Modern.az

Qeyri-ixtisaslı jurnalistlər - “Maaş yaxşı olsaydı öz ixtisasım üzrə çalışmaq istərdim” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər - “Maaş yaxşı olsaydı öz ixtisasım üzrə çalışmaq istərdim” - RUBRİKA

27 Yanvar 2014, 09:39


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

“Kulis.az” dərgisinin baş redaktoru Qan Turalı: “Bakı Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirmişəm. O sahə üzrə işləməmişəm. Mən tələbəlikdən elə jurnalist işləyirəm. Bu sahəyə marağım güclü idi. Jurnalistika və ədəbiyyatdan başqa heç bir işlə məşğul olmamışam. Əlbəttə bu sahədə olmağıma peşman deyiləm. Başqa nə işlə məşğul olacaqdım ki?!”.

ANS TV-nin “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova da işindən razıdır: “İncəsənət Universitetinin televiziya rejissorluğu ixtisasını bitirmişəm. Amma bir saat da rejissor işləməmişəm. Elə institutda oxuyan vaxtlardan “İnternews” qeyri-hökümət təşkilatı var idi, seminarlar təşkil edirdi, müəllimlər gəlirdi. Onlardan təhsil almışam. Gürcüstan, İstanbul, Moskvada televiziyada xəbər aparıcılığı, şou aparıcılığı üzrə kurslar, seminarlarda olmuşam. Mən sahəm üzrə işləyirəm. Amma peşəm üzrə işləmirəm. Yəni, peşəm əslində televiziya rejissorluğudur. Amma elə rejissorluğu oxuya-oxuya paralel bütün seminarlarım hamısı televiziya aparıcılığına görə olub. Məndən razıdırlar, mən də ona görə öz işimdən razıyam, peşiman da deyiləm”.

“Gündəlik Teleqraf” qəzetinin redaktoru Qurban Yaquboğlu üçün insanlar və hadisələr, dolayısıyla jurnalistika həmişə maraqlı olub: “Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişəm. İxtisasca kitabxanaçı-biblioqrafam. Qiyabi təhsil almışam, çünki o zaman ali məktəbə sənəd verəndə artıq “Xəzər” tərcümə jurnalında işləyirdim. Məni dəyərli şair Vaqif Bayatlı işə götürmüşdü. Ona görə nədən jurnalistikaya yox, kitabxanaçılığa sənəd verməyimlə maraqlandılar. Açığı, daha asan variant seçdim. O vaxtlar qəbul imtihanı vermək çətiniydi. Öz ixtisasım üzrə işləmədim, amma düzü, maaş yaxşı olsaydı, nə zamansa kitab və kitabxana mühitində çalışmaq istərdim. Artıq qeyd elədiyim kimi, mən təhsildən qabaq jurnalistika və redaksiya mühitində çalışırdım. Şeirlərim çap olunmuşdu. Vaqif Bayatlının köməyi ilə öncə “Ədalət” qəzetində korrektor işlədim, sonra “Xəzər” jurnalında çalışdım. İlk jurnalistik yazım “Ədalət”də çap olundu.  
Jurnalistkada çalışmağın peşimanlığını çəkməmişəm. Mənimçün insanlar və hadisələr həmişə maraqlı olub. Düzdür, hərdən monoton iş məni yorur, amma hər halda keçdiyim yoldan narazı deyiləm”.

 “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz: “İxtisasca filosofam. 4 il öz ixtisasım üzrə işləmişəm. Sonra gəldim jurnalistikaya. Jurnalistika ixtisas deyil, jurnalistika çağırışdır. Razıyam. Peşmançılıq olsaydı çıxıb gedərdim”.

Misranə Həsənzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir