Modern.az

Arif Məlikov: “Elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də” - MÜSAHİBƏ

Arif Məlikov: “Elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də” - MÜSAHİBƏ

Müsahibə

11 Mart 2014, 13:50

“Nəvəm çox vaxt məndən narazılıq edir ki, özünü düz aparmırsan” 


Düz bir həftə onun imtahanından keçəndən sonra geniş müsahibə götürməyə nail oldum. Beləliklə, Modern.az
saytında “Pəncərə” layihəsinin budəfəki qonağı xalq artisti, bəstəkar Arif Məlikovdur. 

– Üzeyir Hacıbəyovun ardınca böyük bir bəstəkar kütləsi yetişdi. Sanki bir fırtına idi, gəldi və getdi. Bəs bu gün yeni bəstəkar nəsli yetişirmi?

– Sənət və yaradıcılıq aləmində hər bir kəs şəxsiyyətdir. Bir ölçü ilə bəstəkarı ölçmək mümkün deyil. Çünki bunların sayı çoxdur. Azərbaycan musiqisinin zirvə dövrü Üzeyir Hacıbəyovdan başlamışdı. Elə oldu ki, Üzeyir bəyin ardınca onun ətrafında yeni bir böyük nəsil yarandı. Bu nəslin içində Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov, Cövdət Hacıyev və s. bəstəkarlar axını gəldi. Azərbaycan musiqisi tarixində birdən-birə ciddi musiqisi olmayan millət elə parladı ki, dünyada 300-400 il ciddi musiqi ilə məşğul olan ölkələrin bəstəkarları ilə eyni səviyyəyə qalxdı. Bu gün kim deyə bilər ki, Qara Qarayev Belorus, ya da Çexiya bəstəkarından aşağıdır. Tarix boyu da onların dövrü uzun olub. Onlar üçün daha yaxşı idi. Amma biz bu dövrü qısaltdıq. Yəni bizdə Azərbaycan musiqisi birdən parladı. Necə ki, dənizdə də dalğaların zirvəsi, aşağısı olur. Deyə bilmərəm ki, bu gün Azərbaycan musiqisində qızıl dövr olacaq, ya olmayacaq. Təbii ki, aramızda böyük şəxsiyyətlər gəzir. Bax, bunu deyə bilmirəm.

– Niyə deyə bilmirsiniz?  Buna səbəb nədir?

– Çünki qabaq konservatoriyanın dəhlizinə çıxanda o tərəfdən Breyner gəlirdi, bu tərəfdən Qara Qarayev. Özümüzünkülər böyük dahi müəllimləri bura gətirmişdi. Üzeyir Hacıbəyovun gördüyü ən ağıllı iş ondan ibarət idi ki, o bura ən böyük musiqiçiləri dəvət edirdi: nəzəriyyəçi Şumaxov, violonçel, tar çalan Turiç, kamança çalan Amitov... Bunlar hamısı şəxsiyyət idi. Həmçinin bir-birlərinə təsir edirdi. Məsələ o deyil ki, violonçel özü üçün çalır, mən də bəstəkaram, özüm üçün. O da bu ailəyə daxil olurdu və nəticədə yeni əsərlər yaranırdı. Etiraf edim ki, bu gün o zirvədən bir az aşağıyıq. Millətin bu günü və gələcəyi var. Bu gün də bir də görürsən filarmoniyada gənc bəstəkarların orkestrlə əsərləri çalınır. Müqayisə etsəm, o dövrdə orkestrlə çıxan əsərlərin səslənməsi bugünkünü üstələyəcək. Çünki o dövrdə professional cəhətdən konservatoriyada həm müəllimlər, həm də ifaçılar vardı. Bunlar bir-birinə qarışmışdı. Bəstəkarlıq kafedrasında gənc nəslə öyrətmək olar. Amma Allah vergisini gətirib onun başına qoymaq mümkün deyil. O gərək həmin gəncin öz qabında olsun. Bu gün sərbəst həyatda yer tapıb çalışan bəstəkarlarımız var. Sadəcə bunları texniki cəhətdən dünya problemləri ilə yaxınlaşdırmaq lazımdır.

Siz bəstəkarlıq sahəsində olan problemlərdən danışdınız. Bəs gündəlik həyatda, məişətimizdə qaydasında olmayan məsələləri necə həll etməliyik?

– Hamı normal olmalıdır, xeyirxah olmalıdır, böyük-kiçik yeri bilməlidir. Valideynlərin hörmətini saxlamağı bacarmaq lazımdır. Övlad valideyn qarşısında borcunu verməlidir. Ona görə də tələbələrə çalışıram bunu aşılayım. Sözlə nəsə etmək olar, amma sözün arxasında iş də olmalıdır. Bizə “müəllim” deyəndə arxamızca pis sözlər də deyirlər. Əlbəttə, vicdanını itirmiş sənin haqqında nəsə bir söz deyə bilər.
Bu günə kimi evimdə masanın üstündə bir qəpik haram pul olmayıb. Həmişə halal çörək yemişəm. Məsələ onda deyil ki, kiminsə həyatı yaxşıdır və yaxud da çox qazanır. Oğru nə qədər oğurlayıbsa, bir az da çox oğurlamaq istəyir. Bu xəstəlikdir. Şükürlər olsun ki, bu xəstəliyə mən düçar olmamışam.

Sizi bir vətəndaş kimi qane etməyən nələrinsə olmaması qeyri-mümkündür.

Siz elə nəsə qopartmaq istəyirsiniz məndən. Yaxşı, deyim rahat olun. Küçəyə çıxanda görürsən ki, bəzi gənclər avara-avara gəzir, əllərində siqaret axmaq zarafatlar edir. Bilmirəm, bəlkə də həmin gənclər daxildə bəlkə başqa cürdür, amma kənardan baxanda məni qane etmir. Əgər həmin gənclər kiməsə sataşırsa, bu daha da pisdir. Yaxşı ki, bu yaşda belə hadisə ilə qarşılaşmamışam. Çünki heç vaxt özümü saxlaya bilmərəm. Mənim yanımda qadını incitsinlər, mən də susum?! Mənə onların 4-5 nəfər olmaqlarının dəxli yoxdur.

– Sualı boşuna vermədim. Siz vaxtilə Qorbaçova, Yazova “yerini göstərmisiniz”...

Mən Qorbaçova çox söz demişəm. Təbii ki, təhqir etmişəm. SSRİ Ali Sovetinin tribunasına çıxıb dedim ki, Yazov, qatilsən... Dünyanın çox ölkələrində əsərlərim tamaşaya qoyulurdu, o cümlədən Rusiyanın da böyük teatrlarında. Yəqin ona görə məni öldürə bilmədilər (gülür). Tanıdığım adamlar arasında elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də. Mərkəzi Komitənin katib olmasından belə, qorxmamışam.


Siz dediklərinizdən qorxmaya bilərsiniz. Bəs ailənizin bu məsələlərdə mövqeyi necə idi?

– Mən sənətkaram. Uzaqbaşı xanımıma gəlib evdə deyirdim ki, arvad, şələ-küləni yığışdır, çıxıb gedəcəyik Azərbaycandan. Amma o adam çox ağıllı adam imiş. Dedi: “Arif, sakit ol. Nəsə burda anlaşılmazlıqlar var”. O vaxtı cavan oğlan idim. Misirdə “Məhəbbət əfsanəsi” əsərimin premyerası gedirdi, amma məni Azərbaycandan buraxmırdılar ki, gedib öz əsərlərimə baxım. Bu məni çox əsəbiləşdirirdi. Mən də boğaza yığılıb girdim Mərkəzi Komitə katibinin yanına. Ağzıma gələni dedim. “Tüpürürəm sənə. Ona görə ki, respublikaya sən rəhbərlik edirsən. Cavan bəstəkarlar ayağa yeni qalxan kimi boğursuz”.
Qabaq belə idi ki, Mərkəzi Komitədən icazə verilməmiş xaricə gedə bilməzdin. Bir dəfə, iki dəfə, üç dəfə artıq səbrim tükəndi. Amma o mənim yanımda bütün işçiləri çağırıb ağzına gələni onlara dedi. “Mən deməyəcəyəm burda nə olub. Siz onu o dərəcəyə çatdırmısınız. Bundan sonra eşitsəm ki, kimsə onun kağızlarını bir dəqiqə yubadıb özündən küssün”.
Məsələ həll olundu. Amma mən onun yerinə olsaydım, zəngi basıb məni söyəni həbs etdirərdim. Həmin şəxs ağıllı insan idi ki, incikliyimin ondan olmadığını başa düşdü. Çünki məsələ haqsızlıqda idi. O, Mərkəzi Komitədən çıxarılanda isə yolda harada görürdümsə, maşınımı saxlayıb deyirdim, hara lazımdısa aparım sizi...

Qorbaçovu, Yazovu tanıdığınız kimi Ayaz Mütəllibovu da “tanıyırdınızmı”?

– Mən Mircəfər Bağırovu da tanıyırdı. Biz uşaq idik, yadımdadır, o, həmişə küçədə gəzişərdi. Ayaz Mütəllibovu da çox yaxşı tanıyıram. Mütəllibovla rəsmi yerlərdə görüşəndə həmişə halımı soruşub. Beş-altı söz. Xüsusilə onun otağına vacib iş olanda getmişəm. O vaxtlar başım o qədər qarışıq idi ki, xarici ölkələrin birindən gəlir, o birinə gedirdim. Respublikada baş verən çox şeylər mənim yanımdan keçirdi.

– O zaman Mərkəzi Komitənin birinci katibi qarşısında söz demək üçün şir ürəyi yemək lazım idi. Eyni zamanda, siz sərbəst həyat sürürdünüz. Maraqlıdır, davranışlarda sizə olan soyuqluğu hiss edirdinizmi?

– SSRİ-nin Ali Sovetinin deputatı olmuşam. Heç kimin mənə “yox” deməyə ixtiyarı yox idi. Bakıda fövqəladə vəziyyət rejimində axşamlar bayıra çıxmaq olmazdı. Mən isə öz maşınımda qorxmadan əlisilahlı əsgərlərin yanından keçirdim. Düzdü, bir dəfə məni hərbi komendaturaya çağırdılar. Dedilər ki, “Arif müəllim, böyük bəstəkarsınız, sizi tanıyırıq. Moskvada əsərlərinizə baxmışıq. Gedin musiqinizlə məşğul olun. Niyə siyasətə qarışırsınız!?”
 Təbii ki, onların dediyinə qulaq asmadım. Atəş açılanda xoşbəxtlikdən güllə mənə dəymədi. Amma azərbaycanlılar mənim ürəyimə bıçaq soxmağı bacardılar.

Bu hadisə necə baş verdi? Həmin azərbaycanlılar kimlər idi?

– Gənclərdən ibarət azərbaycanlılar mənə dedilər ki, SSRİ Ali Sovetinin deputatısan. Deputatlıqdan imtina elə. Dedim: “Axı niyə?” Dedilər: “Biz onlarla qurtardıq”. Dedim: “Biz də onlarla qurtarmışıq. Amma SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır”. Gənc oğlanın biri dedi ki, yox, biz belə istəyirik”. Dedim: “Yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol”. Elə bu sözü demişdim ki, arxada dayanan gəncin biri döş qəfəsimin altına bıçaq soxdu. Bir də gördüm ki, ağ köynək qan içindədir. Barmağımı üstünə qoyub yavaş-yavaş aşağıda yerləşən poliklinikaya düşdüm. Nə isə, yaranı təmizlədilər. İndi də həmin bıçaq hadisəsindən bədənimdə nazik iz qalıb. Çünki bıçaq bədənimi kəsib doğramamışdı.

– Bu qədər hadisələrin içində döyüldüyünüz məqam olubmu?

Yanvar hadisələrindən qabaq konservatoriyaya gəldim. Səs-küy eşidib otaqdan çölə çıxdım. Gördüm ki, 3-4 nəfər əllərində dəyənək otaqlara girib qadın müəllimləri vurur, musiqi alətlərini qırmağa çalışırlar. Sən demə, bunlara kimsə tapşırıq verib ki, konservatoriyanın bütün işçilərini meydana töksünlər. Bu vaxt birinin xirtdəyindən tutub dedim ki, atan bura royal alıb? Nə haqla bura gəlmisən?! Bir təpik vurmuşdum ki, ikisi də o tərəfdən gəldi. İndi 3 nəfər mənə kişiliyini göstərir guya. Bir nəfərdə də kənardan gəlib dedi ki, neynirsiniz, bu Arif müəllimdir... O gəlməsəydi, məni döyəcəkdilər. Amma mən də iri ağacın birini onların əlindən almağa müfəssəl olmuşdum.


Görünür, atanızın hərbçi olması sizin bu cür qoçaq böyümənizə səbəb olub.

– Bilirsiniz, uşaqlıqdan haqq tərəfdarı olmuşam. Təbii ki, uşağın ailədə qoçaq böyüməsi aldığı tərbiyədən asılıdır. Çox vaxt buna görə adam əziyyət də çəkir. Hamı yatırdı, amma mən gündə bir neçə dəfə Mərdəkanda yerləşən həbsxanaya gedirdim.  Uşaqlara qəzet, siqaret daşıyır, xəstələri xəstəxanaya çıxarıb aparırdım.

Sizin opera səhnəsi üçün, filmlər üçün yazdığınız əsərlərdən əlavə bir çox şairlərin sözlərinə bəstələdiyiniz mahnılarınız da var. Akif İslamzadə üçün yazdığınız “Gəl bizim dağlara” mahnısının da öz yeri var. Sadəcə, söhbəti ona gətirib çıxarmaq istəyirəm ki, necə oldu ki, o, sizin mahnınızı oxuya bildi?

– Akif İslamzadə üçün xeyli mahnı yazmışam. Siz birinin adını çəkdiniz. Bir dəfə Akif gəldi ki ona televiziyaya çıxmağı yasaq ediblər. Dedim, ola bilməz. Dərhal bir şairə zəng edib dedim ki, mənə 5-6 ədəd mahnı mətni göndər. Qısa müddətdə həmin mətnlərdən birinə bəstə yazıb radio sədrinin yanına getdim. Dedim, mahnı yazmışam. O da elə sevindi ki, Arif müəllim, siz də mahnı yazmısız? İfaçının Akif İslamzadə olduğunu deyəndə radio sədri onun üçün televiziya və radionun yasaq edildiyini dedi. Dedim, adə, müğənniyə də yasaq?! Bununla da Akif İslamzadəyə qoyulan qadağa aradan götürüldü.

– Peşəni sevsək də adamın istirahətə də ehtiyacı olur. Maraqlıdır, siz bu vaxta qədər nə ilə məşğul olmağı sevmisiniz?

– Bir vaxtlar balıq tutmağa gedirdim. Rezin qayıqlarım var. Yay vaxtı axşamüstü saat 5-də dənizə gedirəm. Tutduğum balıqları tanış adamlara paylayıram. Balıqçılıq elə bir peşə  növüdür ki, heç bir şey haqqında fikirləşmirsən. Nə böyük, nə kiçik, nə də ailə yadına düşür. Bir qurddur, bir də əlində spininqdir. Günəş də o tərəfdən çıxır yavaş-yavaş. Sən də balıq tutursan. Sizə deyim ki, 100 faizlik istirahət bax budur. Beyin heç nə düşünmədən dənizə baxır. Həmçinin üzgüçülüklə də məşğul olurdum.

Ailədə yolunuzu davam etdirən varmı?

– Bir qızım, bir nəvəm var. Qızım musiqişünasdır. Nəvəmlə bacara bilmirəm. Çox vaxt məndən narazılıq edir ki, özünü düz aparmırsan. Belə şeylər də olur (gülür və köks ötürür).


Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi