Modern.az

Deputat Kamilə Əliyeva: “Bizim ailəmiz sevgi üzərində qurulmayıb” - MÜSAHİBƏ

Deputat Kamilə Əliyeva: “Bizim ailəmiz sevgi üzərində qurulmayıb” - MÜSAHİBƏ

18 Mart 2014, 09:55

“Məni ali məktəbi bitirən kimi universitetdə saxladılar, 25 yaşımda elmlər namizədi idim”

“Tələbələrin bəziləri auditoriyaya elə tərzdə daxil olur ki, deməyə söz tapmırsan”

Modern.az saytının “Pəncərə”layihəsinin qonağı Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin genetika təkamül təlimi kafedrasının professoru, biologiya elmləru doktoru, deputat Kamilə Əliyevadır.

- Kamilə xanım, daha çox nəyə əsəbləşirsiz?

- Kimsə “siz haralısınız” sualını verəndə yaman əsəbləşirəm. Bu sualı heç bəyənmirəm. Mən azərbayanlıyam. Azərbaycanın bölgələrə bölünməsinin əleyhinəyəm.

- Daha açıq danışmağı çoxları bacarmır. Bəs, siz necə bacaracaqsınız?

- Sizin layihə çox səmimidir. Səmimi olmağa çalışacağam.

- Bioloqun siyasətə gəlməyinizi necə başa düşək?

- Doğrusu, bioloq olmaq fikrində deyildim. Hüquqşünas olmaq ən böyük arzum var idi. Qız övladı olduğuma görə hüquqşünas olmağıma icazə vermədilər. Amma ailədə qəti surətdə qarşıma sədd çəkmədilər. Sadəcə, anlatdılar ki, qız uşağısan, sənin ailə qurmağın daha vacibdir, yaxşı olar ki, qızlara daha münasib sənəti seçəsən. Bu səbəbdən məni həkimlik peşəsinə tərəf yönəltdilər. Beləliklə, məndə həkimlik peşəsinə həvəs yarandı. Orta məktəbi qızıl medalla bitirdiyimdən o zaman üçün bir imtahandan əla qiymət almaqla istədiyin ali məktəbə qəbul olunurdun. Sənədlərimi Tibb Universitetinə aparanda dedilər ki, medal alanlar birinci imtahanı fizikadan yazılı verəcəklər. Bütün fənləri mükəmməl bilsəm də, birinci imtahan fizika olduğundan bir az çəkindim. Fikirləşdim ki, birdən əla qiymət ala bilmərəm və məktəbin adına xələl gətirərəm. O zaman belə bir ənənə vardı, orta məktəbi medalla bitirən şagird birinci imtahandan keçə bilməyəndə məktəbin adına xələl gəlirdi. Ona görə də sənədlərimi biologiya fakültəsinə verdim.

- Nə hüquqşünas ola bildiniz, nə də həkim. Peşmanlıq hissi qalıbmı?

- Bu günə kimi hüquqşünas olmaq arzum ürəyimdə qalıb. Dediyiniz kimi, həkim də ola bilmədim. Ona görə də universitetin 3-cü kursuna çatanda insan genetikası ilə məşğul olmaq üçün genetika ixtisasını seçdim. Elmi işlər aparmağa başladım. Diplom işim də kişilərdə sonsuzluğun öyrənilməsi haqqında oldu. Yavaş-yavaş tibbə yaxınlaşaraq, tibbi genetika ixtisası aldım və bu sahə üzrə mütəxəssisə çevrildim.

- Genetik gələn məsələlərlə bağlı müraciət edənlər olurmu? Ümumiyyətlə, qohum nikahların çoxalması hansı fəsadlara gətirib çıxarır?

- İndiki zamanda genetikanın öyrənilməsi tibb sahəsində mühüm yer tutur. Təbii ki, mənə də genetika ilə müraciət edənlər olur. Ona görə də bütün xəstəliklərin əsasını onun irsiyyətində axtarmaq lazımdır. Ümumiyyətlə, üç minə yaxın irsi xəstəlik mövcuddur. Bu irsi xəstəliklərin artmasının səbəblərindən biri də yaxın qan qohumluğudur. Qohum olan gənclərin nikaha girməsi məqsədəuyğun deyil. Azərbaycanın cənub zonasını, şimal, qərb tərəflərlə müqayisə etsək, fərqin çoxluğunun şahidi olarıq. Bunun səbəblərindən biri psixoloji durumla bağlıdır. Hətta belə bir ənənə yaranıb ki, qızı bir rayondan başqa rayona ərə verməzlər. Vaxtilə belə yanaşma da var idi, rayon daxilində bir qızı almırdılarsa, başqa rayondan gələn elçiyə həmin qızı verəndə buna pis baxırdılar. O saat deyirdilər ki, görəsən, niyə başqa rayona ərə getdi? Onda hansı problem var idi? Bəzi ailələrdə indiyə qədər də bu məsələlər davam edir. Deyirlər ki, qoy qanım öz yaxınlarımla qarışsın. Tibbi nöqteyi-nəzərdən yanaşanda sonsuzluğun, irsi xəstəliklərin, müxtəlif patologiyalı xəstələrin, uşaq düşüklərinin meydana çıxmasının bir səbəbi də budur. Əgər hər hansı bir nəsildə irsi xəstəlik varsa, artıq evlənənlər bu xəstəliyin daşıyıcısıdır. Bəzən bizi başa düşmürlər. Deyirlər ki, əvvəllər qohumlar arasında evlilik olsa da, belə xəstəliklər meydana çıxmırdı. Niyə indiki qohum evliliklərində belə hallar yaranır? Ona görə ki, əvvəllər xəstəliklərin yaranma səbəbi bəlli deyildi. İnsanlar nəsə olanda sətəlcəmlə və digər xəstəliklərlə əlaqələndirirdi. Daha sonra elm, səhiyyə inkişaf etdikcə xəstəliklərin əsl yaranma səbəbi üzə çıxdı. Biz demirik ki, evlənən bütün qan qohumları arasında mütləq xəstəlik olacaq. Qohum olmayan ailələrdə də talasimiyalı xəstə uşaqlar doğulur. Sadəcə olaraq, müəyyən regionlar üçün bu xəstəlik xarakterikdir. Biz çalışırıq ki, qan qohumluğunun qarşısını alaq.

- 25 illik pedaqoji təcrübəniz var. İki nəsli müşahidə edib hansı qənaətə gəlmisiniz? Bugünkü tələbələrdə hansı keyfiyyətləri qəbul edə bilmirsiniz?

- 1989-cu ildən BDU-da dərs keçirəm. Dediyiniz kimi, 25 il az müddət deyil. Ona görə də nəsə deməyə haqqım çatır. 25 ildir gənclərin həm bilik səviyyəsini, həm mədəni keyfiyyətlərini, həm də geyim mədəniyyətini müşahidə edirəm. Öncə, tələbələr arasında geyim məsələsindən başlayaq. Bəlkə fikirlərimə görə məni köhnə düşüncəli insan kimi qəbul edəcəksiniz. Deyə bilmərəm. Amma səmimi deyim ki, indiki gənclərin geyim səviyyəsi məni qane etmir. Pedaqoq olsam da, heç bir tələbəyə geyiminə görə irad tuta bilmərəm. Əvvəla, onlara ailədə tərbiyə verən valideynləri var. Övlad evdən çıxanda valideyn ona nəzarət etməli, geyiminə fikir verməlidir. Tələbələrin bəziləri auditoriyaya elə tərzdə daxil olur ki, deməyə söz tapmırsan. Halbuki, həmin geyimlə gecə ziyafətinə getmək olar. Mən demirəm ki, keçmiş zamana qayıtmalıyıq. Düşünürəm ki, hər şeyin-geyimin də, kosmetikanın da öz çərçivəsi olmalıdır. Bizim dövrümüzdə ixtiyarımız yox idi ki, hündürdaban ayaqqabıda məktəbə gedək. Çantalarımız da orta məktəb səviyyəsində olurdu. Bir məsələyə də diqqət çəkmək istəyirəm. Gənc qızlarımızın və oğlanlarımızın həddindən artıq dar şalvar geyinməsi tibbi cəhətdən doğru deyil. Bu, gələcəkdə bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

- Bəs, siz valideyn olaraq, övladlarınıza nəyi aşılayırsınız?

- Çalışıram övladlarıma da tövsiyələr verim. Kiçik yaşlı olsalar da, qoyduğum qaydalarla gedirlər. Səhərlər onları evdən məktəbə yola salıramsa, təbii ki, nəzarət də mənim üzərimdədir. Uşaqların yaş səviyyəsindən böyük görünməsinin əleyhinəyəm. Bunlar məndən çox uzaq məsələlərdir.


- Siyasi mövqeyiniz, pedaqoji fəaliyyətiniz və analıq məsuliyyətiniz paralel inkişaf edir. Vaxt azlığından necə sığortalanmısınız?

- Bilirsiniz, qadının yükü həmişə ağır olub. Ailədə əsas kişinin sözü keçərlidir. Qadın ailədə bir az hökmranlıq etməsini normal qəbul etmirəm. Adət-ənənələrimizə, mentalitetimizə bir az sadiq insanam. Nə qədər inkişaf etsək də, çalışıram bu inkişafın içində milli dəyərlərimiz qorunub saxlansın. Qadın kişidən vəzifəcə üstün də ola bilər. Ailədə isə kişinin də, qadının da öz yeri var. O zaman ailə də möhkəm olur, uşaqlar da tərbiyəli böyüyür. Kişinin missiyası qazanıb evə bir tikə çörək gətirməkdir. Ailədə digər məsələlər isə qadının üzərinə düşür. Ailə məsələlərində qadın üçün vaxt bölgüsü mühüm rol oynayır. Ona görə də həyatda ən qorxduğum şey vaxt itkisidir. Hər bir işimi vaxt etibarı ilə planlaşdırıram, sabah nə edəcəyimi bu gündən bilirəm. Deputat kimi müxtəlif tədbirlərə dəvət edirlər, universitetdə dərs deyirəm, qəbula gələnlər olur, hər hansı yerə getməliyəm. Ən azından, sabahkı gün üçün vaxt bölgüsünü müəyyən etmək mütləqdir və mən bunu etməyə çalışıram.

- Bu qədər işin içində ailəyə sərf etməyə vaxt qalırmı?

- Şənbə və bazar günləri dövlət tədbirləri olmayanda həmin günləri ailəmə sərf edirəm. Harasa gəzməyə getmək, evdə hər hansı işləri görmək mənim ixtiyarımdadır. Həftənin 5 günü isə axşam saat 7-8-dən sonra ailəmə vaxt ayırıram. Bir sözlə, övladlarım nəzarətdən kənarda qalmır.

- Deputat olaraq, çalışdığınız təhsil sahəsində elə məsələlər varmı ki, onu Milli Məclisin plenar iclasında səsləndirməyi düşünürsünüz?

- Əvvəla, təhsil işçisi olmağım bəzi məqamları Milli Məclisdə səsləndirməyimə köməklik edir. Ümumiyyətlə, deyərdim ki, dövlətin inkişaf etməsində əsas özəyi təhsil təşkil edir. Hətta, səhv etmirəmsə, Yaponiyanın baş nazirlərindən biri belə demişdi: “Yaponiyanın güc nazirliyi onun təhsil nazirliyidir”. Görün, təhsilə necə qiymət verilir. Ona görə də dövlətin inkişaf etməsi üçün onun təhsili möhkəm olmalıdır. Təhsilimiz bağçalardan başlamalıdır. Bilirsiniz ki, “Təhsil haqqında” qanunda da uşaqların orta məktəblərə bağçalardan gəlməsi nəzərdə tutulub. Keyfiyyətli təhsil üçün maddi-texniki baza güclü olmalıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahədə çox işlər görür. Məktəb binaları əsaslı təmir olunub gələcəyimiz olan uşaqların ixtiyarına verilir. Ali məktəblərdə də təhsil və elm paralel olaraq inkişaf etməlidir. Elmlər Akademiyası ilə universitetlər arasında əlaqələr güclənməlidir. Müxtəlif elmi-tədqiqat institutları var. Orada yaxşı işlər gedir. Tələbələri ora cəlb etmək lazımdır. Elmi-tədqiqat institutlarının işçilərini təhsilə cəlb etmək lazımdır ki, orda olan yenilikləri universitetlərdə təhsil alan tələbələrə çatdırsınlar. İnteqrasiya olmalıdır ki, elm də inkişaf etsin. Biz orta məktəblərə daxil olanda, əksəriyyət qadın müəllimlərin üstünlük təşkil etdiyini görürük. Orta məktəblərdə kişi müəllimlərimiz barmaqla sayılası qədərdir. Bu, arzuolunmaz faktdır. 11il şagird orta məktəbdə təhsil alır. Şagirdin 11 il ərzində formalaşmasında kişi müəllimlərinin də böyük əməyi var. Hətta idman müəllimlərimizin əksəriyyəti qadınlardır. Oğlanlarımızın elmə marağı azalıb. Daha çox elmlə məşğul olmaq istəyənlər qızlardır. “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu məsələləri gündəmə gətirəcəm. Oğlanları elmə cəlb etmək lazımdır. Qızlarımız elmə gəlir, ailə həyatı qurub övlad dünyaya gətirəndən sonra bu sahədən uzaqlaşır, davam etdirmək fikirləri olmur. Bu məsələlərdə ciddi olmalıyıq.

- Adət-ənənələrə bağlı olduğunuzudediniz. Sizinlə Novruz həftəsində görüşürük. Bir ev xanımı kimi nə etməyi düşünürsünüz? Səməni göyərtmisinizmi?

- Öncə deyim ki, Novruz ən sevdiyim bayramdır. 31 dekabrı yeni il kimi qəbul etmirəm. Sadəcə, təqvim dəyişikliyi və həmrəylik günü kimi qəbul edirəm. Mənim üçün əsl yeni il Novruzun gəliş ilə başlayır. Dediklərim bəlkə böyük səslənəcək, amma uşaqlıq və gənclik dövrümü xatırlayanda yaxınlarımın Novruzu necə qarşıladıqlarına sevinirəm. Novruzun ilk çərşənbəsindən başlayaraq insanlarda bayram əhval-ruhiyyəsi hiss olunurdu. Evlərin təmizlənməsinə başlanılırdı. Əgər həyət evində yaşayırdıqsa, həyət-bacaları ağartmalı idik. Gözləyirdik ki, bu bayramda valideynlərimiz bizə təzə nəsə alacaq. Bu, mütləq idi. Təbii ki, bizə təkcə Novruzdan novruza nəsə alınmırdı. Sadəcə, bayramda hədiyyənin öz ləzzəti vardı. Qonşularımız hamısı yığışıb bayram şirniyyatları bişirərdi. Çox əfsuslar olsun ki, bu adət-ənənələrimiz çox az ailələrdə qalıb. Kənd yerlərində isə bayram adətlərinə rast gəlmək mümkündür. Səməniyə gəlincə, evimdə özüm göyərdirəm. Eşitmişəm ki, hər bir ailədə mütləq bir ədəd də olsa səməni göyərməlidir. Allah hamının anasını qorusun, mənim də anamı onların içində. Anamın 86 yaşı var. Biz hamımız onun ətrafında cəmləşirik. Bacılarım, qardaşlarımın yoldaşları yığışıb bayram şirniyyatları bişiririk. Bayram axşamı plovu mütləq özüm dəmləyirəm. Onun ayrı ləzzəti var. İşimlə əlaqədar köməkçim olsa da, mətbəximə başqasını yaxın buraxa bilmərəm. Başqa adamın bişirdiyini də yeyə bilmirəm. Ancaq məcburiyyət qarşısında qalıb yeyə bilərəm. Hətta ailə üzvlərimdə də belə vərdiş yaranıb. Bütün işlərimin bu cür nizamda olması üçün həyat yoldaşıma minnətdaram.

- Dediklərinizdən belə başa düşdüm ki, sizin ailənizin öz qanunları olub. Maraqlıdır, elmə bu dərəcədə bağlı olmağınız ailədə kimin istəyi ilə formalaşmışdı?

- Doğrudan da ailəmizdə elmə, təhsilə çox geniş yer verilib. 7 yaşıma çatmamış atamı itirmişəm. Bizi anamız böyüdüb. Anam nə qədər atamın yoxluğunu bizə hiss etdirməməyə çalışsa da, istənilən yaş dövründə atanın yoxluğu hiss olunur. Məktəbə gedəndə başqa uşaqlar kimi sənin atan gəlmir. Buna baxmayaraq, anamız hamımıza ali təhsil verib. Atam həmişə deyib ki, qız övladlarımın heç zaman tez ailə qurmasına icazə vermərəm. Qızı kiçik yaşlarında yeni ailəyə atmaq doğru deyil. Müstəqil həyata qədəm qoyandan, bərkə-boşa düşəndən sonra ailə qurmaq haqqında düşünmək olar. Məndə vəziyyət başqa cür oldu. Universitetdə təhsil aldığım müddətdə Lenin adına təqaüd alırdım. Məni ali məktəbi bitirən kimi universitetdə saxladılar, 3 il müddətinə elmlər namizədi oldum. Artıq 25 yaşımda elmlər namizədi idim. Bu məni ruhlandırırdı. Qardaşım elmlər doktoru olduğundan mənə dedi ki, əgər ailə həyatı qursan davam etdirə bilməyəcəksən. Ailə qurmaq hər zaman mümkündür. Dedi ki, elmi işini davam elə, sən artıq bu yolun yarısını keçmisən. Onun məsləhətinə qulaq asıb 30 yaşımda doktorluq işimi bitirdim. Bu, çox böyük məsuliyyət idi. Ona görə də 30 yaşdan sonra ailə həyatı qurdum.

- Bir az da ailə həyatınızdan danışaq. Həyat yoldaşınızla necə tanış oldunuz? Ailə qurana qədər aranızda sevgi var idimi?

- Tam səmimi danışacağam. Çünki bu layihədə qeyri-səmimi olmaq mümkü deyil. Bizim ailəmiz sevgi üzərində qurulmayıb. Bu gün də rəfiqəlik etdiyim bir xanımın atası məni bacısının oğluna istəyib. O vaxta qədər rəfiqəmin bibisi oğlunu, yəni həyt yoldaşımı nə tanımışam, nə də görmüşəm. Elə rəfiqəmin atası bizə elçi gəldi və beləliklə, bizim ailə təməlimizin əsası qoyuldu. Məni həmişə insanın intellektual səviyyəsi maraqlandırıb. Çox şükürlər olsun ki, Tanrı mənim qarşıma həm ali təhsilli, həm intellektual səviyyəcə inkişaf etmiş, ən əsası məni başa düşən insanı- həyat yoldaşımı çıxarıb. Gec ailə həyatı qursam da, taleyimdən çox razıyam. Həyat yoldaşım da çox gözəl, məni anlayan, dəyər verən insan oldu. Həm deputatam, həm elmi işçiyəm, həm də pedaqoqam. Ona görə də kişinin qadını anlaması, ona dəstək olması çox önəmlidir. Həyat yoldaşım hər işimdə mənə yardımçı olub. Hər bir işimdə ona güvənirəm. Bilirsiz, bu layihənin daimi oxucusuyam. Kimlər sizin qonağınız olursa, sevə-sevə oxuyuram. Siz bir jurnalist olaraq, adamı danışdırmağı bacarırsınız. Deyərdim ki, bu vaxta qədər ən səmimi müsahibəni də məhz sizə verdim.


Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır