Modern.az

Yaxın Şərq, yoxsa gözəl qız...

Ölkə

18 İyun 2025, 11:21

Yaxın Şərq…

Neft-qazla, yeraltı, yerüstü sərvətlərlə, günəşlə dolu bir coğrafiya. Kənardan cazibədar, varlı və nəhayətsiz imkanlarla dolu bir dünya kimi görünür.

Gözlər önündə bir tablo canlanır. Tablonun sən tərəfində zənginlik, arxa hissəsində göz yaşı var. 

Siz bir də bu tabloya göz qoyanların niyyətinə baxın...

 

Gözəl qız..

İpək saçlı, süzgün baxışlı, nazı, işvəsiylə can yandıran, arzuları oyadan gözəl bir qız, mələk... 

Hamı ona vurulur, ona sahiblənmək istəyir. Heç kim onu sevmir.

Onu bəzəmək yox, soymaq istəyirlər.

Onunla yaşamaq yox, onu yaşamaq istəyirlər.

Məqsəd istismar, nəfs və hegemonluqdur.

 

Yaxın Şərq...

Ona göz dikənlərin niyyəti sülh deyil.

Heç demokratiya da deyil.

Necə ki, görürsünüz...

Niyyət neft, qazdır, yollara nəzarətidir, silah ticarətidir, regionun “yenidən dizayn”ıdır.

Sizcə, nədən dünyanın gözü hələ də Fələstində, İraqda, İranda, Suriyada, Livandadır?

Çünki onlar, Yaxın Şərq hələ “gözəl”dir, “zəngin”dir, “işvəlidir”.

Yaxın Şərq hələ də cəlbedici qadın kimidir.

Baxan kişi onun gözəlliyinə aşiq olduğunu deyir.

Əslində isə o qadını sevmir, onun bədəninin verəcəyi həzzə aşiqidir.

Çox kişi üçün gözəl qız sevgiyə yox, sexə yarayan varlıqdır.

Böyük güclər üçün Yaxın Şərq də elədir.

 

 

Hamı Yaxın Şərqi istəyir. Amma Yaxın Şərqin insanı, mədəniyyət, dərdi, tarixi, ruhu kimsənin vecinə deyil.

Hamı gözəl qızla bir gecə keçirmək istəyir. Amma heç kim onunla sabah eyni oyanmaq istəmir.

 

Və zaman keçir…

 

Neft quruyur.

Qaz azalır.

Torpaqlar çirklənir.

Xalqlar yorulur.

Mədəniyyətlər assimilasiya olunur, silinir.

Belə Yaxın Şərq daha heç kimə lazım deyil...

 

Və yenə də zaman keçir…

 

Süzgün baxışları solur, dodaqdakı gülüş azalır, bəniz sozalır, vücud təravətini itirir...

Naz yerini yorğunluğa verir.

Bir vaxtlar arzusunda olanlar indi onu tanımazdan gəlir.

Çünki artıq o, cəlbedici deyil, onda sahib olmağa dəyəcək bir şey qalmayıb.

Əvvəlki gözəl qız daha heç kimə lazım deyil...

 

Dünya budur.

Zənginlik bəladır, istər torpaq olsun, istər insan...

Çünki insanlıq maraqla hərəkət edir, vicdan məhfumu kütlələri aldatmaq alətidir...

Əgər işə yarayırsansa, sənə maraq var da var, yanında olurlar.

Əks halda unudulmuş bir xatirə olursan.

 

Yaxın Şərq böyük dərddir.

Bəziləri onu xəritədə görür, bəziləri ürəyində. Xəritədə görüntü çox cazibdir, ürəklərdəki Yaxın Şərq isə çox kədərlidir.

 

Gözəl qız da böyük dərddir.

Bəziləri ona aşiq olur, bəziləri istifadə edir. İstifadə edənlər üçün keçici, aşiq olanlar üçün isə ağır yükdür.

 

Və Yaxın Şərq də, gözəl qız da əslində eyni faciənin simvoludur.

İstismar edilən, sevilməyən, tamaşa olunan, amma anlaşılmayan.

Sevgisiz cazibə, zəngin, amma yalnız.

Bu dünya zahiri görünüşə vurulmuş bir tamaşa salonudur.

Belə salonlarda sonda qurban unudulur, qəhrəman yeni qurban axtarır.…

Whatsapp
Bizə yazın!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı