Modern.az

Tiflisdə küçə musiqisi incəsənət, Bakıda dilənçilik sayılır

Tiflisdə küçə musiqisi incəsənət, Bakıda dilənçilik sayılır

28 İyun 2010, 16:02

Gürcülərin küçə musiqiçiləri: “Bakıya getməyi planlaşdırırdıq, amma eşitdiyimizə görə, orda polis icazə vermir”

- Əsl mədəniyyət küçələrdədir. Bir şox məşhur musiqiçilərin yolu məhz buradan keçib. Bu, incəsənətdir. Mən yeraltı keçidlərdə qazanc üçün çalmıram, pul həvəskarı deyiləm. Küçədə daha çox insanlar üçün ifa etməyi, onlarla yaxından təmas qurmağl sevirəm.   

Bakıdan fərqli olaraq Tiflisdə küçədə musiqi ifa edənlərə dilənçi kimi deyil, incəsənət xadimi, gürcü, eləcə də dünya musiqisinin təbliğatçısı kimi yanaşır, onlara hörmət edirlər. Tiflisdəki yeraltı keçidlərdə və küçələrdə gitara, fleyta, qarmon, nağara və digər musiqi alətlərində ifa edərək həm də səsləri ilə musiqiyə şirinlik qatanlara tez-tez rast gəlmək olur. Tiflis əhli onların kisəsinə pul salmaqla yanaşı, onlara qoşulub oxumağı, hətta hər musiqi qurtaranda alqışlamağı da unutmur. Küçə musiqiçilərinin əksəriyyəti bu üsulla həm də ailələrini dolandırsalar da, bəziləri yalnız musiqini təbliğ etmək məqsədi güdürlər.     

Milli Konservatoriyanın məzunu küçədə

30 ildir fleytada müxtəlif musiqi janrlarında ifa edən Badri Tobatadze əsl incəsənətin küçədə olduğunu düşünür. Onun yalnız bir istəyi var; musiqini, incəsənəti gürcülər arasında təbliğ etmək. 59 yaşlı Badri Tobatadze də məhz gürcü musiqisinin təbliğınə çalışır. Badri yalnz fleytada deyil, gitarada, nağarada və qarmonda da çalmağı bacarır. Musiqi alətlərində ifa etməyi evdə qardaşından öyrənib. Sonradan musiqiyə olan həvəsi onu Gürcüstan Milli Konservatoriyasınacan aparıb.

- Konservatoriyada təhsil aldıqdan sonra müəllim kimi də fəaliyyət göstərmişəm. Hətta tələbələrimin bir çoxu Opera və Balet Teatrında çalışırlar. Mən isə musiqiylə küçələrdə məşğul olmağa qərar vermişəm.

Qızının ailə qurub yaşadığı Avstraliyaya gedəndə də küçədə Gürcüstan musiqilərini ifa etməyi xoşlayır. Amma deyir ki, Avstraliyada dinləyicilər ona daha çox pul verirlər. Gün ərzində Avstraliyada 100 dollar qazanan Badri Gürcüstanda cəmi 18-65 lari (10-35 dollar – L.M.) qazana bilir.

- Mən Avstraliyada da gürcü musiqiləri çalıram. Xüsusi proqramım var, klassik musiqidən başlayıram, milli, caz, rok, bir çox xalqların musiqilərini ifa edirəm.

Rus dilində “Onun arabası var”

Fleytada ifa edən həmkararından fərqli olaraq 49 yaşlı Valeri Lizenkonu məhz işsizlik küçə musiqiçisi olmağa vadar edib. Pulsuzluqdan küçələrdə ifa etməyə üz tutsa da, işindən zövq alır. Gitarada ifa etməyi musiqi məktəbində öyrənib, amma ixtisaslı filoloqdu. Filoloq olsa da, gitarist kimi məşhurlaşmaq ən böyük arzusudu.

Hər bir sənətçinin arzusu böyük səhnələrə çıxa bilməkdir. Məni səhv başa düşməyin, “ulduz xəstəliyi”nə tutulmamışam. Amma mən də istərdim ki, nə vaxtsa televiziya ekranlarında, ya da böyük səhnələrdə ifa edim.

Gün ərzində nə qədər qazandığına gəlincə,  bu, onun necə ifa etməyindən asılıdır.

- Yaxşı ifa edib dinləyici toplaya bilirəmsə qazancım da yaxşı olur. Gün ərzində təxminən 9-10 lari (4-5 manat – L.M.) qazana bilirəm və bu da ailəmi dolandırmağa az da olsa yetir.

Qeyd edək ki, Azərbaycandan olduğumuzu bilən Valeri gurcu musiqisini dəyişərək turk müğənnisi Mustafa Sandalın “Onun arabası var” mahnısını rusca ifa etməyə başladı. Üstəlik, bizimçün “Sarı gəlin”i də ifa etdi. Onu da dedi ki, bu musiqi gurcü, azərbaycanlı və ermənilərin ortaq musiqisidi.  Özümüzü saxlaya bilməyib Valeri Lizenkoya etiraz etməyə məcbur olduq. Ona “səhviniz var, “Sarı gəlin” sırf Azərbaycan mahnısıdır” dedik. Valeri isə gülümsəyərək “bilirəm, amma bu mahnı o qədər gözəldi və Qafqazda hər bir xalq tərəfindən o qədər çox ifa olunub ki, artıq hamı onu qeyri-rəsmi olaraq ortaq musiqi sayır” dedi.

Polislər əlləriylə gözəl ifa etdiyimizi bildirirlər

Kuklaların “dili” ilə ifa edən Paata və dostunu da Gürcüstandakı işsizlik bu sahəyə gətirib. Paata  deyir ki, əvvəllər Opera və Balet Teatrında işləyib. Artıq 3 ilə yaxındır ki, dostuyla birgə Tiflis küçələrində ifa edir. Dediyinə görə, onların məqsədi sadəcə küçədə ifa edib pul yığmaq deyil.

- Həm də musiqimizi yaşatmaq istəyirik. Buna görə də arada ölkə xaricinə getməyi planlaşdırırıq. Öncə yaxın qonşumuz olan Türkiyəyə getməyi düşünürük. Deyirlər ki, orda belə musiqilərə dəyər verirlər. Əslində Bakıya da getməyi planlaşdırırdıq, amma eşitdiyimizə görə, orda polis icazə vermir.

Dediklərinə görə, Tiflisdə heç kim onlara dəyib-dolaşmır.

- Hətta parlament binasının önündə çalmağıma və ətrafıma bir çox insanın toplşmağına baxmayaraq, polislər maşınlarını uzaqda saxlayıb mənə əlləriylə çox gözəl ifa etdiyimi bildirirlər.

“Barda ifa edəndə səni bir qrup insan dinləyir, amma küçədə…”

31 yaşlı Georgi də həmkarları kimi əvvəllər yalnız küçədə ifa edirmiş. Hazırda isə Tiflisin tanınmış barlarının məşhur ifaçılarındandır. Hazırda barda kifayət qədər yaxşı pul qazansa da, 15 yaşından karyerasına küçədən başlayan Georgi küçədəki dinləyicilərini də unutmayıb. Hərdən gitarasını qoltuğuna vurub yeraltı keçidlərdə də ifa edir.

- Vaxtım olanda  yeraltı keçidlərdə də çalıb-oxuyuram. Bunu pul qazanmaq üçün yox, zövq aldığımdan  edirəm. Barda ifa etməklə küçədə ifa etmək arasında böyük fərq var. Barda ifa edəndə səni yalnız bir qrup insan dinləyir. Amma küçədə gün ərzində minlərlə insan dayanıb dinləyə bilir.

 

Parlamentin qarşısında ifa etsək də, heç kim bizə dəyib-dolaşmır.

 

"Barda ifa etməklə küçədə ifa etmək arasında böyük fərq var"

 

Valeri Lizenko: "Yaxşı ifa edib dinləyici toplaya bilirəmsə, qazancım da yaxşı olur"

 

Küçə musiqiçilərinin məzhəkəsi.

 

Yeraltı keçiddə çal-çağır.

 

Küçə musiqisinin balaca seyrçisi.

Lalə Musaqızı, Ülviyyə Quliyeva

Tiflis, Gürcüstan

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir