Modern.az

Şimali Koreyanın lideri sevgilisini edam etdirib - FOTOLAR

Şimali Koreyanın lideri sevgilisini edam etdirib - FOTOLAR

Reportaj

14 Aprel 2014, 17:11


Şimali Koreyanın gənc diktatoru Kim Çen Inın güllələnmə şoularının təşkilini sevməyi çoxdan məlumdur. Məsələn, 2012-ci ildə atasının dəfn mərasimində özünü yaxşı aparmayan generalı minomyotla güllələdib. Heç kimin gözləmədiyi halda 2009-cu ildə atasının varis elan etdiyi bu cavan diktatorun hakimiyyətə gələndən  bəri ən dəhşətli edamları ilə bağlı xəbərlər son zamanlar daha tez-tez yayılır. Onun qəddarlıqla edam etdirdiyi koreyalılar arsında ən yaxın adamları da var. Məsələn, ötən ilin sonlarında Kim Çen Inın dayısı Çan Son Txek onun əmri ilə edam olunub. Dövlət çevrilişinə cəhhdə təqsirli bilinən dayısını qəddar diktatorun itlərə yedizdirdiyi iddia olunurdu.
Əlbəttə, Şimali Koreya həddindən çox qapalı ölkə olduğundan burada baş verən olaylar haqda real informasiya əldə etmək müşkül məsələdir. Bu səbəbdən, məlumatlardan birində qeyd edilirdi ki, diktatorun daysı qumbaraatanla kütlənin gözü qarşısında vurulub. Digər məlumatda isə iddia olunurdu ki, bacısı oğlunun qəzəbinə gələn dayını on gün ac saxlanılan itlərə yem ediblər.

Cənubi Koreya, ABŞ və digər qərb ölkələrinin mənbələrinin iddiasına görə, Şimali Koreyadakı gənc diktator dayısı ilə yanaşı, onun ailə üzvlərini də edam etdirib.

Modern.az saytının məlumatına görə, bu günlərdə Kim Çen Inın daha bir qəddarlığı haqda dünyanı dəhşətə gətirən xəbər yayıldı. Qeyd edilirdi ki, Şimali Koreya lideri dayısı ilə dost olan ictimai təhlükəsizlik naziri O Son Xonu daha dəhşətli üsulla edam edib. Naziri diktatorun özünün odsaçan silahla vuraraq diri-diri yandırdığı bildirilirdi.

Korrupsiya, vətənə xəyanət ittihamlarına görə Şimali Koreyada edamlar əslində adi hala çevrilib. Bu məlumatlar isə bir daha təsdiq edir ki, gənc diktator hətta ən əziz adamını bağışlamaq niyyətində deyil. Kim Çen Inın qəddarlıqları sırasında daha bir nəfər var, bu şəxs onun keçmiş sevgilisi olub. Bəli, Şimali Koreya lideri vaxtilə sevişdiyi müğənnini edam etdirib. Bu haqda bir qədər sonra.

Doğum tarixi dəqiq bilinməyən lider

Şimali Koreya siyasətçilərinin və onların ailələrinin həyatı bu ölkədə ən böyük sirr kimi qorunur. Buna görə Kim Çen Inın, onun qardaşlarının, hətta anası və atasının həyatı ilə bağlı dəqiq məlumat yoxdur. Bu səbəbdən Şimali Koreya mediasının rəsmi və ABŞ, Cənubi Koreya və Yaponiya xüsusi xidmət orqanlarındakı mənbələrin sızdırdığı bir-birinin əksi olan məlumatlarla kifayətlənməyə məcburuq. Gənc diktatorla bağlı mənbələrin yeganə birmənalı məlumatı onun Avropada təhsil alması haqdadır. Onun təhsil aldığı yerlər arasında İsveçrədəki Beynəlxalq Məktəbin adı tez-tez çəkilir.

Əgər bu həqiqətdirsə belə, Kim Çen In bu məktəbdə görünməyib. KXDR-in rəsmi mediasının məlumatına görə, bu dahi yeniyetmə təhsillə evdə məşğul olub. Digər məlumatda Kim Çen Inın Avropada olduğu zaman guya basketbol oynadığı bildirilsə də, amma taxt-tacın varisinin kompleksinə görə ekspertlərin çoxu buna inanmaqda çətinlik çəkiblər. O 20 yaşına çatanda  Şimali Koreyaya qayıdıb. Onun Beynəlxalq Məktəbi bitirib-bitirmədiyi isə məlum deyil.

Koreyaya qayıdandan sonra onun həyatı ciddi şəkildə gizlində saxlanılıb, qardaşlarından fərqli olaraq bir fotosuna belə heç yerdə rast gəlinməyib. Xarici mətbuat mənbələri güman edirlər ki, o, Şimali Koreyanın rəhbəri olan atası Kim Çen Irın ən sevimli oğlu olub.

Rəsmi məlumatlara görə, Kim Çen In Kim Çen İrın kiçik oğludur və 1982-ci il yanvarın 8-də Pxenyanda anadan olub. Digər mənbələr, o cümlədən ABŞ və Cənubi Koreyanın xüsusi xidmət orqanları KXDR-in indiki liderinin doğum tarixi ilə bağlı başqa il – 1983, bəzən isə 1984-cü ili göstərirlər.

Sevgilisinin qəzəbinə gələn xanım



Qeyd etdik ki, Şimali Koreyanın gənc lideri atasının varisi kimi hakimiyyətdə olduğu ötən müddətdə ən yaxın adamlarını belə, qəddarcasına edam etdirməklə fərqlənir. Araşdırma zamanı məlum olur ki, Kim Çen In hətta keçmiş sevgilisini də edam etdirib. Ayrı-ayrı mənbələrin verdiyi məlumata görə, bu hadisə 2013-cü ilin yayında baş verib. Şimali Koreyanın liderinin sevgilisi olan Xyon Son Vol və daha 10 nəfərə qarşı çıxarılan ölüm hökmü icra olunub. Bu haqda 2013-cü ilin yayında xarici KİV-lər Cənubi Koreyanın “Çoson İlbo” qəzetinə istinadən məlumat yayıblar. Məlumatlarda qeyd edilirdi ki, Xyon və onun elektrik musiqi instrumental orkestrinin bütün üzvləri, eləcə də “Vanqsedjanq” qrupunun musiqiçiləri və rəqqasələri avqustun 17-də həbs ediliblər. Onları pornoqrafik xarakterli film çəkməkdə və onun yayılmasında təqsirli bilirdilər. Bundan əlavə, musiqiçilərin evlərində axtarış zamanı ölkədə ciddi qadağa tətbiq olunan Bibliya aşkarlanıb. Avqustun 20-də onlar camaatın gözü qarşısında güllələniblər. Güllələnənlərin ailələri isə Şimali Koreya qanunlarına uyğun olaraq həbsxanalara və siyasi məhbuslar üçün nəzərdə tutulan düşərgələrə göndəriliblər.

Atası oğlunu sevgilisindən ayırıb



KİV-də verilən informasiyaya görə, Kim Çen In populyar musiqi qrupunun vokalisti Xyon Son Volla 2000-ci illərin əvvəllərində tanış olub və Şimali Koreyanın indiki rəhbəri ilə 10 ildən çox sevgi romanı yaşayıb. Ancaq onlar arasındakı roman Şimali Koreyanın o vaxtkı lideri Kim Çen İrın təkidi ilə dayanıb. Bundan sonra qızı KXDR-in liderinin şəxsi mühafizə xidmətindəki zabitə ərə veriblər. KİV-lərin çoxu onu da yazıblar ki, Kim Çen Inla Xyon Son Vol arasındakı sevgi romanı bu nikahdan sonra da davam edib.

Xyon Son Vol inqilabi və təbliğat mahnılarının ifaçısı olub. İttiham materialına görə, musiqiçilər evdə seks-video çəkib və ehtimal olunur ki, Çində onu satıblar.

İnternetdə həmin video da yayılıb. Videoda 3 qadın kifayət qədər ciddi görkəmdə, konsert kostyumunda və kovboy şlyapasında Elvis Preslinin “Aloha Oe” mahnısının sədaları altında rəqs edirlər. Çarx ilk dəfə Çinin Youku video-hostinqində peyda olub. Videoya az müddətdə 700 min baxış olub.

Tokiodan olan professor, “Kim Çen Inın real xarakteri” kitabının müəllifi Tosimitsa Siqemura isə edamın arxasında siyasi çaların olduğunu iddia edib:

“Əgər gənc adamların günahı yalnız pornoqrafik roliklərin hazırlanması olsaydı, onları edam etməzdilər, məhkəmə onlar barəsində müxtəlif müddətlərə hökm çıxararaq həbsxanaya göndərərdi”.

Keçmiş sevgilisini indiki arvadı güllələtdirib?



Ümumiyyətlə, bu edamla bağlı versiyalar müxtəlifdir. Məsələn, bir çox mənbənin fikrincə, Kim Çeç Inın keçmiş sevgilisinin də daxil olduğu musiqiçilər qrupu Şimali Koreya liderinə əks cəbhədə dayanan siyasi elita düşərgəsi ilə bağlı olublar. Bundan əlavə, edama Kim Çen Inın indiki həyat yoldaşı “”Süd yolu” orkestrinin müğənnisi Li Sol Yunun da dəxli olduğu ehtimalı irəli sürülüb.

Yeri gəlmişkən, Şimali Koreya liderinin indiki evliliyi haqda da birmənalı məlumata rast gəlmək mümkün deyil.  Söylənilənlərə görə, Kim Çen In gələcək həyat yoldaşı Li Sol Vo ilə 2011-ci il dekabrın 31-də yeni il şənliklərində tanış olub. O, Kim İr Sen universitetinin məzunudur. Marşal və onun nişanlısı 2012-ci ilin yayında evləniblər. Ancaq Cənubi Koreya kəşfiyyatının məlumatına görə, toy 2009-cu ildə olub və cütlüyün iki uşağı da var.  Bu uşaqları indiyədək kimsə görməyib və onların nə zaman dünyaya gəldikləri də sirr olaraq qalır.

Qeyd edək ki, Xyon Son Vol Şimali Koreyada “Ata oxşayan çox gözəl xanım”, “Mən Pxenyanı sevirəm”, “Əsgər addımları” və “Biz-partiya kadrlarıyıq” kimi hitlərin ifaçısı kimi tanınıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır