Modern.az

Qarabağ fotolarda: Səməd Vurğunun Kəlbəcərdə Aşıq Şəmşirlə deyişməsi - LAYİHƏ

Qarabağ fotolarda: Səməd Vurğunun Kəlbəcərdə Aşıq Şəmşirlə deyişməsi - LAYİHƏ

Reportaj

6 Mart 2014, 15:31


Modern.az 
saytı “Qarabağ fotolarda” adlı layihəsində növbəti şəkli təqdim edir. Layihədə Qarabağda müxtəlif vaxtlarda çəkilən fotolar və bu fotolarda əks olunan məşhur şəxsiyyətlər haqda məlumat verilir.

Təqdim etdiyimiz növbəti fotoşəkil Azərbaycanın iki el sənətkarının görüşü barədədir. Belə ki, 1955-ci ildə Kəlbəcərdə xalq şairi Səməd Vurğunla böyük el sənətkarı Aşıq Şəmşir görüşür.

Bu şəkil həmin görüşdən bir xatirədir. Hansı ki, burada milli ruhlu poeziyamızın iki ən böyük nümayəndəsi görüşür.

1955-ci ilin gözəl günlərinin birində baş tutan bir görüş sonradan əsl əfsanəyə çevrilir.

Səməd Vurğunla Aşıq Şəmşir hətta o görüşdə deyişirlər də… Səməd Vurğunun sonradan “Unutmaz bu oba, bu mahal məni” misrası ilə başlayan qoşması da həmin deyişmənin tərkib hissəsidir.

1955-ci ildə Səməd Vurğun xəstə idi və ürəyinə nəsə dammışdı. Odur ki,fürsətdən istifadə edib Aşıq Şəmşirə bu vəsiyyətini bir bəndlə deyir və o bənd sonradan dilər əzbəri olur:

Aşıq Şəmşir, Dəli dağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal məni.

Modern.az saytı tarixi foto ilə bərabər iki el sənətkarının deyişməsini də təqdim edir:

Səməd Vurğun

Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir

Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.

Səməd Vurğun

Hay vurub, qıy vurub, səs sal dağlara,
Gözəllər oylağı göy yaylaqlara.
Mənim bu dərdimi de oylaqlara,
Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir

Əzəldən başında cəm olub kamal,
Səni oğul kimi sevir el, mahal.
Azad ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun

O ceyran baxışlı baxdı uzaqdan,
Canımı odlara yaxdı nahaqdan.
Yüz il də dolanıb keçsə o vaxtdan,
Unutmaz aləmdə əhli-hal məni.

Aşıq Şəmşir

Sən kamil sərrafsan, göz ustadısan!
Fəhmin, fərasətin öz ustadısan!
Qabil sənətkarsan, söz ustadısan:
Dəryasan, arzular min bulaq səni.

Səməd Vurğun

Gəlmişəm, gəzməyə sizin dağları,
Baxım bu yaylaqlara doyunca barı,
Şairin bu yerə düşdü güzarı,
Gözəl qarşıladı xoş iqbal məni.

Aşıq Şəmşir

Günbəgün gül açır Vaqifin bağı,
Bir çox şairlərin ana torpağı.
Səmədin məskəni, şeirin ocağı,
Kamala yetirib o Qazax səni.

Səməd Vurğun

Bəxt məni bu yerə qonaq göndərdi.
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.

Aşıq Şəmşir

Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar -
Gəzirəm əlimdə şam-çıraq səni.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü