Modern.az

AZAL təyyarəsi: cavablar azaldıqca, suallar artır

AZAL təyyarəsi: cavablar azaldıqca, suallar artır

Aktual

8 Yanvar 2026, 10:07

Azərbaycanın mülki aviasiyasına qarşı törədilmiş məlum və məşum cinayət – AZAL təyyarəsinin vurulması hadisəsinin bir ili dekabrın 25-də tamam oldu. Dövlətimizin, xalqımızın bu hadisə baş verən gündən bəri göstərdiyi dəyanət, mətanət və ləyaqət dillərdə dastan olmağı haqq edən bir dəyərə çevrilib. Bu, hava nəqliyyatı faciəsi olmağın çox ötəsində, beynəlxalq hüquq, dövlət məsuliyyəti və siyasi etikaya dair açıq suallar doğuran ciddi presedentdir. Hadisənin gündəmdə saxlanılması, istintaqın formal şəkildə bağlanmasına yönəlmiş cəhdlərin ifşası, əlbəttə, Azərbaycanın həm milli çıxarlarına, həm də beynəlxalq ədalət prinsipinə söykənir.

Budur, Rusiya İstintaq Komitəsi rəhbəri Aleksandr Bastrıkinin AZAL təyyarəsinin vurulması ilə bağlı cinayət işinin faktiki olaraq bağlanmasına yönəlmiş mövqeyi Rusiyanın öz içində belə ciddi tənqidlərə səbəb olmaqdadır.

Bu kontekstdə, artıq mediada ortaq mövqe səciyyəsində şəkillənən münasibətlərdən də göründüyü üzrə, Bastrıkinin Rusiya elitası içində özbaşına davranışları, hüquq mexanizmlərini siyasi məqsədlərə tabe etdirməsi, hətta şəxsi - prezident ambisiyalarının qabardılması, bununla da - faktiki olaraq Vladimir Putinə institusional tabeçiliyin zəifləməsi diqqəti cəlb edir.

Azərbaycan üçün bu məsələ yalnız konkret cinayətin araşdırılması ilə bitmir; həm də Rusiyanın beynəlxalq öhdəliklərinə nə dərəcədə sadiq qaldığının, belə demək mümkünsə, “lakmus kağızı”dır. İstintaqın bağlanmasının cəhdi – məsuliyyətdən yayınma, həqiqətin üstünün örtülməsi və qurbanların hüquqlarının tapdalanması anlamına gəldiyini necə danmaq olar?

Məsələnin geosiyasi konteksti də varmı? - Bəli, var: olanlar Rusiyanın nüfuz itkisi fonunda olur. 
AZAL təyyarəsi ilə bağlı məsələ daha geniş geosiyasi mənzərənin tərkib hissəsi kimi götürülə bilər. Son illərdə Rusiyanın müttəfiqlik sisteminin ciddi zərbələr aldığı heç kəs üçün sirr deyil. – Məsələn, Yaxın Şərqdə əsas dayaq nöqtələrindən birinin itirilməsi, Latın Amerikasında təsir imkanlarının daralması, qlobal güc balansında Rusiyanın manevr sahəsinin sınırlanması və s. vurğulana bilərik.
Bax, bu fonda AZAL hadisəsi Kremlin beynəlxalq imicinə əlavə yük gətirən, hüquqi-siyasi baxımdan izahı çətin olan fakt kimi qalır.

Azərbaycanın mövqeyi isə dəqiqdir, prinsipialdır və davamlılığı ilə üstünlük qazanır.
Biz bu məsələdə emosional deyilik, məhz hüquqa söykənən mövqe nümayiş etdiririk. Hadisənin gündəmdə saxlanılması mülki aviasiyanın toxunulmazlığı prinsipinin müdafiəsi, dövlətlərin məsuliyyətdən yayınmasının yolverilməzliyi kimi fundamental məsələləri əhatə edir. Üstəlik, bura beynəlxalq hüququn selektiv - yəni müəyyən bir şeyə, şəxsə və ya ortama yönəldilmiş, digərlərini nəzərə almayan, müəyyən meyarlara əsaslanan seçimin tətbiqinə etirazı da əlavə edə bilərik.

Belə bir sərrast mövqenin ardıcıl şəkildə davam etdirilməsi, Azərbaycan diplomatiyasının təmkinli, lakin geri çəkilməyən xəttinin göstəricisidir. 
Bizim işimiz haqq işidir! Haqq incələr, üzülməz!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır