Modern.az

Kəfən

Kəfən

15 Yanvar 2014, 00:45

Balaca sandıq idi. Ustundədə gəlin-bəy şəkli vardı. Altında köhnə əlifba ilə “Xoşbəxt olun” yazılmışdı. Amma heç kim nə o sandığı açmaq səlahiyyətinə malik idi, nədəki “onun icində nə var” deyə soruşmağa. Adətən bu cür gizləmli sandıqlardan qızıl, pul və ya başqa cür qiymətli əşyalar çıxır. Mən hələ onda çox uşaq idim. O gizləmli sandığın üstündə oturmaq, birdə üzərinə çıxıb yerə atlamaq xoşuma gəlirdi. Nənəmin sandığı idi o.

Nənəm də elə hər zaman eyni sözü deyirdi “a bala əmanətsən, yıxılıb ölərsən”. İndi fikirləşirəm ki, niyə bir yerini əzərsən yox, məhz ölərsən. İllər keçdi, mən böyüdüm və o sandığın üstündən yıxılıb ölmək təhlükəsi qalmadı. Amma sandığın yeri dəyişməmişdi. Əslində nənəmin, amma elə hamının cəm olduğu otaqda kimə stul yetmirdisə, gedib otururdu o sandığın üstündə. Əvvəllər “onun içində nə var” deyib maraqla düşünənlər üçün o artıq evin küncündə üzərində oturmaq üçün yararlı bir əşyaya çevrilmişdi.   

Bir dəfə zarafatla nənəmə dedim ki, “o sandığın içindəkini mənə vəsiyyət et”. Dedi ki, “boş-boş danışma”. Mövzunu qısa kəsmişdi və mən bunun yersiz zarafat olduğundan utanmışdım. Bir neçə il sonra torpaqlar işğal olundu. Qaçqınlıq (rəsmi olaraq məcburi köçkünlük) başladı. Artıq o bir yerə toplaşan, gözəl evi, bağ-bağçası olan ailə yox idi.  Paytaxtda kim harda yer tapmışdısa, ora sıgınmışdı.

Bir gün nənəmin də sığındıgı evə getdim. Təbii ki, rayondakı evlə müqayisəyə gəlməyəcək bir yer və tanışların verdiyi köhnə əşyalarla qurulmuş soyuq beton ev. Birdən gözüm o sandığa sataşdı. Elə bil başımdan isti su tökdülər. Məəttəl qalmışdım. O boyda evdən çıxan bu sandıqdısa, demək doğurdanda içində qiymətli əşyalar var. İndi buna sevinim ya da kədərlənim?  Bir tərəfdən də maraq məni rahat buraxmırdı.  
Dedim ki, “nə yaxşı sandığı çıxara bilmisiniz?”
Evdəkilərin cavabı bu oldu ki, “o sandıq nədisə bilmirik, amma nənəni o sandıqsız maşına mindirə bilmədik...”. O evdə yaşamadığım üçün sual vermək, araşdırmaq da mənə düşmürdü. Amma “burda yaşayanlar necə səbr edir” deyə düşündüm. Belə halları biz kinolarda görürük.  

Bir gün nənəm xəstələnmişdi. Qızını, oğlunu, nəvələrini başına yığıb vəsiyyət edirdi. Dedi ki, 2o sandıqda mənim  yas mərasimim üçün hər şeyi hazırlamışam. Kəfənim, üzümü örtmək üçün ipək, pambıq və pul”.
Hamı şokda idi. Yəni illərdir o sandığın sirri bir kəfənmiydi? Açarı da verdi, dedi ki, “açın onun içindəkiləri havaya verin. Bir də baxın, nəsə çatmırsa, pensiyamla alın”. 

Naftalin qoxan sandıqda hər şey qoyuldugu kimi dururdu. Bircə köhnələn nənəmin illər öncə onun içinə qoyduğu pul idi. O pul indi heç nəyə yaramazdı.  Pul çıxarıldı, kəfən və digər əşyalar yerinə qoyuldu. Sandığın agzı yenidən baglandı. Bir də sandığın içində gəlinlik vardı. İndiki dəblərə uygun ağ gəlinlik yox, zərli parçadan uzun gəlinlik və qırmızı örpəyi.

O hadisənin üzərindən 10 il keçib. Hələ də sandıq yerində və hər kəsin gözü o sandıqda. Artıq kimsə o sandığın üzərində oturmur. Hamı içindəki kəfənin br gün boynuna dolanacağından vahimələnir. 
Bir insanın illərlə kəfəninə baxaraq yaşaması hər halda çox ağır bir hiss olmalıdır. Nənəmdən soruşandakı “sən bu sandığa kəfənini nə zaman qoymusan?”.
Cavab verdi ki, “gəlinliyimi çıxarandan sonra. Mən hər gün öləcəyəm deyə, düşünüb yaşadım ki, pis insan olmayım”. Pis insan olmamaq üçün buna ehtiyac vardımı? Kim səni məcbur edirdi pis ol? Cavabı belə oldu: “İnsan övladı yalnız biri öləndə ölümünü xatırlayır və dünyanın faniliyini düşünür. Mənsə bunu hər gün xatırladım”. 

Əslində bu hekayə bir insanın yaşamla ölüm arasındakı yaşantılarından bəhs edir. Dünyaya dörd əllə sarılanlar, var-dövlət sahibləri də nənəmin illərlə qoruduğu o kəfənlə tərk edəcək bu dünyanı. Ac-susuz qalan, övladlarına tualetdən ev duzəldib yaşayanlar da... Sadəcə bir fərq olacaq, bir qism cəhənnəmi bu dünyada, bir qisımsə o dünyada yaşayacaq. Cənnətlik olaq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü