Modern.az

“Başqa ölkələrdə telekanalların, Azərbaycanda isə saytların təsir gücü böyükdür” - MÜSAHİBƏ

“Başqa ölkələrdə telekanalların, Azərbaycanda isə saytların təsir gücü böyükdür” - MÜSAHİBƏ

21 Yanvar 2014, 12:07


Modern.az
-ın müsahibi Türkiyənin Anadolu İnformasiya Agentliyinin Asiya-Qafqaz bölgə Müdürlüyü nümayənəsi Tolqa Özgençdir. 1996-cı ildən TGRT, Kanal D, Kanal 6, Star ve CNN Türk televiziyalarında müxbir olaraq çalışıb, 2007-ci ildən bu yana Anadolu agentliyində peşəsinə davam edən T. Özgenç ay yarımdır Bakıdadır.

– Azərbaycana gəliş səbəbiniz nədir?

– Bura dekabr ayının əvvəllərində gəldim. Anadolu Agentliyi təxminən iki ildir beynəlxalq arenada böyük işlər görüb. Bu işlərdən biri də burada bölgə müdürlüyü qurmağımızdır. Bu nümayəndəlik Anadolu Agentliyi üçün çox önəmlidir. Çünki Rusiya, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan kimi Asiya və Qafqazda olan 10 ölkə Bakıdakı nümayəndəliyə bağlıdır. Bütün ölkələrdə yaşananlar Bakıdakı nümayəndəlik vasitəsilə Türkiyəyə çatır. Türkiyə kimi Anadolu Agentliyi da dost və qardaş ölkə Azərbaycana çox önəm verir. Bu səbəbdən bölgə nümayəndəliyini Rusiya və ya Qazaxıstan yerinə Azərbaycanda açdı. Mən də təxminən ay yarımdır, bu müdirliyin nümayəndəsi olaraq Azərbaycanda çalışıram. Bakı Nümayəndəliyinə təyin edilərkən xarici bir ölkəyə getdiyimi heç düşünmədim. Bura gələndə də bu düşüncəmdə nə qədər haqlı olduğumu bir daha anladım. Azərbaycanda özümü ölkəmdəki kimi hiss edirəm, elə yaşayıram. Təxminən iki aydır burada heç bir problemlə qarşılaşmadım. Dilimiz, mədəniyyətimiz, yaşayışımız ortaqdır. Hətta izlədiyimiz seriallar da eynidir. Nə vaxta qədər qalacağım bəlli deyil. Bir vəzifə verilib, bu vəzifəni ən yaxşı şəkildə icra etməliyəm. Bizim Orta Asiya, Qafqazdakı bütün ölkələrdə müxbirlərimiz var. Müxbirlərimiz olduqları ölkələrdə həm beynəlxalq mövzularda, həm də Türkiyə ilə o ölkə arasındakı münasibətlərlə əlaqəli hadisələri izləyirlər. Və bu türkcə də daxil 6 dilə çevirilir. Yəni, bu coğrafiyada olan hadisələr 6 dildə, təxminən 25 ölkədə yayımlanır, abunələrimizə çatdırılır.

– Artıq ay yarımdır burdasınız. Azərbaycanı necə görürsünüz?

– Bundan 6 il əvvəl Bakıya gəlmişdim, o zamanlar şəhər tam mənasıyla inşaat (tikinti) halında idi. Yollar salınır, binalar tikilirdi. Azərbaycanlılar o zaman çəkdikləri çətinliklərin qarşılığını indi almış kimidilər. İndi Bakının geniş yolları, möhtəşəm binaları var. Şəhərin çöhrəsi çox dəyişib.

– Bizim agentliklərdən hansıları izləyirsiz?

– Bütün agentlikləri izləməyə çalışıram. Burdakı bütün mətbuat orqanları ilə əlaqə qurmaq, onların bizi tanımasını, bizim onlardan bilgi almağımızı təmin etmələrini istəyirik. Türkiyə ilə Azərbaycan necə iç-içə, qardaş ölkədirsə, KİV-lərin də eyni vəziyyətdə çalışmasını, birlikdə hərəkət etməsini arzulayırıq. Bu səbəbdən təxminən ay yarımdır burdayam. Xəbər, informasiya ilə məşğul olmaqdan əlavə burdakı media nümayəndələri ilə əlaqə qurmağa, onlarla birlikdə çalışmağa çox önəm verirəm və hər fürsətdə bunu dəyərləndirməyə çalışıram. Azərbaycanlı həmkarlarıma sizin vasitənizlə səslənmək və Anadolu Agentliyinin qapılarının onların üzünə hər zaman açıq olduğunu bildirmək istəyirəm. Azərbaycanda çox önəmli televiziyalar, qəzetlər, internet saytları var. Sizin saytınız da zaman-zaman baxdığım saytlar sırasındadır. Həm dizayn, həm xəbərə münasibəti baxımından olduqca uğurlu hesab elədiyimi söyləyə bilərəm.

– Əvvəlki gəlişinizlə müqayisədə Azərbaycan mediasında hansı fərqləri görürsünüz?

– Açığı, televiziyalarda çox fərq gördüyümü deyə bilmərəm. Ancaq internet saytları inanılmaz dərəcədə inkişaf etmiş vəziyyətdədir. Məncə, indi Azərbaycan ictimaiyyətini internet saytları idarə edir. Digər ölkələrdə televiziyalar, qəzetlərin təsir gücü nə qədərdirsə, burada saytlar, xəbər portallarının təsir gücü o qədərdir.

– Daha hansı layihələri həyata keçirmək planınızda var?

– Türk İşbirliyi və Koordinasyon Agentliyi (TİKA) ilə Türkiyə Cümhuriyyəti Bakı Səfirliyinin ortaq işlədiyi  layihəyə Anadolu agenti olaraq biz də dəstək verməyə çalışacağıq. Bu layihə çərçivəsində Azərbaycanda internet saytlarında çalışan Azərbaycanlı dostlarımızın bilgi və bacarıqlarını artırmaq üçün konferanslar, seminarlar, təlimlər təşkil edəcəyik. Türkiyədən buraya bu mövzuda sanballı şəxsləri gətirməyi, eyni zamanda bu seminarlara qatılan jurnalist dostlarımızın Ankaraya, İstanbula, ya da Anadolunun hər hansı bir yerinə aparmağı da planlaşdırırıq. Orada bu işin necə görüldüyünü göstərmək istəyirik. Bu mövzuda Anadolu agentliyinin imkanları genişdir.  

Əslində iki ölkə arasında etmək istədiklərimiz danışmaqla qurtarmaz. Mən burada olduğum müddət boyunca Azərbaycanlı həmkarlarım ilə Türkiyədəki həmkarlarım arasında körpü olmaq üçün çalışacağam.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir