Modern.az

Jurnalist Ramilə Qurbanlı: “Sağ əlim bəzi vəzifəlilərin başına” - MÜSAHİBƏ

Jurnalist Ramilə Qurbanlı: “Sağ əlim bəzi vəzifəlilərin başına” - MÜSAHİBƏ

23 Yanvar 2014, 17:35

“Onları necə tanımaya bilərəm, onda nə işim var mənim jurnalistikada”

Modern.az saytı jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu dəfə tanınmış qələm sahibi Ramil Qurbanlı ilə həmsöhbət olduq.
R.Qurbanlı əvvəllər “Ədəbiyyat qəzeti”, “7 gün”, “Üç nöqtə, “Xəzər” qəzetlərində, “Kulis.az”, “Lent.az” saytlarında, APA TV-də çalışıb.  Hazırda 1937.az saytının redaktorudur.

- Ramilə xanım, jurnalistikaya gəlişiniz necə baş verib və mətbuat sahəsində çalışmaq həyatınızda nəyi dəyişdirdi?

- Mətbuatda olmasaydım həyatımın necə olacağını bilmirəm axı, deyəm nəyi dəyişdi. Bəlkə bundan pis olardı, bəlkə daha yaxşı, kim bilir.  Jurnalistikaya gəlişim görünür taleyin işidir, çünki əvvəldən belə məqsədim olmayıb. Düzdür, qəzet-jurnal oxuyan idim, amma mənim  uşaqlığımın,  gəncliyimin dövrü elə dövr idi ki, hamı mütailə eləyirdi. Yəni ziyalı ailələrdə bu sadəcə həyat tərzinə çevrilmişdi.
Biz tələbə olan vaxtlar bir ara  metro polisləri metronun girişində əsasən cavan oğlanların ciblərini yoxlayırdılar. İlk vaxtlar bu normal xarakter daşıyırdı,  amma getdikcə məsələnin xarakteri dəyişməyə başladı. Yəni cibləri yoxlanan tələbə yoldaşlarımız gəlib danışırdılar ki, polislər onların ciblərindən, pullarını siqaretlərini götürüb qaytarmayıblar. Biri hətta dedi ki, “vallah, cibimdə qələmdən başqa heç nə tapmadılar, polisin biri zarafata salıb qələmi belə, götürdü özünə ki, cavan oğlansan, bəlkə əlin yüngül oldu, səndən sonra baxacağımız ciblərdən daha “maraqlı” nə isə tapdıq”. 
Bu məsələ mənə həm gülməli, həm də acınacaqlı gəldi. Beynimə doldu,  oturduğum yerdə onu qaraladım dəftərə. Çox maraqlı satirik bir yazı alındı.  Yazının adı da öz-özünə yarandı: “Polislərdən ayıbdır”.  Məğzi belə idi ki, metroya düşəndə çalışın cibiniz boş olmasın, polislərin əlinə nə isə keçsin, yoxsa ayıb olar. Söhbət 90-cı illərdən gedir. Bilmirəm, görünür taleyin işidir, yazını götürüb  apardım  nəşriyyata, fikrimdə tutmuşam ki, bunu “Ədəbiyyat qəzeti”nə verəm, çap olunsun. Qəribədir ki, əmin idim ki, bu yazı xoşlarına gələcək və çap edəcəklər.  Hələ orta məktəbdən bu qəzetin oxucusu idim, bütün nömrələrini yığıb saxlayırdım. O vaxt çox maraqlı çıxırdı “Ədəbiyyat qəzeti”.
“Azərbaycan” nəşriyyatının yolunu belə, tanımırdım,  Bakı Dövlət Universitetindən yuxarı “Mətbuat prospekti”nə çıxanda rəhmətlik şair Şahmar Əkbərzadə ilə rastlaşdım. Nəşriyyatın yerini soruşdum. Binanı əli ilə göstərdi və soruşdu ki, “neyniyirsən, nəşriyyatı, qızım?”. Dedim “Sabir Əhmədliyə yazı verəcəm”. Dedi ki, “bu gün şənbədir, birinci gün gələrsən, ya istəyirsən ver yazını mənə, mən çatdıraram”. Verdim, gülə-gülə soruşdu ki, “olar mən oxuyum, əvvəlcə?”. Dedim əlbəttə. Oxudu, xoşuna gəldi. Qısası yazı çap olundu “Ədəbiyyat qəzeti”ndə. İkinci yazım hardasa  bir il fasilədən sonra çox təəssüf  ki, bir şəhid oğlan haqda oldu.  Görünür, nədənsə təsir almasam, yazmırdım.  Yazını özüm aparmışdım qəzetə. Rəhmətlik yazıçımız Sabir Əhmədli ilə də ilk dəfə üzbəüz o vaxt görüşdüm. Artıq ali məktəbi bitirmişdim və Xızıda müəllimə işləyirdim.  Çox az müddət sonra şənbə-bazar bura- Bakıya gələndə evdən mənə dedilər ki, “evə zəng eləmişdilər, səni Sabir Əhmədli çağırtdırıb”. Getdim, işə dəvət etdi məni, dedi ki, “gənc müxbirlərə çox ehtiyacımız var, amma müxbir ştatında yer olmadığı üçün hələlik korrektor kimi başla işə”.  Hardasa iki ay korrektor işlədim. Redaksiyada ilk və yeganə gənc müxbir oldum. Üçüncü yazım çap olunanda artıq “Ədəbiyyat qəzeti”ndə baş müxbir ştatında işləyirdim. O da indiyə kimi yadımdadır,   qaçqınlığın və köçkünlüyün insan psixologiyasına təsiri ilə bağlı bir araşdırma idi, Sabir müəllimin tapşırığı ilə hazırlamışdım. Dördüncü yazım publisistika oldu “Daş körpünün göz yaşları”. Niyə bu yazılar yadımdadır, çünki bir yazım çap olunanda uçmağa qanadım olmurdu. Çap olununcaya qədər Sabir Əhmədli o qədər yazılarımın üstündən çalın-çarpaz xətt çəkib qaytarırdı ki, özümə.  Bir sözü yerində düzgün ifadə etmədiyimə görə bütöv bir yazını qaytarırdı mənə ki, “get yaxşı-yaxşı bax gör hansı sözü yerində işlətməmisən?. Düzəlt, daha düzgün ifadəni tap qoy yerinə, gətir”.  Düşünürdüm ki, belə eləyəcəkdisə, niyə yazımı bəyənib məni işə götürmüşdü. İllər sonra anladım ki, Sabir Əhmədli  mənə ömür boyu əvəzini çıxa bilməyəcəyim bir yaxşılıq edib, sözə həssas yanaşmağı öyrədib, gördüyüm işi qanıma hopdurub, sevdirib özümə. Elə bilirəm ki, mənim missiyam budur, jurnalistika həyat tərzimdir artıq.

- Ədəbiyyatla jurnalistikanı bir arada idarə etməyin bir xanım olaraq, sizin üçün xüsusi özəlliyi nədir?

-  Qətiyyən özümü ədəbiyyat adamı hesab etmirəm, sadəcə içimdən gələni yazıram. Yəqin “Müharibə miniatürləri” silsiləsini nəzərdə tutursunuz. Onlar   müharibənin bir-neçə nəslə yaşatdıqlarıdır, özümün, ətrafımdakıların yaşantılarıdır. Çoxdan içimdə məni narahat edirdi, yazmayınca rahatlıq tapmayacağımı hiss edirdim. Şükür, yaza bildim, bu tarixdir, gələcək üçündür. Qoy, həqiqətlər o yazılar vasitsi ilə gələcəyə çatsın, tarixə düşsün. Ermənilər bütün dünyaya yayırlar uydurmalarını. Biz heç olmasa olanları yazaq. Heç ağlıma da gəlmir ki, yazdıqlarım ədəbi nümunədir. Belə bir iddiam da yoxdur, siz elə hesab edirsinizsə bu çox xoş oldu mənə. Amma onu da deyim ki, “Ədəbiyyat qəzeti”ndən “7 Gün” qəzetinə çox yüksək maaş fərqi ilə gedəndə Tehran Əlişanoğlu mənə dedi ki, “getmə, səndən yaxşı publisist ola bilər, qəzetlərdə informasiya arxasınca düşmək buna imkan verməyəcək”. Getməli idim, çünki ailəm təzə məcburi köçkün düşmüşdü, pula ehtiyacımız vardı.  Peşman da deyiləm, ədəbiyyatı “Ədəbiyyat qəzeti”ndən öyrəndimsə, jurnalistikadakı peşəkarlığı mənə “7 gün” qəzetinin peşəkar mühiti verdi. Gündəlik qəzetdə hər gün bir səhifə hazırlamaq tempinə orda yiyələndim və indiyə qədər də o templə gedirəm. Üç günə bir yazını ancaq yazıb başa çatdıra bilənlərə baxıram, qəribə gəlir mənə.

- Bir çoxları mətbuata ilk addımlarını atanda daha böyük nailiyyətlərə imza atacağını iddia edir. Bu cür yanaşma çox vaxt uğurlu alınmır. Sizcə, jurnalistikada ilk addımını atanlar nəyə xüsusi diqqət etməlidirlər?  

- Öz təcrübəmdən çıxış edə bilərəm, kimsə bundan nə isə götürə bilər, amma mən kiməsə dərs keçmək iddiasından uzağam. İddiam həmişə o olub ki,  altında imzam gedən yazı ən yüksək səviyyədə olsun. Oxucu zövq ala-ala oxusun, haqqımda  söz düşəndə “yaxşı qələmi var” desinlər, vəssalam. Bunun üçün də peşəkarlıq ən başlıca amildir. Müsahibəyə yalnız yaxşı müsahibə almaq fikri ilə getmişəm, müsahibimi yaxşı öyrənmişəm. İddiam peşəkarlıq olub. Heç vaxt düşünməmişəm ki, jurnalistikadan daha yuxarılara getmək olar, hansısa məmurla, millət vəkili ilə, nazirlə müsahibə eliyim əlimdən tutub yanına-vəzifəyə aparsın.  Jurnalistikaya belə baxanlar bəlkə də o istədiklərinə çatacaqlar, amma jurnalist ola bilməyəcəklər. 

- Maraqlıdır, peşə fəaliyyətinizin ilk illərində “mənəmlik” sindromuna yoluxmaq kimi bir xəstəliklə təsadüfən mübarizə aparmamısınız?

- Özümdə?

 - Bəli.

- Qətiyyən, heç ağlımın ucundan keçməyib. İndi hərdən mənəm-mənəmlik yaranır, çünki ətrafda o qədər bu xəstəlik yayılıb ki, bəzən immunitet zəifləyəndə yoluxmaq təhlükəsi artır.  Mümkün qədər yaxına  buraxmamağa çalışıram. Mənəm-mənəmlik yaranan gün insan məhv olur. Şükür ki, hələ də öyrənməyi özümə ayıb hesab etmirəm. Özümdən böyüklərdən öyrənə-öyrənə gəlmişəm, onlara da həmişə sayğı ilə yanaşmışam.  Heç vaxt özümdən bir nəsil, iki nəsil əvvəlki jurnalisti – tanımıram- deməmişəm, necə tanımaya bilərəm, onda nə işim var mənim jurnalistikada, əgər Telli Pənahqızını, Flora Xəlilzadəni, Rafael Hüseynovu, İlqar Əlfioğlunu tanımıramsa? Onların timsalında sevməmişikmi bu peşəni.  Mənəm-mənəmlik xəstəliyinə tutulanlar bax, o adamlardır ki, özlərindən əvvəlki nəsil jurnalistikanın nümayəndələri haqda bu ifadəni işlədirlər-tanımıram.  

- Ümumiyyətlə, mətbuatımızda ildən-ilə nə dəyişir, və yaxud da mətbutımızda nəyi itiririk?

- Peşəkarlıq itir, bu təhlikəlidir. Bəzi yaxşı ənənələr itir. Məsələn, özündən böyük, yaşca, təcrübəcə böyük həmkarlardan öyrənmək meyli itib. Yaxşı nə qalıbsa, 90-cı illər nəsil jurnalistikasındadır. Bu gün mətbuat konkret 90-cıların çiyinlərindədir.  Qorxuram bizdən sonra unudula hamısı və yeni gələnlər öyrənməyə  heç nə tapmaya, necə ki, indiki nəsil, onlar da elə bilələr, öyrənməli heç nə yoxdur, çünki hər şeyi bilirlər. Həmişə öyrənmək lazımdır, o meyldə olmaq yaxşıdır, bəzən özündən kiçikdən də nə isə öyrənirsən, yetər ki, daha çox öyrənmək istəyin ola, dərs keçmək iddian yox.  Bir işıqlı ümidim var ki, ümumiyyətlə cəmiyyətimizdəki bu hərc-mərclik kimi jurnalistikamızda da  yaranan bulanıqlıq durulacaq. Hər şey ibtidaidən aliyə doğru inkişaf yolu keçir, müstəqilliyimizin nə yaşı var ki, bütün inkişaf etmiş dövlətlər və onların mətbuatı indi bzim keçdiyimiz yolu keçiban sivilizasiyaya çatıblar, biz də çatarıq inşallah.  Bir gün mətbuatımızdan “etibarlı mənbənin verdiyi məlumata görə”,  “adını bildirmək istəməyən mənbənin məlumatına görə”, “Deyilənə görə” ifadələri tamam yığışdırılar.

- Sizin adınız gələndə, ədəbiyyatımızın “köşə yazarı” kimi xatırlanırsınız. Eyni zamanda da jurnalistsiniz. Təbii ki, hər iki peşənin önündə “düşünən beyin” dayanır. Bəs sizin daxili dünyanıza hansı daha yaxındı?

-  Hər ikisi, çünki hər ikisi jurnalistikadır. Bir gün Rasim Balayev haqda portret yazıya köklənirəm, ona qarşı olan münasibətdən təsirlənmiş oluram. Bir-neçə gün beynimdə onu bişirirəm və bir saatın içində beynimdən hazır mətni kompyüterə köçürürəm. Növbəti gün qarşıma çıxan, məsələn, yaxşı bir film haqda, rus aktyoru haqda maraqlı mətni tərcümə eliyirəm öz dilimə, məhz öz dilimə, özüm yazmış kimi.  Araşdırma yazıdan bir başqa zövq alıram, elə bil bir uşaq gətirirəm dünyaya. Köşəni isə hər gün yazmıram, o vaxt yazıram ki, yazmaya bilmirəm.  Hamısı elə jurnalistikadır.  


- İmzanızı izləyən oxucular bu yaxınlarda  iş yerinizi dəyişdiyinizi müşahidə edib. Bu barədə nə deyə bilərsiziniz?

-   Onu deyə bilərəm ki, imzamı izləyən, yenə imzamı görür. Sosial şəbəkələrdə, internetdə bir qrup sadiq oxucularım var. Harda oluramsa olum, onlar üçün fərqi yoxdur, imzamı tapırlar və oxuyurlar yazılarımı. Həmin oxucu iş yerimi dəyişəndə də yazılarımda anladığı kimi anlayır məni.  Bunu duymaq çox xoşdur.  Heç kimə, heç yerdə məlumat, açıqlama vermədim, sadəcə bir də gördülər başqa saytdan səsim gəlir və yığıldılar ətrafıma. Reaksiyaları ilə yanımda olduqlarını hiss elədim. Yəqin anlayırlar ki, bir yerdən getmək lazım gəldiyini duyub getmişəmsə, demək belə lazımmış. Getməli olduğu  zaman gedə bilmək də hər kişinin işi deyil. Sağ əlim bəzi vəzifəlilərin başına.

- Qadınların cəmiyyətdəki mövqeyi sizi qane edirmi?

- Yox, daha aktiv olmağımızı istəyirəm. Müti görmək istəmirəm qadınlarımızı.

- Tez-tez kövrək notlarda yazırsınız. Belə bir yazınız da vardı: “Cəbrayıldan gələn son qatar”. Sizcə o qatar nə vaxt geri dönə biləcək?

-  “Müharibə miniatürləri” silsiləsindən olan yazımdır. Hərənin, yəqin, bir kövrək, yaralı  yeri var. Mənimki də Qarabağ – doğmarayonum  Cəbrayıldır.  Çox istərdim ki, o qatar geri dönsün, biz də həmin qatarla doğma yerlərimizə gedək. Torpaqlarla birgə yağmalanmış mənəviyyatımız da, iç dünyamız da özümüzə qayıtsın. Bunun nə vaxt baş verəcəyini heç kim proqnoz verə bilməz, eləcə də mən. Bu siyasi məsələdir, mən də siyasətdən çox uzağam.

- İndiyədək bir çox məşhur, tanınmış simalardan müsahibələr almısınız. Sizin üçün ən maraqlı müsahibə kiminlə alınıb? Və niyə?

- O müsahib maraqlı olur ki, onun dediklərindən nə isə öyrənirsən, səni düşünməyə vadar edir. Müsahibin ki, nə cavab verəcəyini sualı verərkən bilirsən o müsahib sənin üçün, aldığın müsahibə də oxucu üçün maraqlı olmayacaq.  1997-ci ildə Bakıda Şərq-Qərb kinofestivalı keçirilirdi, Fransız aktyoru Pyer Rişarı hava limanında qarşılayıb ondan müsahibə almışdım, mətbuatda yalnız mən bacarmışdım bunu. Gənc bir jurnalist üçün  əfsanəvi aktyorla müsahibə almaq böyük nailiyyət idi. “7 Gün” qəzetində işləyirdim, baş redaktor Emin Eminbəyli taksi ilə göndərmişdi məni hava limanına, müsahibə üçün də xüsusi qonorar yazdı. Buna görə də ən maraqlı müsahibə kimi yadımda qalıb.
Ən maraqlı müsahibim Bəxtiyar Xanızadə olub, çox səmimi və maraqlı insan olduğu üçün. Rüstəm İbrahimbəyov müsahib kimi maraqlıdır, çünki mövzunu ona deyirsən süjeti, kulminasiyanı, finalı özü yaxşı bildiyindən yönləndirməyə ehtiyac olmur, əksinə bu məharəti ilə maraq doğurur səndə. Cavanşir Quliyev, Vaqif Səmədoğlu, Kamal Abdulla maraqlı müsahiblərdir.  Bir də Sabir Əhmədli ilə müsahibədən böyük zövq alardım, danışdıqlarını içimə çəkmək istəyirdim, o qədər maraqlı danışırdı.


- Hansı müəlliflərin yazılarını oxuyursuz? Oxuyursuzmu?

- Oxuyuram əlbəttə, amma ad çəkməyəcəm, çünki bu çox kövrək mətləbdir, kiminsə adını unudaram, haqlı olaraq inciyər. Özüm yaşamışam bunu, yazılarımı oxuyan, qiymətləndirən həmkarlarım belə məqamlarda adımı çəkməyiblər və düşünmüşəm ki, görəsən burda səmimidir, yoxsa mənimlə danışanda, incimişəm. Müasirlərimizin hamısını oxuyuram və əksəriyyətinin yazılarını oxumaqdan zövq alıram, öyrənirəm.  

- Azərbaycan mətbuatında çalışan jurnalistlərin durumu, sizi qane edirmi?

- Maddi durumu nəzərdə tutursunuz yəqin, daha yaxşı olmasını istərdim. İstərdim hamının evi olsun, işə gedib-gəlməyə maşını olsun, məvacibi ailəsini yaxşı saxlamağa çatsın. Bundan da artığına layiq olan jurnalistlərimiz var. Jurnalistlərimiz var ki, xəzinədir, dəryadır, amma evdə oturmağa özünü məhkum edib, çünki mətbuatın ümumi durumu onun şəxsiyyəti ilə qeyri-mütənasibdir.  Bir də istərdim ki, hansı mətbu orqanda işləməsindən asılı olmayaraq ,rəqabəti də sağlam aparaq, dostluğumuzu da pozmayaq.  

- Jurnalistikadan başqa özünüzü daha hansı sahələrdə sınamaq istəyərdiniz?

- Başqa heç bir sahədə özümü görmürəm, harda olsam darıxdırıcı olardı, yerimdəyəm. Lap mənsəbini tapan dağ çayı kimi.

- Bir çox xanımların düşüncəsində karyera varsa, ailə, uşaqlar, mətbəx sıradan bir işdi. Bir iş və ailə xanımı kimi bilmək istərdik ki, ailə və işi bir yerdə idarə etmək sizə çətin deyilmi?

- Sevdiyin işin və sevdiyin ailən varsa, bütün çətinliklər asanlaşır. Karyerist deyiləm, işimlə və ailəmlə məşğulam, şükür hələ ki, hər ikisini yarıda bilirəm.  Bəzən uşağı bağçaya qoyanda içimdə bir nisgil qalır, amma düşünürəm ki, o, da gələcəkdə cəmiyyətdəki yeri üçün bu gün o bağça həyatından keçməlidir. Yeməyi gecə bişirib soyumasını da göləyirəm ki, soyuducuya qoyum sabah evdəkilər ac qalmasın. Bu da yuxumun kəm qalmasına səbəb olur. Gec yatıb, tez durmalı oluram, hər yerə, həmişə qaça-qaça gedirəm.  Bununla belə, həyatımdan məmnunam, buna nəinki alışmışam, xoşbəxtliyi bunda görürəm. Yəqin ki, həyat yoldaşımın da anlayışlı olması böyük xoşbəxtlikdir. Əlini mizin üstünə çırpıb - gözüm aydın sən də işdən gəlmisən, bu saat yemək ver- deyən kişilərdən deyil, buna görə mən də diqqətsiz, yeməksiz qalmaması üçün onu öz yuxuma haram qatacaq qədər qiymətləndirə bilirəm.


- Televiziya fəaliyyətiniz də maraqlı idi, telekanallarda müəllif proqramı etməyi düşünmürsünüz?

-  Bu barədə təkliflər oldu mən işdən çıxandan sonra, özüm 1937.az saytına üstünlük verdim, belə daha rahatam. İnternet tv-dəki fəaliyyətim yalnız  jurnalistikada daha bir mərhələ idi mənim üçün.  Özümü sınadım, deyirsinizsə pis alınmayıb, çox şadam. Bir də heç vaxt eləmərəm  demirəm – bəlkə iş elə gətirdi ki, işlədim televiziyada, amma  televiziya mühitini sevmirəm, intriqa ocağıdır, mənə görə deyil.

- Boş vaxtınız qalırmı, onu neçə keçirirsiniz?

- Boş vaxt olmur, işdən sonrakı vaxtı, istirahət günlərini də uşaqlarıma onların dünyagörüşünü artırmaq üçün kinoya, teatra aparmağa həsr edirəm. Özlərinin əlindən tutub kitab mağazalarına gedirəm ki, həm istədikləri kitabı alsınlar, həm də belə öyrənsinlər ki, insan kitab almalı və oxumalıdır, belə alışqanlıqları yaransın. Ya da qohum-əqrabaya qonaq gedirik, evdə qonaq qəbul edirik.

- Bildiyimə görə, qızınız böyüyüb, onun sizin yolunuzu davam etdirməsini istərdinizmi?

- Onun öz istəyindən asılıdr, özü istəsə niyə də olmasın, amma Şəmsim gah, rəssam olmaq istəyir, gah dil-ədəbiyyata üstünlük verir, ya da “ingilis dilini seçəcəm” deyir. Hələ bir qərar gəlməyib. Bəlkə Banum  jurnalist olmaq istəyər, çünki bütün günü aparıcılıq edir. Mənim verlişlərimə çox baxıb, bir də ATV-də Mətanətə baxır. Hətta özündən informasiya uydurub xəbər aparıcılığı edir. Bu yaxınlarda deyirdi ki, “ana, mən canavarların kəndə hücum etməsi barədə xəbər hazırladım verdim, axşam o xəbəri bütün telekanallar verdi, heç demədilər ki, bu Banunun xəbəridir”.

- Yəqin siz də müsahibinizə sonda gələcək planları barədə sual verirsiniz?

- Baxır müsahibə. Yeni saytda yeni işə başlamışam. 1937.az saytında mənə qədər ədəbiyyat sahəsi vardı, mədəniyyət sahəsini orda formalaşdırmaq tapşırılıb mənə.  Ümidvaram ki, etimadı doğruldaram inşallah, artıq ilk işlərimiz görünməyə başlayıb, dostlar belə deyir.













Namidə Bingöl

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür