Dünyanın ən təhlükəli narkobaronu öldürülüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada Xalisko Yeni Nəsil kartelinin lideri Nemesio Rubén Oseguera Servantes ("El Mencho") öldürülüb.
Onun Xalisko ştatında federal reyd zamanı öldürüldüyü bildirilir.
Məlumata görə, o, ABŞ-yə kokain, metamfetamin və fentanil qaçaqmalçılığı ilə məşğul olan və yanacaq oğurlamaqla və neft qaçaqmalçılığı ilə gəlirlərini şaxələndirən ən böyük narkobaron olub.
Reyddən sonra cinayətkar qruplar Xaliskoda və qonşu Miçoakan və Quanaxuato ştatlarında genişmiqyaslı yanğınlar törədib, yolları bağlayıblar.
Hadisədən sonra ABŞ Meksikadakı Puerto Vallarta və Qvadalaxara kimi turistik yerlərin yerləşdiyi Xalisko ştatına, həmçinin Tamaulipas, Miçoakan, Gerrero və Nuevo Leon ştatlarındakı ərazilərdə vətəndaşlarına xəbərdarlıq edib, onları ərazini tərk etməyə yaxud gizlənməyə çağırıb.
İğtişaşlar fonunda Azərbaycanın Mexiko şəhərindəki səfirliyi ölkədə yaşayan həmvətənlərinə müraciət edib.
Diplomatik missiya Azərbaycan vətəndaşlarını sayıq olmağa, şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməyə, böyük izdihamdan və təhlükəli ərazilərdən çəkinməyə və yalnız rəsmi informasiya mənbələrinə etibar etməyə çağırıb.