Ötən ilin 23 dekabrında Nazirlər Kabineti “Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 408 nömrəli qərar qəbul edib. Qərara əsasən, köhnə JEK/MKİS strukturlarının bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisələrinin (MMC) yaradılması təşəbbüsü irəli sürülüb. Bu addım yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən MKİS-lərin işinin təkmilləşdirilməsini hədəfləyir.
Modern.az olaraq əldə etdiyimiz məlumata görə sözügedən qərar Bakı şəhərinə şamil edilmir:
“Bakıda MKİS-lərlə bağlı detallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul edəcəyi yeni qərarla müəyyən olunacaq”, - deyə mənbə bildirib.
Qeyd olunub ki, yanvarın 26-da “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti kommunal xidmətlərin təmin edilməsi məqsədilə müxtəlif növ malların satın alınması üçün ümumi dəyəri 23 milyon 863 min 427 manat 72 qəpik olan tender elan edilib.
Ayrılan vəsait hesabına Bakı şəhəri üzrə tullantı qablarının alınması nəzərdə tutulur.
Qeyd olunub ki, tullantı qabları kütləvi istismar şəraitində tez sıradan çıxdığı üçün yeniləri ilə əvəz ediləcək.
Eyni zamanda binaların fasadlarının təmiri də planlaşdırılır. Belə ki, bina üzləri suvanacaq, müxtəlif boya materiallarından istifadə olunacaq. Təmir işlərindən sonra yanğın təhlükəsinin yaranmayacağı bildirilib.
O da vurğulanıb ki, Mənzil-Kommunal İstismar Sahələrində (MKİS) çalışan işçilər üçün yeni geyim formaları alınacaq.
23 milyon manatlıq vəsaitin xərclənməsinə cavabdeh qurum “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-dir.