Modern.az

Sumqayıtda Göz Mərkəzinin açılışı oldu - Fotolar

Sumqayıtda Göz Mərkəzinin açılışı oldu - Fotolar

Aktual

7 Aprel 2026, 16:10

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.

Modern.az xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər.

Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək.

Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub.

Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır.

Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb.

Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq.

Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək.

Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur.

Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!