Modern.az

Nəsiminin Suriyanın döyüş bölgəsindəki məzarı dağıdılıb?

Nəsiminin Suriyanın döyüş bölgəsindəki məzarı dağıdılıb?

Ədəbi̇yyat

29 Yanvar 2014, 15:17


Suriyada gedən qanlı döyüşlər Azərbaycandan da narahatlıqla izlənilir. Bu da səbəbsiz deyil. Suriyada üsyançılar və hökumət qüvvələrinin Hələb şəhərinə nəzarəti ələ keçirmək uğrunda  apardığı qanlı müharibə görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin buradakı məzarını hər an dağılmaq təhlükəsilə üz-üzə qoyub.

Modern.az saytına bir müddət öncə verdiyi açıqlamada Hələb şəhərində yaşayan türkmənlərin nümayəndəsi Mustafa Ağaoğlu da Nəsimin məzarına təhlükədən danışıb: 

”Hələbdə vəziyyət çox pisdir, hamı təşviş içindədir. Eləcə də şair İmaddədin Nəsiminin məzarı Suriyada turistlik məkanlardan biri idi. Amma indi həmin yerdə atışmalar getdiyi üçün orada vəziyyət çox pisdir”.

Suriyada isə qanlı döyüşlər davam etməkdədir. Nəsiminin məzarını dağılıb-dağıdılmaması, onun indi hansı vəziyyətdə olduğu dəqiq məlum deyil. Kim bilir, bəlkə qanlı döyüşlər bölgəsindəki məzar dağıdılıb?

Qeyd edək ki, XV əsrin əvvəllərində hürufiliyin zəngin elmi-ilahi əsaslarını  başqa ərazilərdə yaymaqdan ötrü Nəsimi bir çox yerlərə səyahət edib. Fəzlullah Nəimi ideyaları və öz poeziya inciləri düşdüyü yerlərdə yaxşı qarşılansa da, həmin ərazilərin hakim dairələri tərəfindən təqiblərə məruz qalıb. Osmanlı zindanlarında bir neçə dəfə həbs edilən Nəsimi Suriyanın Hələb şəhərində öz moizələrini oxuyarkən aşkar olunub və həbs edilib.

Məlumatlara görə, iki dəfə keçirilən məhkəmədə Hələb qaziləri və divandakı digər sözükeçənlər arasında Nəsimiyə ölüm cəzası verilməsinə dair qərar qəbul olunmasında yekdillik əldə edilməmişdi. Bu barədə düzgün məlumat verən məşhur ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi «Künuzüz-zəhəb, tarixi-Hələb» adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi mühakiməsi zamanı kəlmeyi-şəhadət gətiribmiş. Buna görə, məhkəmədə hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışdılar. 
Buna baxmayaraq, o zaman Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunub, ona çıxarılan bədnam hökm öldürülüb, dərisinin soyulması olub.

Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb.
1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» alı məqaləsində böyük şairdən bəhs edib.

Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.
Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.

AMEA-ın Füzuli adına Əlyazmalar İnsitutunun direktor əvəzi Paşa Əlioğlunun Modern.az-a dediyinə görə, vaxtilə Azərbaycanın Suriyadakı keçmiş səfiri Sabir Ağabəyovun təşəbbüsü ilə Nəsiminin məzarı ətrafında rekonstruksiya işləri aparılıb.
“Məzar və onun ətrafı abadlaşdırılıb. Əgər Nəsimiyə aid hər hansı əlyazma aşkar edilsə idi biz mütləq bunu bilərdik”.

İndi əsas diqqət mərkəzində olan məsələ Nəsiminin elə bir ağır zonada yerləşən məzarıdır. Şairin nəşini Azərbaycana köçürüb, tarixi bir abidəyə sahiblənmək olarmı?
AMEA-ın Füzuli adına Əlyazmalar İnsitutunun direktor əvəzi Paşa Əlioğlu əksin düşünür. Onun fikrincə, məzarın Hələb şəhərində qalması daha çox bizim xeyrimizə işləyir: 

“Şəxsən mən Nəsiminin qəbrinin Hələbdən Azərbaycana gətirilməsini məsləhət görməzdim. Həmin vaxt İraqda hakim qüvvə türklər idi və o həbs olunanda da hakimlər türklər idi. Bizim ədəbiyyatımızın, tariximizin sərhədlərinin çoxmiqyaslı oduğunu göstərməkdən ötrü Nəsiminin məzarının Hələbdə qalması daha məqbuldur. Nəsiminin, bizim ədəbiyyatın heç bir sərhəd tanımadan coğrafi arenada tanınması öz  xeyrimizədir. Bağdadda,  Hindistanda,  bir sıra yerlərdə bizim mütəfəkkirlərə məxsus olan məzarlar var. Bu, bizim ədəbi coğrafiyamızın geniş olduğunu  göstərir. Əgər gücümüz çatırsa, o məzarların üstünü götürüb, onları səliqəyə salıb dünyaya tanıtdıraq. Bizim ədəbiyyatımız heç vaxt sərhəd tanımaıyıb. Nəsiminin məzarından bu məqsədlə istifadə etməliyik”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir