Modern.az

Qeyri-ixtisaslı jurnalistlər - “Jurnalistikaya ona görə keçdim ki...” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər - “Jurnalistikaya ona görə keçdim ki...” - RUBRİKA

3 Fevral 2014, 10:51


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

“Kaspi” qəzetinin baş redaktor müavini İlham Quliyev sevdiyi işlə məşğul olmağın insan üçün ən böyük xoşbəxtlik olduğunu düşünür: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinin məzunuyam. Çünki valideynlərim həkim olmağımı istəyirdilər. Bu hissi mənə də aşılamışdılar. İxtisasca müəlliməm. Amma bu sahədə heç çalışmamışam. Elə tələbəlikdən jurnalistikadayam. Hələ uşaqlıqdan bu sahəyə böyük marağım olub. Babam yazı-pozu adamı idi. Həmişə evimizdə çoxlu qəzet olurdu. Oxumağa başlayandan qəzetlərə sevgim baş qaldırıb. Bu sevgi tələbəlik illərində də davam edib. Məhz bu sevgi yolumu o vaxtlar populyar olan “Avrasiya” qəzetinə salıb. 1998-ci ildə 3-cü kursda oxuyarkən qısa müddət orada çalışdım. Sonra bir müddət “Günaydın”da yazdım. 1999-cu ildən bu günə kimi isə “Kaspi”dəyəm! Heç bir peşmançılıq yoxdur. Sevdiyim işlə məşğulam! Məncə, insan üçün ən böyük xoşbəxtlik sevdiyi işlə məşğul olmaqdır....”

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli: “Mən ilk testçilərdənəm. 1992-ci ildə Pedaqoji Universitetin  tarix fakültəsinə test üsulu ilə daxil olmuşam. Tarixçi olmaq istəyirdim. Tələbə vaxtından qəzet-jurnala meylli olmuşam. Siyasi analitik yazıları həvəslə oxuyurdum. Müşfiq Həqq mənə siyasi publisistikanı sevdirdi. İndi o Bakıda yaşamır, jurnalistikada da deyil. Jurnalistika ilə paralel təhsil sahəsində də çalışırdım. Naxçıvanski adına Hərbi Liseydə, Müəllimlər İnstitutunda dərs deyirdim. Sonra gördüm ki, maddi çətinliklər var, müəllimliklə dolanmaq olmur, tamamilə jurnalistikaya keçdim. Bundan peşman da deyiləm. Jurnalistikanın çətinlikləri də var, ancaq zövq verən tərəfləri də çoxdur. Bu sahədə azadlıq var, dostlar, tanışlar qazanırsan, tanınırsan”.

 “Gündəlik Teleqraf” qəzetinin redaktoru Taleh Şahsuvarlı: “Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsini fəlsəfə tarixi ixtisası üzrə bitirmişəm. Heç vaxt öz ixtisasım üzrə işləməmişəm. Çünki 18 yaşımdan başlayaraq mətbuatda (“Avrasiya” qəzetində) çalışmışam. Jurnalistikaya marağım yeniyetməlik dövründən yaranıb. O zaman Respublika Tarix Liseyində oxuyurdum. Həmin müddətdə müxtəlif qəzetlərdə məqalələrim dərc olunmuşdu. Sadəcə, fikirləşirdim ki, jurnalistikayla bağlı istənilən zaman kəsiyində insan özünü yeniləşdirə, özü-özünə təhsil verə, təcrübə toplaya, müxtəlif seminarlarda iştirak edib jurnalistika sahəsində peşəkar ola bilər. Amma fəlsəfə insana daha zəngin bilik verdiyinə görə mən fəlsəfədə oxumaq istəmişdim və oxudum da. Yəni sırf təhsil nöqteyi-nəzərindən fəlsəfə təhsili almaq istəyirdim. Ancaq fəlsəfə təhsili alanda da bilirdim ki, jurnalistikayla məşğul olacağam. Peşman da deyiləm, niyə də peşman olmalıyam!? Burada kifayət qədər özümü ifadə eləyə bilmişəm. Hesab edirəm ki, kifayət qədər uğur da qazanmışam. Baxmayaraq ki, mən jurnalistikanı bitirməmişəm. Amma bu ixtisası bitirənlərdən jurnalistikanın nəzəriyyəsini daha yaxşı bilirəm. Bunun da iki səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, özüm həmişə bunu oxumağa meylli olmuşam. İkincisi də həyat yoldaşım ixtisas üzrə jurnalistdir. Onun kitablarından da kifayət qədər nəzəriyyə öyrənmişəm”.

«Ekspress» qəzetinin redaktor müavini Qalib İbrahimoğlu özünü başqa sahədə təsəvvür edə bilmir: “1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun sosial idarəetmə və sosioloq fakültəsini bitirmişəm. O vaxtdan da öz ixtisasım üzrə işləməmişəm. Demək olar ki, 4-cü sinifdən mətbuatdayam. “Azərbaycan pioner qəzeti”, “Təşəbbüs” , “Kür” qəzetlərində fəaliyyət göstərmişəm. İlk test imtahanı verənlərdən idim. Birinci jurnalistikanı yazmışdım, təəssüf ki, balım çatmadığından sosiologiyaya düşdüm və məcbur qalıb oranı qurtardım. Jurnalistikada olmağımdan təbii ki, peşman deyiləm. Açığı, indi özümü sözün həqiqi mənasında başqa sahələrdə təsəvvür edə bilmirəm. Heç xəyalımdan keçməyib ki, mən hansısa bir sahədə işləyə bilərdim və işləməliyəm”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?