Modern.az

«Yeni Rus imperializmi»nə qarşı nə etməli?

«Yeni Rus imperializmi»nə qarşı nə etməli?

4 May 2014, 11:29

I yazı

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Rusiyanın imperalizm ənənələrini davam etdirən dairələrin «yeni Rus imperializmi» bu günədək Azərbaycan türklərinin, azərbaycanlıların milli şüurunun formalaşmasına mənfi təsir göstərmişdir və bu gün özünü daha aşıq şəkildə büruzə verməkdədir. Belə ki, Azərbaycan vətəndaşının şüuruna təsir etmək üçün Rusiyanın «Gömrük İttifaqı-yeni Rus imperializmi» tərəfdarları 70 illik SSRİ nostalgiyasını prinsiplərini önə sürürlər. Vaxtilə Rus bolşevikləri Azərbaycan Cümhuriyyətini kommunizm adı altında işğal etiyi kimi, onun varisləri (V.Putin, V.Jirnovski və b.) bir qədər fərqli şəkildə eyni istəklərini həyata keçirmək niyyətindədirlər və bunu, heç gizlətmirlər də.

Bu mənada Azərbaycan toplumunun şüuruna zaman-zaman yeridilən «yeni Rus imperializmi» şüuru bu gün açıq müstəviyə keçməyə başlamışdır. Bu baxımdan, Azərbaycan xalqının özünü müdafiə etməsi və milli varlığını qoruyub yaşatması üçün indi önəmli bir məqamdır. Vaxtilə Azərbaycan xalqı belə bir təhlükəni yaşamış və Sovet Rusiyasının müstəmləkə halına gətirilmişdir. Bizcə, həmin dövrdə baş verənlərlə indi baş verənləri diqqətlə təhlil edilməidir.

Rus bolşevikləri 1917-ci ildə Rusiyada hakimiyyəti ələ aldıqdan sonra əvvəlcə bütün millətlərə azadlıq vəd etdiyi, hətta bunu yazılı şəkildə bəyan etdiyi halda, çox keçmədi ki, kommunizm məfkurəsindən işğalçılıq siyasəti kimi istifadə etməyə başladılar. Ancaq bunun yalnız birtərəfli, yəni beynəlmiləl formada həyata keçirilməsinin mümkünsüzlüyünü anlayan rus bolşevikləri kommunizmə «milli forma» da verməyə başladılar. Başqa sözlə, onlar Marks və Engelsin kommunizm məfkurəsini rus milli maraqlarına uyğun şəkildə digər millətlərin şüurlarına yeritmək üçün sosializm ideyasına «milli» don geyindirməyə çalışdılar. Rus bolşevikləri kommunizm məfkurəsinin «milli» mahiyyətini belə izah edirdilər: formaca milli, məzmunca sosialist. Kommunizm ideyasına «milli» don geyindirməkdə onların məqsədi qeyri-rus millətlərinin şüurunu dolaşdırmaq və kölə halına gətirmək idi. Başqa sözlə, rus bolşevikəri qeyri-rus millətlərini, özəlliklə türk xalqlarını zor-xoş inandırmaq istəyirdilər ki, yalnız ruslar arasında deyil, guya Azərbaycan türkləri, Türküstan türkləri, ukraynalılar və başqa xalqların həyatında da sosializm inqilabı baş vermişdir. Sadəcə, Rusiyada sosializm inqilabı bir, Azərbaycanda digər, Ukraynada isə ondan bir qədər fərqli formada baş vermişdir. Guya, sosializmin digər ölkələrdə (Ukrayna, Azərbaycan, Gürcüstan və b.) Rusiyadan bir qədər fərqli şəkildə baş verməsinə səbəb isə, həmin millətlərin kommunizmə nə dərəcədə hazır olması səviyyəsi, ictimai-iqtisadi formasiya

quruluşu, kütlənin şüur səviyyəsi, bir sözlə milli özünəməxsusluqla bağlı olmuşdur. Ancaq bütün hallarda, guya bu ölkələrdə də sosializm inqilabı baş vermiş, fəhlə və kəndlillər milli burjuaziyanı devirərək hakimiyyəti ələ almışlar.

Bu zaman rus bolşeviklərinə əsas lazım olan o idi ki, öz əlləri ilə yıxdıqları milli dövlətlərdə (Ukrayna, Azərbaycan, Gürcüstan və b.) sözdə «sosialist dövlətləri»nin yaradıldığını əsaslandırsınlar. Bundan sonra həmin «sosialist dövlətlərə» bir «milli» sözünü əlavə etmək işğalçılıq siyasətini pərdələməkdən başqa bir şey deyildi. Bu zaman ədəbiyyatda formaca milli, məzmunca kommunist-sosialist mütəfəkkirlərin (Nizami, Nəsimi, Axundzadə və b.) axtarışına çıxılması həmin siyasətin tərkib hissəsi idi. Bütün hallarda yerlərdəki «milli sosializm» inqilabı ruslaşdırmaq, rus imperiyasını bərpa etmək ideologiyasından başqa bir şey deyildi.



Bəlkə də, marksizm banilərinin kommunizm ideyası rus bolşeviklərinin əlində imperiya alətinə çevrilməsəydi, keçmiş SSRİ xalqlarında ona münasibət bu dərəcədə mənfi olmazdı. Başqa sözlə, marksistlərin kommunizmini rus bolşevikləri zoraklıqla sırıdığı üçün keçmiş SSRİ-nin tərkibində olmuş xalqlarda, o cümlədən Azərbaycan xalqının yeni nəslində (köh-nə nəslin əksəriyyəti bu məsələyə fərqli yanaşır) ona qarşı qıcıq var. Əslində bu qıcıq daha çox «rus kommunizmi» ilə bağlıdır, nəinki marksizm banilərinin kommunizm məfkurəsi ilə. Hər halda, marksizmin banilərinin irəli sürdüyü təlimdə son zamanlar çox vurğulanan vətəndaş cəmiyyətinin eleməntləri var idi. Onlar dövləti üstqurum, vətəndaş cəmiyyətini maddi bazis kimi görür, dövlətsiz kommunist cəmiyyətinin yarana biləcəyinə inanırdılar. Bir sözlə, zaman gələcək, hüquq və dövlət aradan qalxacaq, hakimiyyətsiz vətəndaş cəmiyyəti yaranacaq [50, 7].

Bu mənada, keçmiş SSRİ dövründə Ukraynada, Azərbaycanda, Gürcüstanda və başqa müstəmləkə ölkələrdə «milli» xüsusiyyətli sosializm adı altında, sözün həqiqi mənasında marksizmin dövlətsiz kommunist cəmiyyəti deyil, rus bolşevik-lərinin «rus kommunizmi» qurulurdu. Demək istədiyimiz odur ki, bu beynəlmiləl ideya rus bolşeviklərinin imperiya maraqları səbəbindən olduğu kimi tətbiq olunmamışdır. Hər halda, marksizmin banilərinin irəli sürdükləri kommunizm (dövlətsiz vətəndaş cəmiyyəti) ideyası «rus kommunizmi»ndən mahiyyət etibarilə çox fərqli olmuşdur. Deməli, keçmiş SSRİ xalqlarının şüurlarına marksizm banilərinin kommunizm ideyası deyil, Leninin və Stalinin «rus kommunizmi» ideyası yeridilmiş, üstəlik ona bir «milli» xüsusiyyətlər də əlavə edilmişdir. Bununla da, keçmiş SSRİ xalqlarının şüurlarında kommunizmə münasibətdə yeni bir ictimai şüur formalaşdırılmışdır. Elə bir şüur ki, orada vətəndaş nə özünü kommunist, nə də milli mənada dərk edə bilirdi. Bununla da, keçmiş SSRİ xalqları «sovet vətəndaşı cəmiyyəti» və «kommunizm» adı altında daha çox ruslaşdırılırdı. Bu da, qeyri-rus millətlərin şüurunda natamamlıq kompleksi, köləlik düşüncəsi yaradırdı.

Bu, artıq idarəedənlər (rus bolşevikləri) üçün asan idarəolunan millətlər (ukraynalı, azərbaycanlı, gürcü, qazax və b.) demək idi. Burada əsas məqam odur ki, idarəedənlər (rus bolşevikləri) özlərindən əvvəlki imperiya sələflərinin yolunu (çar Rusiyası dövründəki rus mütləqiyyətçiləri) davam etdirməklə yanaşı, özlərindən sonrakı xələflərini də düşünürdülər. Belə ki, bir gün SSRİ-nin dağılmasının mümkünlüyünü nəzərə alaraq, gələcəkdə imperiya təfəkkürünü davam etdirənlər üçün (məsələn, indi buna «rus avrasiyaçılığı» nümunə ola bilər), sovet dövründə idarəolunan millətlər halına gətirilmiş cəmiyyətləri daim təzyiq altında saxlamağın planlarını da cızmışlar. Fikrimizcə, keçmiş SSRİ-nin tərkibin-dəki xalqların marksizmin banilərinin kommunizmini deyil, rus imperiya təfəkkürünün daşıyıcıları olan bolşeviklərin «rus kommunizmi»nin psixoloji təzyiqi altında olduğu bir dövrdə «rus avrasiyaçılığı»nın postsovet məkanında yayılması çox ağıllı düşünülmüş bir ideyadır. Çünki Rusiyada yaxşı anlayırlar ki, keçmiş SSRİ xalqları hər il sovet ideologiyasından uzaqlaşır və bu uzaqlaşma yeni nəsil və yeni təfəkkür deməkdir. Yeni nəsilin sovet nəslini get-gedə inkar etməsi isə, rus imperiyası təfəkkürünə daban-dabana ziddir.

Ona görə də, yeni rus ideoloqları keçmiş SSRİ xalqları arasında imperiya təfəkkürünə cavab verən sovet nəsli tarix səhnəsindən getmədən «rus avrasiyaçılığı»nı həyata keçirməyə çalışırlar. Onlar yaxşı anlayırlar ki, ötən 20 ilin üzərinə bir 10, yaxud 20 il gələrsə, keçmiş SSRİ xalqlarını yeni nəsli rus imperiya təfəkkürünü yaxına belə buraxmayacaqlar. Bu baxımdan rus ideoloqları üçün avrasiyaçılıq imperiya təfəkkürünü davam etdirməyin bir vasitəsidir. «Avrasiyaçılıq» kimi imperialist ideyaya qarşı milli şüur formalaşdırıb milli ideya ilə çıxış etmək isə ona alternativlikdir.

Fikrimizcə, bu prosesin imperialistlərin, yoxsa millilik tərəfdarlarının qalib çıxmasında ictimai şüurun hansı istiqamətdə – imperiya təfəkkürünə, yoxsa milli şüura doğru inkişaf etməsindən çox şey asılı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi