Son illər istehlakçılarla istehsalçı qurumlar arasında yaranan mübahisələrin əhəmiyyətli hissəsi məhz rəqəmsal sahə ilə bağlıdır.
Modern.az xəbər verir ki, bu fikirləri 15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev deyib.
O bildirib ki, 2025-ci ilin təhlillərinə görə, istehlakçılarla istehsalçı qurumlar arasında yaranan mübahisələrlə bağlı Agentliyə daxil olan müraciətlərin təxminən 30 faizi məhz rəqəmsal sahə ilə əlaqədardır:
“Bu rəqəmlər təkcə bizim məlumatlarımıza əsaslanmır, eyni zamanda digər dövlət qurumlarının apardığı təhlillərdə də öz əksini tapır. Məsələn, son zamanlar Mərkəzi Bankın yaydığı məlumatlara görə, elektron ticarət platformalarında nağdsız ödənişlərin həcmi hər il artmaqdadır”.
C.Babayev vurğulayıb ki, bu sahədə istehlakçı hüquqlarının qorunması üçün Agentliyin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri və mexanizmləri mövcuddur:
“Bununla yanaşı, biz yalnız hüquqi mexanizmlərlə kifayətlənmirik. Maarifləndirmə və əməkdaşlıq kimi “yumşaq güc” vasitələrindən də istifadə etməyə çalışırıq. Elektron və rəqəmsal sahədə yaranan mübahisələr göstərir ki, artıq ənənəvi istehlakçı-sahibkar münasibətlərindən fərqli yanaşmalar tələb olunur. Buna görə də elektron platforma sahibləri və sahibkarlarla görüşləri davam etdiririk”, -deyə Agentlik rəsmisi əlavə edib.