdan getdi tərcümələr edirlər, çoxlu təkrarçılığa yol verirlər. Ümumiyyətlə, Azərbaycan dilinin qrammatikası çox kobud şəkildə pozulur. Bunu həmin kitabları nəşr edən naşirlərə də dəmişəm, tərcümə edən insanlara da demişəm. Ümumiyyətlə, bu fikirdəyəm ki, hər xarici dil bilirəm, tərcümə eləməyi bacarıram deyən adama ədəbiyyat vermək olmaz. Onların tərcüməsinə güvənmək olmaz.
Bu yaxınlarda Con Qolsuorsinin külliyatını, bir neçə əsərini oxudum, həddindən artıq bəyəndim. Knut Hamsunu çox bəyənirəm. Onun Azərbaycan dilinə tərcümə olunmuş əksər əsərlərini oxumuşam. Təbii ki, Markesi çox sevirəm. Amma çox təəssüf ki, son vaxtlar Markesin də bəzi əsərlərini tərcümədə çox bərbad hala salıblar. Siyahı çoxdur. Sonra Mopassanı çox bəyənirəm. Onun hekayələrində o qədər fikir, fəlsəfə var, bəzən bir balaca hekayəsini düşünmək, müzakirə eləmək üçün adama saatlar bəs eləmir. 
Öz yazıçılarımızdan Vaqif Səmədoğlu, Salam Sarvan, Aqşin Yeniseyi çox sevirəm. Elçinin bəzi əsərlərini həddindən artıq bəyənmişəm. Amma bütün əsərlərinə onu şamil eləyə bilmirəm. Çünki Elçin daha çox şəhər həyatından və şəhər mədəniyyətindən yazan bir yazıçıdır. Məsələn, mənim aləmimdə, mənim kitab dünyamda onun atası İlyas Əfəndiyevin başqa yeri var. Çünki İlyas Əfəndiyev daha çox kənd həyatından, kənd koloritindən, köçəri həyatından yazıb. Mən o həyatla doğmalıq hiss eləyirəm”. 

 

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi