Modern.az

Azərbaycan aliminin kitabı beynəlxalq mükafatına layiq görüldü  

Azərbaycan aliminin kitabı beynəlxalq mükafatına layiq görüldü  

Aktual

4 Fevral 2026, 12:18

Görkəmli Azərbaycan alimi, akademik Əhəd Canəhmədov Türkiyədə nəşr olunan kitabına görə beynəlxalq səviyyəli nüfuzlu mükafatla təltif olunub.

Modern.az xəbər verir ki, onun “Kainat haqqında düşüncələr: Mühəndislik fəlsəfəsində yanaşma” ( “Evren Üzerine Düşünceler: Mühendislik Felsefesiyle Yaklaşım” ) adlı əsəri “Türk Dünyasında İlin Kitabı” beynəlxalq mükafatına layiq görülüb.

Bu beynəlxalq mükafat Türk Dünyası Araşdırmaları Uluslararası İlimlər Akademiyası tərəfindən təsis olunub və türk xalqlarının elmi, fəlsəfi, ədəbi və ictimai fikir həyatına mühüm təsir göstərən əsərlərə verilir. Mükafat türk dünyasında ortaq elmi-mədəni dəyərlərin təşviqi, müəlliflərin beynəlxalq səviyyədə tanıdılması və elmi inteqrasiyanın gücləndirilməsi məqsədi daşıyır. Seçim prosesi Akademiyanın elmi heyəti, eləcə də ekspertləri tərəfindən aparılır. Yalnız məzmun, elmi yenilik, fəlsəfi dərinlik və ictimai əhəmiyyət meyarlarına cavab verən əsərlər bu mükafata layiq görülür.

Akademik Əhəd Canəhmədov mühəndislik fəlsəfəsi düşüncəsinin banisi və onun elmi izahını ehtiva edən fəlsəfi traktın müəllifidir. Bu baxından dünya elmində böyük maraqla qarşılanan mühəndislik fəlsəfəsi nəzəriyyəsinin belə mükafata layiq görülməsi təbii ki, ədalətli və doğru qərardır. Akademik Əhəd Canəhmədov bu əsərində kainat, təbiət qanunları və varlıq məsələlərinə mühəndislik məntiqi, sistemli düşüncə və fəlsəfi yanaşma ilə baxış təqdim edir. Müəllifin yanaşması elmi biliklə fəlsəfi təhlili bir araya gətirərək oxucuya yeni idrak modeli təqdim edir. Kitab yalnız ixtisas mütəxəssisləri üçün deyil, elm, fəlsəfə və idrak mövzularına maraq göstərən geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub. Əsər Türkiyə türkcəsinə Professor Elçin İskəndərzadə və Ayşə Nəbi tərəfindən uyğunlaşdırılıb. Kitab Akademiyanın 29 may 2025-ci il tarixli, 05 saylı qərarı ilə nəşrə tövsiyə olunub və həmin ilin iyun ayında Ankarada çapdan çıxıb. Əsərin elmi redaktoru dünya elmi ictimaiyyətində yaxşı tanınan, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSRİ və Rusiya Federasiyasının dövlət mükafatları laureatı, Rusiya Hökumət mükafatını yeddi dəfə almış nüfuzlu elm xadimi,akademik Boris Qusevdir.

Əsərin Türkiyədə nəşri və nüfuzlu beynəlxalq mükafata layiq görülməsi türk dünyasının elmi-mədəni məkanında Azərbaycan elmi fikrinin daha geniş tanıdılmasına xidmət edir. Bu mükafat isə həmin töhfənin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir. Akademik Əhəd Canəhmədovun uzun illər formalaşdırdığı elmi-fəlsəfi baxışın məhsulu olan bu kitabın mükafatlandırılması Azərbaycan elmi üçün əlamətdar hadisə kimi dəyərləndirilir və ölkəmizin elmi nüfuzunun türk dünyasında daha da möhkəmlənməsinə xidmət edir.

Görkəmli alimimizi təbrik edir, ona uğurlarının davamlı olmasını arzu edirik. 

Eldar İskəndərzadə

Telejurnalist, Prezident təqaüdçüsü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı