Modern.az

“Qeyri-ixtisaslı jurnalistlər” - “Burada daha uğurla qabağa getmək olur” - RUBRİKA

“Qeyri-ixtisaslı jurnalistlər” - “Burada daha uğurla qabağa getmək olur” - RUBRİKA

17 Yanvar 2014, 15:36


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

Bu rubrikada siz imzasını, özünü tanıdığınız, bildiyiniz, haqqında eşitdiyiniz, həm də bəyənmədiyiniz jurnalistlərin ixtisası ilə tanış olacaq, jurnalistikaya gəliş səbəblərini biləcəksiniz.

“Ayna-Zarkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı: “İxtisasca ingilis və alman dilləri müəllimiyəm. Jurnalistikaya gəlməmişdən əvvəl müəllim yox, tərcüməçi işləmişəm. Bədii tərcümə ilə məşğul olurdum və 1986-cı ilə qədər iki bədii tərcümə kitabım çıxıb. Biri ingilis dilindən birbaşa tərcümə, biri də Azərbaycan türkcəsinə uyğunlaşdırdığım Əziz Nesinin “Futbol kralı” əsəri idi. Yazıçıların əsərlərindən etdiyim tərcümələr də müxtəlif qəzet və jurnallarda çap olunmuşdu. Sonra əsgərliyimi çəkdim. Orada komendaturada işlədim, yəni qulluq elədim, tərcüməylə məşğul idim. Sonra “İnturist”də işlədim, tərcüməylə məşğul oldum. Daha sonra Təhsil Nazirliyində işlədim. Sonra “Azərbaycan kommunist jurnalı” na gəldim. Beləliklə, jurnalist fəaliyyətinə başladım.
İş orasındadır ki, mən müəllim olmaq istəmirdim. Sadəcə olaraq bizdə qabaq institutların böyük əksəriyyəti pedaqoji təhsil verirdi. Yəni, tərcümə fakültəsi, ölkəşünaslıq, filan, belə şeylər yox idi. Həm də yadınızadan çıxartmayın ki, yazıçı ailəsində böyümüşəm və gözümü açandan yazı içində olmuşam. Təbii, jurnalistikaya gəlişimdən razıyam”.

“APA-Holdinq”in rəhbəri Vüsalə Mahırqızı qazanc azlığı səbəbindən ixtisası üzrə işləməyib: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. 1-ci kursdan jurnalistika ilə məşğul olmuşam. Ondan sonra da həmişə jurnalist kimi fəaliyyət göstərmişəm. Öz ixtisasım üzrə çalışmamışam. Ancaq praktika dövründə, işsiz qaldığım qısa müddətlərdə şagird hazırlaşdırmışam. Jurnalistikaya gəlməyimdə marağımın da rolu var. Amma Azərbaycanda şərtlər normal olsaydı, müəllim kimi daha yüksək qazanc əldə eləmək imkanı olsaydı, mən məmnuniyyətlə öz ixtisasımla məşğul olardım. Çünki filologiya fakültəsinə sevərək getmişəm. Hesab edirəm ki, çox yaxşı bir filoloq da olardım. Həm bakalavrı, həm magistraturanı özüm qırmızı diplomla qurtarmışam.
Müəllimlərimin də böyük əksəriyyəti tanınan adamlardı, universiteti necə oxuduğumu onlar da təsdiqləyə bilər. Sadəcə, bu gün paralel olaraq elm arxasıyca getmək, maddi ehtiyaclarını təmin edib, eyni zamanda elmlə də məşğul olmaq olar. Açığı, mən ona görə jurnalistikanı seçdim, burada daha uğurla qabağa getmək olur. Çox razıyam. Özümü jurnalistikadan başqa heç bir sahədə də təsəvvür eləmirəm. Gələcəkdə də jurnalistikadan kənar heç bir işlə məşğul olmaq fikrim yoxdur”.

Ədalət” qəzetinin köşə yazarı Etibar Cəbrayıloğlu jurnalistikaya gəlişinin uğurlu qərar olduğunu düşünür: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoq-təşkilatçı fakültəsini bitimişəm. O sahədə az işləmişəm. Sonra iş elə alındı ki, mətbuata gəldim və burda qalası oldum. Heç yana getmək haqqında fikirləşmədim. Peşman da deyiləm. Mətbuat imkan verdi ki, cəmiyyətin müxtəlif təbəqələri ilə, xüsusilə tanınmış insanlarla görüşdüm, siravi insanları tanıdım. Özüm də daha çox tanındım. Ona görə hesab edirəm ki, hər iki tərəf üçün pis qərar olmadı, həm mətbuat, həm də mənim özüm üçün”.

“Həftə içi” qəzetinin redaktoru Səbinə Əvəzqızı: “Hüquqşünasam. Ancaq heç o sahədə işləməmişəm. Tələbə vaxtından “Press-fakt” qəzetində işləməyə başladım. Gördüm ki, hüquqşünas olmağımın jurnalistikada çox ciddi köməklikləri oldu. İşimə başlayanda jurnalistikanın müəllimləri o vaxt “Press-fakt”daydılar. Mənim də ilk müəllimlərim elə bil onlar idi. Hər planlaşdırmada mənə mövzunu çox gözəl izah edirdilər. Onlardan çox şey öyrənmişəm. Bildiyimə görə, indiyə qədər oxuduğum yazılara əsasən, deyə bilərəm ki, riyaziyyatçıların və hüquqşünasların jurnalistika ilə məşğul olması daha uğurlu alınır. Çox yaxşı olardı ki, jurnalistika fakültəsini bitirənlər bu işlə məşğul olsunlar. İkinci ixtisas kimi jurnalistikanı oxumağı çox istədim, ancaq düzünü deyim ki, vaxt çatmadı. Həm gündəlik qəzetlərdə işləyirdim. Uzun illər “Yeni Müsavat” qəzetində işləmişəm. Bir də çox ağır işimiz var idi. Həm də ki, ailə qayğıları imkan vermədi. Ancaq həmişə öz üzərimdə işləməyə çalışmışam. İnsan jurnalistika fakültəsini qurtarıb əgər istedadsızdırsa, onun mənası yoxdur, yəni, onda yaxşı alınmayacaq. Əsas məsələ həvəs və istedaddadır. Tələbə yoldaşlarım mənlə rastlaşanda deyirlər ki, sən necə getdin. Ancaq mənim içimdə qəribə azadlıq var. Heç cür məmur ola bilmərəm. Bir neçə dəfə mətbuat xidmətlərindən, hətta güc strukturlarından belə, təkliflər gəlib ki, gəl bizdə mətbuat xidmətində işlə. Məmur işləyə bilmirəm. Jurnalistika çox azaddır. Özümü heç cür başqa yerdə görə bilmirəm. Əsas odur ki, insan həvəsli, istedadlı olsun. Təbii ki, jurnalistika kitabları oxumalı, heç olmasa janrları bir-birindən seçməyi bacarmalıdır. Ancaq təcrübə, iş insanı ən böyük universitetlərdən də gözəl öyrədir. Peşmançılıq hissim olmayıb, bir daha dünyaya gəlsəm, yenə jurnalist olardım. Hec cür özümü başqa yerdə görə bilmirəm. Özümü burda çox rahat, evimdəki kimi hiss edirəm. Uşaqlar anadan olanda məcburən pauza verməli oldum. İnanın ki, boğulurdum. Burdan uzaq qalanda ,demək olar ki, boğuluram”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu