Modern.az

Siqaret - mehriban düşmən

Siqaret - mehriban düşmən

Aktual

26 Mart 2014, 00:09


Yəqin ki, siqaret çəkənlər bu yazını oxuduqdan sonra uzun illər adət etdikləri vərdişdən əl çəkməsələr də, heç olmasa çəkdikləri siqaretin sayını azaldacaqlar. Hər halda sağlamlıq naminə cəhd etməyə dəyər.

Birmənalı şəkildə siqaretin insan sağlamlığı üçün ziyanını hamımız yaxşı dərk edirik. Ancaq bir az da dərinə getsək və onun ayrı-ayrı orqanlarımıza vurduğu zərbənin nəticələri haqqında düşünsək yalnız bir qənaətə gələ bilərik: İnsan siqaret vasitəsi ilə özü özünə qəsd edir.

Modern.az saytı mehriban düşmənimiz olan siqaretin bizlərə “səxavətlə” bəxş etdiyi fəsadlara nəzər yetirir.

Siqaret və sizin xarici görüşünüz

Siqaret çəkmək sizin xarici görünüşünüzə mənfi təsir göstərir. O, dişlərin və dırnaqların saralmasına səbəb olur, o cümlədən qırışların sayını artırır. Siqaret çəkən insanın üz dərisi solğun görünür. Siqaret qocalmanı sürətləndirir. Uzun müddət siqaret çəkdikdən sonra damarların əzələləri qıc olmuş halda yığılmağa başlayır, bunun nəticəsində toxumada çoxlu miqdarda çatlar əmələ gəlir. Bu zədələr daha da xoşagəlməz nəticələrə gətirir. Birincisi, qan laxtalarının əmələ gəlməsinə səbəb olur, ikincisi, xırda çapıqlar yaranır və öz-özlüyündə hamar olan damarların daxili səthi nahamarlaşır. Bu nahamarlıq piy zərrəciklərinin yığılmasına kömək edir, öz növbəsində aterosklerozun yaranmasını sürətləndirir. Müqayisə üçün siqaret çəkən və çəkməyən insanların dərisindəki fərqlərə nəzər yetirmək kifayətdir.

Siqaret və sizin görmə qabiliyyətiniz

Tədqiqatlar göstərir ki, siqaretin çəkilməsi korluğa səbəbi ola bilər. Bu əsasən yaşlı siqaret çəkənlərdə göz qişalarının dəyişməsi səbəbindən baş verir.

Siqaret və eşitmə qabiliyyəti

Tədqiqatlar nəticəsində o da məlum olub ki, ağıreşitmə siqaret çəkən insanlarda digərlərinə nisbətən 1,7 dəfə çox olur.

Siqaret və kişi sağlamlığı

Kişilərdə siqaret çəkmə impotensiya riskini artırır.

Siqaret və qadın sağlamlığı

Siqaret çəkmək hamiləlik dövründə vaxtından qabaq doğuş, uşaq doğma qabiliyyətinin azalması kimi bir çox ağırlaşmalara səbəb olur. Siqaret çəkən qadınlar həmçinin menopauzanın daha erkən başlaması ilə rastlaşa bilərlər. Hamilə siqaret çəkən qadınlar çox zaman depressiyadan əziyyət çəkirlər.

Siqaret və gərginliklər

Hər dəfə siz siqaret çəkənlər arasında olanda orqaniziminizə nikotin daxil olur. Hətta əgər siz siqaret çəkmək istəməsəniz də, sizin orqaniziminiz artıq nikotinə öyrəşir və bu tələbata çevrilir. Daima nikotinə olan tələbat insanı əsəb gərginliyinin pikində saxlayır.

Siqaret və diabet

Əgər sizin diabetiniz varsa və siz siqaret çəkirsinizsə özünüzü risk qarşısında qoymuş olursunuz. Həmçinin göz damarlarının, əl və ayaq damarlarının problemləri ilə də üzləşmək ehtimalınız artır.

Siqaret və xərçəng

Siqaret çəkmək ağciyərlər, boğaz və ağız kimi tüstü ilə təmasda olan orqanların xərçənginə səbəb ola bilər. Kimyəvi maddələrin tüstüdən qana daxil olması səbəbindən xərçəng digər orqanlarda da yarana bilər.

Siqaret və digər xəstəliklər

Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin yaranmasında siqaret çəkmənin rolu böyükdür.

Bronxitin yaranmasının səbəblərindən biri siqaretdir.

Əsasən yaşlı insanların keçirdiyi xroniki ürək-damar xəstəliyi olan ateroskleroz siqaret çəkmənin nəticələrindən biridir.

Beyin qan dövranının pozulması, o cümlədən insultun və psixi pozuntuların əmələ gəlməsində də siqaret öz “fəallığı” ilə birincilər sırasındadır.

Siqaretin insana bəxş etdiyi bu kimi xəstəliklərin siyahısını artırmaq olar.

Siqareti atdıqdan sonra orqanizmdə baş verən dəyişikliklər:

- Artıq bir aydan sonra tənəffüs təmizlənəcək və xroniki öskürək narahat etməyəcək;

- Normal yuxu almaq asanlaşacaq. İşləmək qabiliyyəti artacaq. Ümumi tonus əhəmiyyətli dərəcə yüksələcək;

- 3-6 aydan sonra ağciyərlər tütünün yanmasının zəhərli məhsullarından, qatran, tütün tozundan azad olacaq;

- Bir ildən sonra ürək xəstəliyinin yaranma riski 50% azalacaq;

- 5 ildən sonra ağciyərlərin xərçəng xəstəliyinə tutulmaq ehtimalı xeyli azalacaq.

Əgər siz sağlamlığınızın qayğısına qalırsınızsa bu gərəksiz vərdişdən imtina edin. Hər halda sağlam yaşamaq zövqü siqaret çəkmək “həzzindən” qat-qat gözəldir.

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?