Modern.az

İcra başçısının xanım müavini: “İstərdim ki, nazir kürsüsündə oturan qadınlarımız çox olsun” - MÜSAHİBƏ

İcra başçısının xanım müavini: “İstərdim ki, nazir kürsüsündə oturan qadınlarımız çox olsun” - MÜSAHİBƏ

27 Fevral 2014, 10:04

Xalidə Bayramova: “Bu gün bizim nümunə götürəcəyimiz yeganə insan, birinci xanım Mehriban Əliyevadır


Belə bir deyim var: “Hər bir kişinin arxasında güclü qadın dayanır”. Amma artıq çağdaş zəmanəmizdə bu fikir zamanın tələblərinə cavab vermir. İndi qadınlar kişinin arxasında deyil, onunla birgə addımlayırlar. Kişilərlə yanaşı, qadınlar da yüksək vəzifədə təmsil olunurlar və idarəetmədə hətta onlardan da üstün keyfiyyətlərə sahibdirlər. Əvvəllər cəmiyyətdə qadınlar yalnız həkim və müəllim ixtisasına yiyələnməklə kifayətlənirdilərsə, bu gün artıq onların müxtəlif peşə sahələri üzrə cəmiyyətdəki rolunu görməmək mümkün deyil. Zərif cinsin nümayəndələrinin işində daha peşəkar, ciddi və tələbkar olduğunu nəzərə alaraq Prezident Administrasiyası bütün rayon İcra hakimiyyətlərinə qadınların yüksək vəzifədə təmsil olunması ilə bağlı ciddi göstərişlər verdi. Bununla da Bakının rayonlarında icra başçılarına xanım müavinlər təyin olundu.

Modern.az saytı oxucuların marağına səbəb olacağını düşünərək, qadın müavinlərlə müsahibələri davam etdirir. Budəfəki qonağımız Səbail rayon İcra Hakimiyyəti başçısının xanım müavini Xalidə Nuru qızı Bayramovadır. Əslində Xalidə xanım bu postda yeni deyil, o uzun illərdir indiki vəzifəsində çalışır.

Xalidə Bayramova ailəlidir və iki oğlu var. O deyir ki, qadın üçün ən önəmli olan şey ailədir. Onun fikrincə, hər şeydən öncə yaxşı bir ailəyə sahib olmaq qadının ən böyük xoşbəxtliyidir. Bundan sonra o, karyerası haqqında düşünməlidir.

- Xalidə xanım, ilk xanım birinci müavinlərdən biri siz olubsunuz. Sizi daha yaxından tanımaq oxucularımız üçün də maraqlı olar...

- Mən Bakı şəhərində anadan olmuşam. 1981-ci ildə 177 saylı orata məktəbi bitirib, 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olmuşam. Bu vəzifəyə təyinatımdan sonra isə mənə ikinci bir təhsilin lazım olduğunu düşünərək, 2011-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. Çünki işimin məsuliyyətini dərk edirdim və düşündüm ki, bu mənə vacibdir.

2006-cı il fevralın 14-də Səbail rayon İcra Hakimiyyətində müavin, 2007-ci il iyulun 11-də icra başçısının birinci müavini vəzifəsinə təyin edilmişəm. Yəni, artıq 9 ildir icra müavini vəzifəsində işləyirəm. Mən ilk əmək fəaliyyətimə 4 saylı internat məktəbində başlamışam. Sonra başqa sahələrdə ixtisasım üzrə fəaliyyətim olub. 2001-ci ildən isə Azərbaycan İqtisad Universitetində “Gömrük işinin təşkli” kafedrasında böyük laborant kimi, daha sonra kafedrada çalışdım. Elə o zaman YAP-a üzv olmuşdum. Bir müddətdən sonra kafedranın dosenti oldum və iqtisadiyyat üzrə fəlsəfə doktoru adını aldım.


- Vəzifəyə ilk gəlişinizi necə xatırlayırsınız?

- Mən o zaman İqtisad Universitetində müəllimə idim. Düzü, belə bir vəzifəyə təyin olunacağım mənim üçün gözlənilməz oldu. 2005-ci ildə ölkədə keçirilən parlament seçkilərində YAP-ın vahid namizədi kimi iştirak etdim. Bundan sonra  mənim dövlət qulluğumda işləyərək daha çox yer verə biləcəyimə inam yarandığı üçün mən bu vəzifəyə təyin olundum. Yadımdadır, o vaxt otağıma gəlib bir neçə saat otursam da, heç kimin qapımı açmadığını görəndə düşündüm ki, deyəsən, burda o qədər də iş yoxdur. (gülür). Amma sonradan məktubları, sərəncamları görəndə bildim ki, hələ öyrənəcəyim çox şeylər var. O zaman hər kəs əlindən gəldiyi qədər köməklik edirdi.

- Belə bir vəzifəyə təyin olunmağınız ailədə necə qarşılanmışdı?

- Ailəm mənə hər zaman dəstək olub. O zaman mənim belə bir vəzifəyə təyin olunduğumu biləndə çox normal qarşıladılar. Çünki artıq övladlarımın 13-14 yaşları vardı. Mənim üçün heç bir çətinlik olmayacaqdı. Düşünürəm ki, bir qadın üçün, xüsusilə də vəzifə sahibi olan biri üçün çətinlik onun övladları ilə bağlı ola bilər.

- Yeni Azərbaycan Partiyasına (YAP) üzv olduğunuzu dediniz. Orda əsas işləriniz nədən ibarət idi?

-Hələ İqtisad Universitetində işlədiyim müddətdə ətrafımda olan fəal qadınları bir araya toplayıb ziyalı qadınlar klubu yaratmışdıq və biz burda çox aktiv fəaliyyət göstərirdik. Mən bu qrupun prezidenti seçilmişdim. Bizim əsas işimiz xeyriyyəçiliklə məşğul olmaqdan ibarət idi. Sosial durumu ağır olan ailələrə köməklik göstərirdik. Elə o zamandan bu yana da bu işləri davam etdirirəm. Düzünü deyim, əvvəlcə bu bizə çətin görünsə də, sonradan ağır vəziyyətdə yaşayan insanlara yardım etməyi özümüzə borc bildik. Hətta elə olurdu ki, onlar özləri bizə müraciət edirdilər. Sonradan rayon İcra Hakimiyyətində işlədiyim müddətdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının işində yaxından iştirak etdim və hazırda təşkilatın sədr müaviniyəm.

Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini kimi mən bu gün bir neçə komissiyaya rəhbərlik edirəm. Burda əlimdən gəldiyi qədər hər kəsə köməklik etməyə çalışıram. Rayon İcra Hakmiyyətinin başçısı Asif Əsgərov da gördüyümüz işlərdə bizə hər zaman dəstək olur. Mənim üçün küçə uşaqlarına, kimsəsiz uşaqlara, kimsəsiz qocalara hər zaman yardım etmək və onların ehtiyaclarını ödəmək əsas işlərimdən birinə çevrilib.


- Bir çox rayonun
İcra Hakimiyyəti başçılarının yeni müavin xanımları təyin olunub. Artıq uzun illərdir bu vəzifəni icra edən xanım müavin olaraq, münasibətinizi bilmək istərdik...

- Prezidentimizin xanımlara belə etimad göstərməsi çox təqdirəlayiqdir. Çünki qadınlarımız gördükləri hər işi daha məsuliyyətlə və ürəklə edirlər. Bizlərə olan inam və güvən daha yaxşı işlər görməyə ruhlandırır. Belə düşünürəm ki, bu gün cəmiyyətimizdə qadınlar bir çox sahələrdə bəylərdən irəlidədir. Hətta elə qadınlarımız var ki, karyera naminə ailə də qurmayıblar. Bu gün bizim nümunə götürəcəyimiz yeganə insan, birinci xanım Mehriban Əliyevadır. Onun gördüyü işlər göz önündədir. Məncə, vəzifədə çalışan qadınların sayı çox olsa, daha yaxşıdır. Qadınlar kişilərlə müqayisədə prinsipial olurlar və başladıqları işləri sona çatdırırlar. Mən çox istərdim ki, nazir kürsüsündə oturan qadınlarımız da olsun. Çünki digər ölkələrlə müqayisədə biz bu sahədə də geri qalmamalıyıq.

- Uzun müddət vəzifədə olan bir xanım kimi ailə və işi bir arada aparmaq sizin üçün çətin deyil ki?

- Mən bir şeyi deyim, hər bir qadına ilk öncə ali təhsil lazımdı. Sonra o ailə qurmaq haqqında düşünməlidir. Ailə müqəddəsdir və qadın üçün daha vacibdir. Allah qadını ona görə yaradıb ki, o ana olsun. Üzərinə düşən ən böyük məsuliyyət isə vətənə yararlı övladlar böyütməkdi. Övladlarının hərtərəfli böyütdüyünə əmin olduqdan sonra qadın istənilən bir vəzifədə işləyə bilər. Çünki artıq görəcəyi işləri arxayınlıqla edəcək. Bəzən elə olur ki, işlərimin çoxluğundan günlərlə evə gedə bilmirəm. Amma heç zaman narahat olmuram, çünki övladlarım ağıllı və tərbiyəlidir. Bu gün onlar mənə işimdə çox yardımçı olurlar. Bəzən döyüş bölgələrində, uşaq düşərgələrində, şəhərdən kənarda oluruq. Artıq onlar bunu çox normal qarşılayırlar. Hətta elə olur ki, gördüyüm hansısa işin düz olmadığını deyirlər və mənə yol göstərirlər. Övladlarım mənim üçün həm dost, həm də yardımçıdırlar. Əgər qadın ailədə bütün işlərini çatdıra bilirsə, niyə də o hansısa bir vəzifədə çalışmasın? Amma bəzi qadınlarımız övladları körpə ikən işləməyə başlayırlar. Bununla razılaşmıram, çünki övlada anadan başqa heç kim o nəvazişi göstərə bilməz. Ona görə də mən işə övladlarımın 14-15 yaşı olanda başladım. Onları kiməsə etibar etmək mənim üçün çox çətin idi.

Bəzi qızlarımız karyera xatirinə ailədən vaz geçirlər. Qətiyyən bununla razılaşmıram və əleyhinəyəm. Belələri əvvəlcə ailə qurub övladını tərbiyə etməlidir. Övladı atıb onun tərbiyəsi və digər qayğıları ilə maraqlanmamaq doğru deyil. Onu müəyyən bir yaşa çatdırdıqdan sonra qadına da mütləq iş lazımdır. Övlada ana nəvazişini heç kim verə bilməz. Qadının ən böyük əsəri onun övladıdır.


- Vəzifəyə təyin olunduqdan sonra hansı işləri görməyi qarşınıza məqsəd qoymuşdunuz?

- Hər zaman istəmişəm ki, kimsəsiz, şəhid ailəsi və Qarabağ əlili olan uşaqlara yardım edim. Ona görə də vəzifəyə təyin olunduqdan sonra ilk işim belə uşaqların asudə vaxtlarının səmərəli keçirməsinə yardım göstərmək oldu. Bu məqsədlə yay aylarında İqtisad Universitetinin nəzdində belə uşaqlar üçün dil və komputer kursları təşkil etdik. Onların bu vaxt ərzində pulsuz naharla təmin olunmalarını da həyata keçirdik. Sevindirici hal ondan ibarət idi ki, hər il bura 100-120 uşaq gəldi. Bu, bir növ onlara gələcəkləri üçün bir növ stimul verirdi.

İlk layihələrimizdən birini də Daxili Qoşunlarla həyata keçirmişik. Bu layihə həm də İcra Hakimiyyəti ilə Daxili Qoşunlar arasında bir körpü rolunu oynadı, gənclərin hərbi-vətənpərvərlik hislərinin möhkəmlənməsində də çox yardımçı oldu. Biz artıq 8 ildir Daxili Qoşunlarla bu layihəni işləyirik. General Zakir Həsənov müdafiə naziri vəzifəsinə təyin olunduqdan sonra düşünürəm ki, belə layihələri həyata keçirmək imkanlarımız daha geniş olacaq.

Hər zaman çalışmışam ki, başqa ölkələrdə həyata keçirilən yaxşı layihələri ölkəmizdə də tətbiq edim, zamanla bunların həllinə də nail olmuşam. Mən öz işimdən zövq alıram. Hər zaman işinin peşəkarı olmağa can atan insanlara da qibtə edirəm. Hətta siravi vətəndaş olan bir süpürgəçinin belə peşəsini sevməsi və öhdəsindən gəlməyə çalışması vacib məsələdir. Qadın, yaxud kişi, heç bir fərqi yoxdu, əsas odur ki, seçdiyi peşəsini sevsin. Elə fəhlə var ki, hamı onun xətrini çox istəyir və hər kəsin yanında da hörməti var. Düşünürəm ki, insan nə qədər sadə olsa, o qədər yaxşıdır.

Ən böyük arzum isə ölkədə uşaqlar, birinci növbədə çətin tərbiyə olunan, kimsəsiz və aztəminatlı küçə uşaqları üçün hərbi kodet məktəbinin yaradılmasıdır.

- Xalidə xanım, işinizi bu qədər sevirsiniz. Nə vaxtsa başqa iş təklif gəlsə, qəbul edərsinizmi?

- İnanın, bu haqda düşünməmişəm. Çünki bu işimə illərimi, əməyimi sərf etmişəm. Bu vəzifəyə gəldiyim zaman hansı çətinliklərlə üzləşəcəyimi belə bilmirdim. Nə edəcəm, hansı işləri görəcəyəm, bunlardan xəbərsiz idim. Amma zaman keçdikcə hər işin öhdəsindən gəldiyimi gördüm.

- Sizcə, vəzifə insanı dəyişirmi?

- Bu gün heç kim deyə bilməz ki, vəzifə ömürlükdür və mən nə istəyirəmsə, edə bilərəm. Dövlət başçımız cənab İlham Əliyev də çıxışlarında deyib ki, vəzifə dövlət qulluqçularına  imtiyaz üçün deyil, xalqa və dövlətə xidmət üçündür.

Hətta bir gün mənə desələr ki, siz artıq bu vəzifəni icra etməyəcəksiniz, inanın, bunu normal qarşılayaram. Çünki mən vəzifənin ömürlük olmadığını özümə aşılamışam. Belə bir hal baş verərsə, yenidən universitetə təbələrimin arasına qayıdaram, çünki mən gəncləri çox sevirəm. Bu gün vəzifədə olan çoxlu tələbələrim var, onların bir çoxu mənim nə vaxtsa gördüyüm işləri davam etdirirlər. Dövlət başçımız cənab İlham Əliyev deyib ki,  vəzifə dövlət qulluqçularına  imtiyaz üçün deyil, xalqa və dövlətə xidmət üçündür.

- Bu gün bir çox insanlar yaşayış səviyyəsinin aşağı olmasından şikayətlənir. Bəs, sizə müraciət edən insanlara hansı köməklikləri edirsiniz?

- Bizə pənah gətirib, yardım istəyən hər kəsə əlimizdən gələn köməkliyi etməyə çalışıram. Əgər şikayət xarakterli məktublar daxil olursa, çalışırıq ki, onları tapıb problemlərini hərtərəfli öyrənək və imkanımız daxilində hər cür köməkliyi göstərək. Bəzən elə olur ki, digər rayonların sakinləri də bizdən köməklik istəyirlər. Mən çalışıram ki, hansısa rayonda bizə yaxın icra başçısı varsa, onunla əlaqə saxlayıb köməklik göstərmələrini xahiş edim. Sevincimə səbəb olan bir məsələ indiyədək yadımdan çıxmır. Biz şərlənmiş bir qıza yardım edərək, onun həbsxanada yatmasına izin verməmişdik. Mənim üçün ən vacib olan şeylərdən biri də kimsəsiz, düz yolda olmayan bir insanı, uşağı doğru yola yönəltməkdir.

- Övladlarınız hansı sahələrdə çalışır?

- İki oğlum var və hər ikisi ali təhsillidir. Hərbi xidmətlərini keçiblər. Ən başlıcası vətənpərvərdirlər. Onlar fəxr edilər ki, belə bir ölkədə yaşayırlar və uzaqgörən bir ölkə başçımız var. Başqa xarici ölkələrdən dostları gələndə Azərbaycan haqda fəxrlə danışırlar. Hər ikisi işləyir və idmanla məşğul olurlar.

Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub