Modern.az

Putinin sevgililəri - Bu, "sarı media"nın uydurması deyil

Putinin sevgililəri - Bu, "sarı media"nın uydurması deyil

17 Mart 2014, 15:45

Modern.az tanınmış siyasi xadimlərin özəl həyatı ilə bağlı silsilə yazılara davam edir.

Dünyanın bir çox ölkəsində prezidentlər bir neçə dəfə evlənir, yaxud uzun müddət hansısa xanımla vətəndaş nikahında yaşayırlar. Bir çox dövlət başçıları bunu qətiyyən gizlətmirlər, mətbuatda da bu haqda yazılır. Hətta keçmişdə olduğu kimi, indi də arvadbazlıqları ilə tanınan liderlər var. Amma rəsmi nikahda olub, sevgi məsələsində “sola gedənlər” də az deyil

Rusiya prezidenti Vladimir Putinin adı bu gün dünyada siyasi hoqqabazlıqlarda daha çox hallanır. Ukraynada Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Krıma Rusiya ordusunun yerləşdirilməsi ilə Putin yad torpaqlara olan “sevgisini” bir daha nümayiş etdirdi. Ancaq Putin təkcə başqa ölkənin ərazisində separatçı rejimlərə dəstək verməklə gündəmdə qalmayıb, onun Rusiyanın dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə başqa birisinin həyat yoldaşı ola biləcək gözəl-göyçək qızlara da göz dikməkdə ad çıxarıb. İndi vaxtilə keçmiş SSRİ-nin tərkibində olub, 90-cı illərdə müstəqillik qazanan respublikaların ərazilərindəki qondarma rejimlər qədər Putinin sevgililəri var..


Mariya Kojevnikova

“Putin gizlicə evləndi” iddiası

2013-cü ilin yazında həyat yoldaşından boşanan 61 yaşındaki Putinin uzun müddətdir aralarında eşq münasibəti olduğu iddia edilən 30 yaşındakı gimnast Alina Kabayeva ilə gizlicə evləndiyi bir daha gündəmə gəldi. 2001-ci ildən bu yana əlaqələrinin gizlicə davam etdiyi, hətta uşaqları olduğu iddia edilən cütlüyün evləndiyi yönündəki dedi-qodular daha da qızışdı.

Əslində Putinin 30 il evli olduğu həyat yoldaşı Lyudmila Putinanı boşaması sensasiya idi. “Putin Kabayevaya görə arvadını boşayıbmı” sualı isə yenidən daha da aktuallaşmışdı.

“Putinin boşanmaqlığı” adlanan Kremldəki pyes nəticədə baletə çevrilir. Məhz Kreml Dövlət sarayında “Esmeralda” baletinin premyerasından sonra prezident arvadı ilə birgə uzun zamandan bəri onların nikahlarının pozulduğu haqda söylənilən şayiələri təsdiqlədilər. Beləliklə, 30 il əvvəl teatrda tanış olan cütlük, elə teatrda da ayrılıqlarını elan etdilər.


Üstündən aylar keçdi, bu ilin fevral ayında Soçidə keçirilən qış Olimpiya oyunlarında yarışlardan birini izləyərkən sağ əlindəki barmağında nişan üzüyünün olduğu görüldü. Elə həmin anda çoxları yenə iddia etməyə başladı ki, bu üzük Putinin Kabayevaya sevgisinin nişanəsidir.

“KQB” polkovnikinin Almaniyadakı sevgi macərası

Almaniya KİV-də çap olunan Qərbi Almaniyanın BHD kəşfiyyatının dosyesində qeyd edilir ki, Vladimir Putin “KQB”də xidmət edərkən sədaqətli ər olmayıb və arvadını tez-tez döyüb.

“The Daily Mail” qəzeti isə onun hətta 80-ci illərin axırlarında Drezdendə “KQB”yə casusluq edən bir alman qızı ilə sevgi romanı yaşadığnı yazıb. Qərbi Almaniya kəşfiyyatının dosyesində isə göstərilir ki, xüsusi xidmət agenti olan hasısa tərcüməçi Putinin arvadı Lyudmila Putina ilə dostluq edib. Həmin dosyeni BHD-nın eksperti Erix Şmidt-Eenboomun əldə etdiyi bildirilir.

Putin də vaxtilə Almaniya Demokratik Respublikasındakı həyatından danışıb: “O qədər də pis illər deyildi, hətta deyərdim ki, yaxşı dövr idi”. Almaniyanın “Bild” qəzeti hesab edir ki, bu məlumat Putinin 1990-cı ilin yazında nikahdan kənar övladını Almaniyada qoyaraq getməsi barədə şayiələri qüvvətləndirir.

“BHD-nin keçmiş iki prezidentinin dediklərindən bilirəm ki, Putin Drezdendə işləyərkən pleyboy olub”, - bunu da Şmidt-Eenboom deyib. Onun sözlərinə görə, bu haqda ona Almaniyanın kəşfiyyat  üzrə yüksək vəzifəli eksperti məlumat verib. Qəzetin yazdığına görə, Putinin sevişdiyi həmin rus və alman kökənli casus qız Baltikyanı respublikaların birindən olub. 

Şmidt-Eeenboomanın sözlərinə görə, “KQB” polkovniki ilə sevgi romanı yaşayan Lenhen ləqəbli həmin qız hamiləliyi ilə bağlı problemləri olduğu səbəbindən Qərbi Berlinə müalicəyə getmək bəhanəsi ilə Qərb ölkələrindən birinə qaçmağa nail olub. “The Times” isə yazıb ki, 1989-cu ildə iki alman dövləti arasındakı sərhəd divarlarının dağıdılmasına bir neçə ay qalanda bu qız adını dəyişərək Almaniyanın cənubuna məskunlaşıb.

Boşanan prezidentin üç sevgilisi

Rusiya prezidenti həyat yoldaşı Lyudmila Putinadan boşandığını elan edəndən sonra onun şəxsi həyatı çoxlarını maraqlandırıb. İVONA Vladimir Vladimiroviçin ən real və tanınmış sevgililəri ilə bağlı məlumat açıqlamaq qərarına gəlib. Prezidentin şəxsi həyatı istənilən dövlət sirrindən daha gizli mühafizə olunur, Rusiya cəmiyyətinin bir hissəsi isə yalnız Putinin şəxsi həyatı ilə bağlı Qərb mətbuatından xəbər alır.

1. Alina Kabayeva - bədii gimnastika üzrə Rusiyanın əməkdar idman ustası, ictimai xadim. Rusiya prezidenti həyat yoldaşından boşanmamışdan xeyli əvvəl - 2009-cu ildə məlumat yayılmışdı ki, gimnast Alina Kabayeva Putindən oğlan uşağı dünyaya gətirib, Əlbəttə, bu haqda rusiyalılar yalnız Qərb mediasından xəbər tutmuşdular. Ancaq yerli mətbuatda bu faktı təsdiqləyəcək heç bir məlumat verilmirdi.

2013-cü ildə isə “New York Post” nəşri xəbər verib ki, 29 yaşlı Alina Kabayevanın Putindən noyabr ayında qızı olub. Nəşrin məlumatına görə, Putin Kabayevanı iki uşağı ilə Soçidəki Boçarev Ruçey sarayına yerləşdirib.

2. Yana Lapikova – “Rossiya Molodaya”  gənclər təşkilatının fəalı, keçmiş model, “Miss Moskva-2008” müsabiqəsinin finalçısı. Bir vaxtlar Qərb jurnalistləri Putinin sevgililəri siyahısına keçmiş model Yana Lapikovanı da salıblar. Bir çox nəşrin məlumatına görə, Putinlə Lapikova arasında qısamüddətli münasibət olub, keçmiş modelin Rusiya Federasiyasının keçmiş baş nazirinin şəxsi fotoqrafı təyin olunmasını bununla izah ediblər.

3. Anna Çapman - ictimai xadim, biznesmen, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı və özünün etirafına görə rus əsilli iş adamı kimi Rusiya kəşfiyyatının ABŞ-da fəaliyyət göstərən agenti olub. Britaniyalı jurnalistlər Anna Çapmanın casusluq əməli ifşa olunanda onu Vladimir Putinin sevgilisi adlandırırdılar.

Putinin aktrisa, balerina sevgililəri

Ukraynanın “lady.tsn.ua” portalı  da “Vladimir Putinin altı arvadı” adlı maraqlı siyahı yayıb.

Burada da birinci sırada Alina Kabayeva adı olub. Bu siyahıda ikinci sırada Mariya Kojevnikovadır. Deyilənlərə görə, Kojevnikovanın aktrisa karyerasını siyasətə dəyişməsi məhz Putinə sevgisinə görə olub.

Üçüncü sırada Anna Netrebkodur. Putin tez-tez Annanı dünya opera səhnəsinin ən parlaq ulduzlarından biri adlandırıb, onun tamaşalarına gəlib və şəxsən mükafatlar təqdim edib.

Svetlana Zaxarova - Vladimir Vladimiroviç təkcə operanı yox, həm də baleti sevir, ona görə ona simpatiyası var və Rusiyanın xalq artistidir. Böyük teatrın solistini  “Dünya baletinin rusiyalı brilliantı”  adlandırırlar. Balerina Rusiya prezidenti yanında mədəniyyət üzrə şuranın üzvüdür, bu da onun Putinlə yaxın münasibətdə olduğunu iddia etməyə əsas verir.

Portal bundan sonra Yana Lapikova və Anna Çapmanın adlarını çəkib.

Alina Kabayevanın şəxsi həyatı

Vladimir Putin kimi Alina Kabayevanın şəxsi həyatı da media ailəsi üçün bir sirr olaraq qalır. Yeganə ancaq onu təsdiq etmək olar ki, Alina həmişəki kimi Dumada işləyir və özünü çox yaxşı təmin edir. Onun haqqında gəzən söz-söhbətlər isə kifayət qədərdir. Milis mayoru David Museliani 3 ilə yaxın onun ən sevimli və həyatında ən vacib kişi olub. Onlar əlaqələrini iki ildən çox gizlədiblər və deyirlər ki, ayrılığa səbəb KİV-in onların şəxsi həyatına qeyri-normal marağı olub.

Yeri gəlmişkən, digər məlumat isə tamamilə bu iddianı tamamilə alt-üst  edir.

Belə bir şayiə də yayılıb ki, Alinadan 13 yaş böyük olan David onunla tanış olanda evli imiş. Kabayevanın dostları isə onu da deyirmişlər ki, idmançının həyatında əsl kişi peyda olub, ona necə deyərlər, elə vurulub ki, hətta ailə qurmaq üçün idmandan və karyerasından da imtina etməyə hazır olub. Amma Mendelson marşı səslənməyib. Kabayeva isə sözün həqiqi mənasında onu hər addımını izlədiklərinə görə jurnalistləri günahlandırıb,

Alina Kabayevanın milis sevgilisi

Digər məlumata görə, Kabayeva ilk ciddi sevgi romanını artıq populyarlığının pik nöqtəsinə çatanda yaşayıb. Milis kapitanı olan David Museliani Kabayevanın ürəyinə girə bilib. Ancaq öz sevgisi haqda açıq danışmaqdan utanıb. Bir qədər sonra milisin problemi yaranıb. Əmək haqqı kifayət qədər yüksək olmayan Davidin sevdiyi qıza bahalı avtomobil alması ilə bağlı xidməti araşdırma başlayıb. Elə həmin vaxt Alina sevgilisinin qanuni arvadı olmasından xəbər tutub. Muselianinin arvadını boşamasına baxmayaraq qızıl evlilik baş tutmayıb. Bunun digər səbəbi isə gürcü əsilli milisin aktrisa Anna Qorşkova ilə də sevgi romanı yaşaması olub. Kabayeva da Daviddən ayrılması ilə bağlı açıqlama verib: “Bəli, biz həqiqətən ayrılmışıq. Bu qərar qarşılıqlı qəbul olunub. Bizim yaxşı münasibətimiz var və düşünürəm ki, dost olaraq qalacağıq”.

Alinanın futboçu sevgililəri

Kabayevanın ona qədər də Rusiya yığmasının perspektivli futbolçusu Maksim Buznıkinlə sevgi romanı olub. Cütlüyün bir neçə il görüşdüyü, hətta evlənməyə hazırlığa başladıqları bildirilir. Amma guya son anda ulduzları barışmayıb.

Alina Kabayevanın şəxsi həyatından keçənlərindən biri də Londonun “Arsenal” futbol klubunun oyunçusu Filip Sanderson olub. Şayiələrə görə, o, İsveçrəyə istirahətə gedəndə Filiplə uzun müddətli olmayan sevgi romanı yaşayıb. Təəssüf ki, heç bir tərəf heç vaxt bu məlumatı şərh etməyib.

İndi ən maraqlısı nədir? Belə güman olunur ki, cənab Putinlə gimnast Kabayevanın sevgi romanı haqda eşitməyən yalnız karlardır. Belə deyirlər ki, od olmasa, tüstü çıxmaz. Kifayət qədər tez-tez Alinanı Vldaimir Vladimiroviçlə yan-yana görüblər, hər ikisi çox açıq şəkildə bir-birinə yaxın olduqlarını baxışları ilə də nümayiş etdiriblər.

Necə olsa da bir müddət sonra çoxları hiss ediblər ki, Kabayeva kökəlməyə başlayıb. Sonra ekranlardan itib, Dumanın iclaslarına isə sərbəst geyimdə gəlib. Bundan sonra Kabayevanın hamilə olduğu ilə bağlı iddianı bütün KİV dəstəkləyib. Hətta belə qənaətə də gəlinib ki, uşağın atası Putindən başqa heç kim ola bilməz.

Alina Kabayeva 1983-cü il martın 12-də Daşkənddə anadan olub. Valideynləri tezliklə qızlarının gimnast olacağı qərarına gəliblər.  O, dərhal kiçik uğurlar qazanmağa başlayıb. Məşqçinin məsləhəti ilə qızı Moskvaya gətirib Rusiya yığmasının məşqçisi İrina Vinerə göstəriblər, o, dərhal gənc idmançını himayəsinə alıb. Artıq bir neçə il sonra Alina Kabayevanın adı bütün dünyada tanınıb. Bu gün Alina Kabayeva mütləq dünya və Avropa çempionu, eləcə də 2000-ci il Sidney Olimpiadasının bürünc mükafatçısıdır.

Şayiələr və reallıqlar

Alinadan söhbət düşəndə deyirlər ki, o bü gün keçmişdə idmançı kimi qazandığı uğurlardan daha çox Putinlə münasibətlərinə görə gündəmdədir. Lakin şəxsi həyatı cəmiyyət üçün qapalı olduğundan şayiələr baş alıb gedir. İlk dəfə 2009-cu ildə KİV-də Kabayevanın o vaxt Rusiyanın baş naziri olan Vladimir Putindən oğul dünyaya gətirdiyi xəbəri yayılıb. Ancaq onun ətrafındakı səs-küy  dərhal kəsilib.  Məlum olan isə təkcə bu idi ki, gimnastika üzrə dünya çempionu Avropanın ən bahalı doğum evlərindən birində oğul dünyaya gətirib. O zaman toyu olmadan uşaq dünyaya gətirməyin yalnız Putinlə isti münasibətlər səbəbindən baş verdiyi söylənilirdi.

Bu tapmacalar davam etdiyi zaman, 2013-cü ildə Alina Kabayevanın ikinci uşağının dünyaya gəldiyi məlum olub. Vladimir Putini qapalı kitab, həyatını isə tapmaca hesab edənlər çoxdur. Onun şəxsi həyatı da dövlət başçısı kimi xalq üçün gizli olaraq qalır. Hətta Vladimir Putinin neşə uşağının olduğu da ruslar üçün tapmaca kimi bir şeyə dönüb. Putinin rəsmi olaraq iki qızı-Mariya və Yekatirina var, onların harada işlədikləri, ailələrinin, uşaqlarının olub-olmadığı da məlum deyil.

Gimnast, Olimpiya çempionu, Dövlət Dumasının deputatı Alina Kabayeva 2013-cü ildə “Böyük idman” jurnalına müsahibəsində siyasətdən, idmandan və şəxsi həyatından danışıb. O, niyə siyasətlə məşğul olmasına toxunub: “Mənim üçün maraqlı idi. Deyib ki, 2008-ci il Olimpiadasında uğursuz çıxışından sonra Tatarıstandan Dövlət Dumasının deputatı olmasını təklif ediblər. Ancaq dərhal siyasətə gəlməyə razılşamayıb.

Şəxsi həyatına gəldikdə, Kabayeva yalnız uşaqları haqda suala cavab verməyə hazır olduğunu bildirib: “Yeganə onu deyə bilərəm: mənim uşaqlarım yoxdur. Bu, həqiqətdir”.

Kabayeva gələcəkdə uşaqları olasra, onların da onun yolu ilə gedəcəklərini vurğulayıb: “Oğlum olarsa, onun hansı idman növünü seçəcəyinə hələ ki qərar verməmişəm. Qızım isə mütləq bədii gimnastikaya gedəcək”.

Ancaq Kabayevanın qucağında bir oğlan uşağı ilə olan fotosu dediklərini tamamilə alt-üst edir. Məhz həmin şəklə istinad edənlərin iddiasına görə, bu, Alinanın doğmaca oğludur.

İndi 31 yaşı olan xanımla bağlı ən böyük qalmaqal “Moskovski korrespondent” həftəlik qəzetində keçmiş gimnast ilə prezident Vladimir Putinin evlənməsi haqda çap olunan məqalə olub. Məqalədə Putinin həyat yoldaşından gizli ayrılması və Rusiyanın əməkdar idmançısı ilə nikaha girməyə hazırlaşdığı xəbər verilirdi. Jurnalist informasiyanın təsdiqedici mənbəyi kimi keçmiş ərlə-arvadın yaxın ətrafındakı etibarlı mənbəyə istinad edirdi. Sonradan nəşrin rəhbəri informasiyanı təkzib edərək bildirdi ki, məqalə, sadəcə boş səhifəni doldurmaq və qalmaqallı sensasiya ilə nəşrin reytinqini qaldırmaq üçün düşünülüb. Bundan sonra həmin nəşr bağlanıb. Amma Alina Kabayevanın şəxsi həyatı müxbirlərə sakit dayanmağa qoymayıb. Kabayevanın hamiləliliyi ilə odu daha da alovlandırıb. Olimpiya çempionu uşağının atasının adını gizlədib. İndiyədək bu sirr olaraq qalır. Amma çoxları istisna etmirdilər ki, Putinlə gimnastın romanı “sarı” medianın uydurması deyil.

 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir