Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər” - “Görünür qismətimiz beləymiş...” - yeni RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər” - “Görünür qismətimiz beləymiş...” - yeni RUBRİKA

Media

15 Yanvar 2014, 16:51


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.
Modern.az saytı yeni bir rubrika təqdim edir: “Qeyri-ixtisaslı jurnalistlər”.

Bu rubrikada siz imzasını, özünü tanıdığınız, bildiyiniz, haqqında eşitdiyiniz, həm də bəyənmədiyiniz jurnalistlərin ixtisası ilə tanış olacaq, jurnalistikaya gəliş səbəblərini biləcəksiniz.

“Bizim yol” qəzetinin əməkdaşı Məmməd Süleymanov: “1994-cü ildə Tibb universitetini bitirmişəm. İxtisasca həkim-cərraham. Hospitalda il yarım işləmişəm. Tələbəlik vaxtımdan “İstiqlal” qəzetində yazırdım. Düzü, planım Bakıda işdən çıxıb “zastava”ya getmək idi. Elə alındı ki, daha həkimliyə qayıtmadım. Birbaşa “7 gün” qəzetində redaktor kimi işləməyə başladım. Jurnalistika mənim üçün elə bir peşə oldu ki, burada heç kəsdən asılı olmayaraq çalışmaq, istədiyim işlə məşğul olmaq mümkün idi. Gördüm həkimlikdə də artıq insanın ağası var. Yəni, nə vaxtsa mən həkimliyi ona görə seçmişdim ki, ən sərbəst peşədir. O vaxt ki anladım xeyr, burada da insanın başı üstündə dayanırlar və məhdudlaşdırırlar. Ona görə də həkimlikdən getdim. Düzdür, indi jurnalistikanı da məhdudlaşdırırlar. Ancaq əvəllər jurnalistika çox azad peşə idi. Yəni, jurnalistika mənə həm azad göründü, həm də həmişə yazmaq arzum olub. Hələ məktəb vaxtından fikirləşirdim ki, ya həkim olacam, ya jurnalist. İkisinə də eyni gözlə baxırdım.
Jurnalistikaya gəldiyimə qətiyyən peşman deyiləm. Şadam ki, bu işdə çalışıram”.

“Yeni Müsavat” qəzetinin redaktoru Zahid Səfəroğlu da jurnalistikada daha faydalı olduğunu düşünür:
“Leninqrad Əczaçılıq İnstitunu bitirmişəm. O sahə üzrə 11 ilə yaxın işləmişəm. Aptekdə işlədiyim müddətdə elə “Yeni Müsavat”, “Müxalifət” və s. qəzetlərə yazılar göndərirdim. 1996-cı ildə oradan təkilif gəldi ki, bu əməkdaşlığı rəsmiləşdirək. Qabil Abbasoğlu “Müxalifət” qəzetinin siyasət şöbəsinin redaktoru idi. Mən də dəvəti qəbul elədim. Yəni, bu cür alındı. İl yarım “Müxalifət” qəzetinin siyasi şöbəsinin müxbiri kimi çalışdım. 1998-ci ilin avqustunda Qabil Abbasoğlu ilə birgə “Yeni Müsavat” qəzetinə gəldim. Rauf bəy bizi dəvət eləmişdi. O vaxtdan bu qəzetdəyəm. Peşman da deyiləm. Məncə, bu sahədə cəmiyyətimizə, xalqımıza daha faydalı ola bilmişəm. Hər halda təvazökarlıqdan uzaq olsa da, bunu deyə bilərəm ki, tibb sahəsində bu səviyyəyə, bu göstəriciyə nail ola bilməzdim. Mən bu sahədə özümü daha faydalı gördüm, ona görə peşman deyiləm. Həm də Müsavat Partiyasının üzvüyəm, bu da bir mövqedir, bu da mənim mübarizəmin tərkib hissəsidir.
Jurnalistikaya gəlişimi təsadüfi saymıram. Taleyim, qismətim beləymiş, belə şeyə inanıram. Mənim ümumiyyətlə ilk yazım hələ 90-cı ilin sentyabrında Lənkəranda apteklər idarəsində işləyəndə “Azadlıq” qəzetində çıxıb. O vaxt parlement seçkiləri dövrü idi. Bu seçkilərlə bağlı bir yazı göndərdim, dərc olundu”.

Lent.az-ın baş direktoru Qabil Abbasoğlu: “İxtisasca mühəndis-mexanikəm. Ancaq o sahədə çalışmamışam. Çünki institutun 3-cü kursundan mətbuatla əməkdaşlıq edirdim. O vaxt qeyri-leqal nəşr olunan “Yeni Müsavat” qəzetiylə əməkdaşlıq edirdim. Öz ixtisasım üzrə təhsili də əla nəticələrlə-fərqlənmə diplomu ilə bitirdim. O istiqamətdə elmi iş arxasınca getmək fikrim də var idi. Ancaq şərait elə dəyişdi ki, maraqlı olduğu üçün, özümü rahat hiss etdiyim bu sahədə qaldım. Qətiyyən peşman deyiləm”.

“Mediaform” saytının baş redaktoru Azər Qaraçənli jurnalist kimi çalışsa da öz ixtisasından taməmən qopa bilmədiyini deyir:
“İxtisasım psixoloqdur. Öz ixtisasım üzrə heç vaxt işləməmişəm. İlk dəfə 1993-cü ildə mətbuatda “Azadlıq” qəzetində məqalərlə çıxış elədim, elə həmin ildə o qəzetdə işə düzəldim. Və o vaxtdan jurnalistika sahəsində çalışıram. Bu sahədə olduğum üçün arabir peşmançılığım olub. Çünki mən universitetdə təhsil aldığım psixologiya ixtisasını təsadüfü seçməmişdim. Psixologiya elminə böyük marağım var idi. Amma görünür elə belə də olmalıymış. Görünür, mən daha çox jurnalist olmaq istəmişəm ki, gəldim bu sahədə işlədim. İnsanın özünü reallaşdırmaq, özünü ifadə eləmək istəyi çox güclü istəkdir. Yəqin ki, mən elm sahəsində yox, jurnalistika kimi ictimai-siyasi meydana daha yaxın olan bir sahədə özümü reallaşdırmağı məqbul saymışam. Amma psixologiya elmi çox gözəl elmdir və mən əslində o elmdən ayrılmamışam. Çünki demək olar, hər həftə fəlsəfi, psixoloji ədəbiyyata aid kitabları oxuyuram. Kitabxanamda bu elmə aid xeyli kitablar qalır. Psixologiyanın bir az başqa elmlərdən fərqi ondadır ki, kütləviliyə yaxın elmdir. Hər kəs müəyyən qədər psixoloqdur. Psixologiyanın hər kəsə aidiyyatı var və hər kəsin də düşüncələriylə psixologiya elminə yaxınlığı var”.

Misranə Həsənzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir